MSK susur, müxalifətin qulağı səsdə: 4 dairənin aqibəti bəlli deyil

Siyasət

25.06.2020 - 20:07

Növbədənkənar seçkilərdə nəticəsi ləğv edilən dairələrdə təkrar seçkilərin keçirilib-keçirilməyəcəyi sual altındadır

 

Bu il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri elan ediləndə məlum oldu ki, 4 seçki dairəsinin nəticəsi qanun pozuntuları və neqativ hallara görə ləğv edilib. Belə ki, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən, lider namizəd Çingiz Qənizadə olan 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin, lider namizəd Hadı Rəcəbli olan 74 saylı Lənkəran kənd Seçki Dairəsinin, lider namizəd Rauf Arifoğlu olan 35 saylı Xətai üçüncü Seçki Dairəsinin və lider namizəd Hüseynbala Mirələmov olan 33 saylı Xətai birinci Seçki Dairəsinin nəticələri ləğv edildi.

 

Hələlik nəticəsi tanınmayan seçki dairələrində təkrar seçkilərin nə zaman keçiriləcəyi məlum deyil. MSK-dan AYNA-ya bildirilib ki, bununla bağlı qurumun iclası keçirilməyib. Toplantının nə vaxt keçiriləcəyi də bəllli deyil: “Gərək MSK toplansın, qərar versin, ondan sonra təkrar seçkilər və onun tarixi haqqında nəsə söylənilsin. Hələlik belə bir iclas və qərar yoxdur”.

 

Müxtəlif mülahizələrə görə, koronavirus pandemiyası bitəndən sonra həmin dairələr üzrə təkrar seçkilər həyata keçiriləcək. Bəziləri isə ehtimal edirlər ki, həmin dairələrə seçkilər ümumiyyətlə keçirilməyəcək, buna ehtiyac da qalmayacaq. Çünki, payızda Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçirilməsi gözlənilir ki, dəyişikliklərdən biri də qarışıq seçki sisteminə keçiddir. Yəni ki, ümumxalq səsverməsindən sonra seçkilər yarı majoritar qaydada keçirilsə də, proporsional sistem bərpa olunacaq və yarı da bu sistemlə keçiriləcək. Əgər Konstitusiya dəyişikliyi baş tutarsa, o zaman yenidən növbədənkənar Milli Məclis seçkiləri keçirilməlidir.

 

Azərbaycanın müxalif siyasi partiyaları da 4 dairədə təkrar seçkilərlə bağlı hələlik qərarsızdır. Bir çox partiyalar, qərar veriləndən sonra ona uyğun davranış sərgiləyəcəyini bəyan edir. AYNA məsələ ilə bağlı bir neçə partiya rəhbərliyinin mövqeyini öyrənib.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, partiya olaraq bütün seçkilərdə iştirak etmək niyyətləri var: “Ümumiyyətlə, partiyanın qərarı var ki, bütün seçkilərdə iştirak edək. Yəqin ki, təkrar seçkilərə də qatılacağıq. Partiyanın Ali Məclisi təkrar seçki keçiriləcək dairələrlə bağlı müzakirə aparıb qərar verəcək. Bundan sonra həmin dairələrdən namizədlərimiz müəyyənləşəcək. Hələlik ləğv edilən dairələrlə bağlı qərar verilməyib, gözləyirik. Seçkilər keçirilərsə, mən özüm yenə də namizəd olaraq əvvəlki, nəticəsi ləğv olunan 35 saylı Xətai üçüncü Seçki Dairəsində mübarizə aparacağam”.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı da hələlik mənzərənin aydınlaşmadığı qənaətindədir: “Hələlik bu barədə danışmaq düzgün deyil. Ola bilər ki, seçki keçirilməsin, çünki hökumətin belə təcrübəsi var. Seçkilərin saxta keçirilməsi, seçki islahatlarının aparılmaması, hökumətin siyasi islahatlarda iradəsizliyi deməyə əsas verir ki, təkrar seçkilərdə də qanun pozuntularının baş verəcəyi şübhəsizdir. Amma təbii ki, ləğv edilən dairələrdə təkrar seçki keçiriləcəyi elan olunsa, partiyada müzakirə edilib, müvafiq qərar veriləcək. Qərara uyğun da addımlar atılacaq”.

 

Digər müxalif partiyalar - Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), AĞ Partiya, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və bir çox siyasi qurumlar da qərar üçün MSK-nın elanını gözləyir. Ondan sonra öz aralarında iclas keçirib, qərar verəcəklərini deyirlər. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) kimi qurumlar isə əvvəlki kimi, seçki sistemi dəyişməsə, boykot qərarında qalacaqlarını bildirib.

Müəllif: Anar Bayramoğlu