Təhsil Nazirliyinin rəsmisi müsabiqə ilə bağlı bütün suallara aydınlıq gətirib
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilib. Bu gündən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb. Qeydiyyat prosesi iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.
AYNA xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqə haqqında canlı yayımda bütün detalları açıqlayıb.
Nazirlik rəsmisi bildirib ki, müsabiqənin keçirilməsi üçün təxminən 17 şəhər və rayonda 29 mərkəzdə keçirilməsi üçün yerlər müəyyənləşib. Onun sözlərinə görə, hazırda qeyd edilən rəqəmlərin dəyişməsi gözlənilir: “Həmin rayonlarda namizədlərin imtahana gediş-gəliş məsələsi ilə bağlı araşdırmalar aparılır. Test imtahanının keçirilməsinə bir neçə gün qalmış, yəni qeydiyyat başa çatana yaxın namizədlərin şəxsi kabinetinə yerlərlə bağlı ətraflı məlumat göndəriləcək”.
Bağırov qeyd edib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər: “Ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət edən 56 min nəfərdən 42 min nəfəri test mərhələsində iştirak edib. Bu gün pandemiya dövrünü nəzərə alsaq, namizədlərin bir mərkəzdə bu şəkildə iştiakı mümkün deyil. Buna görə də, müraciət edən namiziədlərin imtahanlarda iştirakı fərqli şəkildə təşkil ediləcək”.
O bildirib ki, cari ildə iştirakçı sayı məhdudlaşdırılmaqla bir neçə məkanda imtahanlar keçiriləcək: “Bu istiqamətdə texniki təchizat işlərinə artıq start verilib. Səhər saatlarından başlayaraq, bu saata qədər 3 mindən artıq müraciət edilib. Sanitar-epidemioloji vəziyyət uyğun olarsa, yenidən müsabiqə təşkil edilə bilər”.
“Tədris ili sentyabrın 15-də başlayacaq. Vakansiyalara peşəkar kadrların seçilməsi önəmlidir. Bunun üçün də müsabiqənin bütün mərhələləri başa çatdırılmalıdır. Yerdəyişmə müsabiqəsində 8 minə yaxın vakansiya elan olunub. Vakansiya ilə bağlı seçim mərhələlərinin avqust ayının sonuna yaxın zamanda elan olunması gözlənilir. Düşünmürəm ki, say hazırkı rəqəmlərdən aşağı olsun”, - deyə Bağırov vurğulayıb.
Nazirlik rəsmisi bildirib ki, Təhsil Nazirliyinin bütün qurumlarında kifayət qədər əməkdaş çalışır: “Bakı şəhərində böyük bir məkanda imtahan zamanı 100-ə yaxın əməkdaş cəlb olunurdusa, müxtəlif ərazilərdə 30-40 müəllimin iştirakı ilə keçirilən zala 3-4 nəzarətçi bəs edəcək. İmtahana nəzərət prosesi bütün hallarda şəffaf şəkildə keçiriləcək. İmtahan iştirakçıları buna görə narahat olmasın. Müəllimlərin işə qəbulu ilə bağlı imatahanlar yenə də şəffaf şəkildə keçiriləcək. Nazirliyin bu məsələyə nəzarət üçün cəlb edəcəyi kifayət qədər əməkdaşı var".