Müxalifət Consondan Trampın hərəkətlərini pisləməyi tələb edir

Dünya

04.06.2020 - 16:06

Liberal Demokratlar Partiyasının 40 deputatı Baş Nazirin səssizliyini tənqid edib

 

İngiltərənin “Parlament müxalifəti”nin üzvləri Baş Nazir Boris Consonu ABŞ-dakı etirazçılara qarşı Prezident Donald Trampın hərəkətlərini pisləməyə çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, Liberal Demokratlar Partiyasından olan 40 deputat Baş Nazirin səssizliyini tənqid edib.

 

Onların fikrincə, rəsmi Londonun ABŞ Prezidentinin davranışlarını pisləməməsi rüsvayçılıqdır. Müxalifətçilər hesab edirlər ki,  Tramp polis zorakılığı səbəbindən etiraz edənlərə qarşı daha sərt siyasət tətbiq edir, etirazçıları və jurnalistləri döydürür, onları atəş açmaqla hədələyir.

 

Conson isə ABŞ-da kütləvi etirazlara səbəb olan qaradərili Corc Floydun ölümünü “bağışlanmaz səhv” və “dəhşətli hadisə” adlandırıb. “Mən insanların baş verənlərə etiraz etmək hüququnu çox yaxşı başa düşürəm. Buna baxmayaraq, etirazın qanuni və ağlabatan bir şəkildə keçirilməsinin tərəfdarıyam”, - deyə Baş Nazir deyib.

 

Qeyd edək ki, dünən Londonda bir qrup etirazçı ABŞ-dakı polis zorakılığına və irqçiliyə qarşı aksiya keçirib. Etitazçılar Böyük Britaniyanın Baş Nazirinin iqamətgahını mühasirəyə alıblar. Polis binanı bağlayıb və etirazçılara içəri girməyə çalışmamaq çağırışı edib.

 

Xatırladaq ki, Corc Floydun Minneapolisdə qətli ilə əlaqədar polis vəhşiliyinə qarşı etiraz aksiyaları ABŞ-ın müxtəlif yerlərində on gündür ki, davam edir. Ölkədəki iğtişaşlar 12 nəfərin ölümü ilə nəticələnib.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar