Milliləşdirək, ya milliləşdirməyək?

İdman

06.08.2024 - 13:53

Həkimlər Klinikalar SEO Xidməti

Reallıqla barışmaq və bu reallqdan maksimal nəticə əldə etməyə çalışmaq lazımdır

2024-cü il Yay Olimpiya oyunlarının sona çatmasına hələ bir neçə gün qalıb, lakin indidən Azərbaycan idmanının Parisdə uğur qazandığını tam əminliklə söyləyə bilərik. Cüdo yarışlarında 73 kq çəki dərəcəsində Hidayət Heydərovun, 100 kq çəki dərəcəsində isə Zelim Kotsoyevin çempionluq yürüşü, daha sonra isə 92 kq çəki dərəcəsində boksçumuz Alfonso Dominqesin uğuru olimpiyaçılarımızın 8 illik qızıl medal həsrətinə son qoydu.

Belə ki, 2020-ci il Olimpiya oyunlarında təmsilçilərimiz heç bir idman növündə ən yüksək pilləyə sahib çıxa bilməmişdilər. Tokiodan idmançılarımız vətənə 3 gümüş, 4 bürünc medalla dönmüşdülər. 4 il öncə isə Azərbaycan idmanı 1 “qızıl”a sevinmişdi: Rio-de-Janeyroda təşkil olunan Olimpiya oyunlarında taekvondoçumuz Radik İsayev bütün rəqiblərini üstələyərək maksimal nəticə göstərmişdi.

...“istedadımız” da

Düşünmək olardı ki, belə bir triumfun qarşılığında azarkeşlərimiz, idman ictimaiyyətimiz, elə mediamız da müsbət və pozitiv notlara köklənəcək, qəhrəmanlarımızın şəninə difiramblar söyləniləcək. Amma həmişə olduğu kimi, biz yenə də istənilən uğura kölgə salmaq “istedadını” bir cəmiyyət olaraq ortaya qoyduq. Əsas irad da istər qalib idmançılarımız, istərsə də digər növlərdə Azərbaycan bayrağı altında çıxış edənlər sırasında legionerlərin, yəni milliləşdirilmiş idmançıların təmsil olunması ilə bağlıdır.

Yaranmış vəziyyətdə, milli kinematoqrafımızın klassikası sayıla biləcək “Bəyin oğurlanması” filmində mərhum Mirzə Babayevin qəhrəmanının söylədiyi sözlər ilə ifadə etsək, “nə üçün bizdə o əjdahadan yoxdur?” sualını dilə gətirməliyik. Bəziləri əcnəbilər hesabına medal qazanmağın idman prinsiplərinə, ədalətə zidd olduğunu söyləyirlər, nə üçün Azərbaycanın özündə çempionların yetişdirilmədiyini sorğulayırlar. Təbii ki, əks mövqedə olanlar, Azərbaycan təmsilçilərinin qalibiyyətlərinə səmimi qəlbdən sevinənlər də var.

Bəs reallıq necədir? Kimdir haqlı? Milliləşdirmə yaxşıdır, ya pis? Bu prosesin müsbətləri və mənfiləri hansılardır? Və bu yalnız Azərbaycana xas olan tendensiyadırmı?

Ruslar belə edirlərsə...

Bu suallara cavab verməyə sonuncudan başlamaq istərdik. Və nümunə üçün uzağa deyil, qonşu Rusiyaya müraciət edək. Yəqin ki, hətta idmanla yaxından maraqlanmayanlar da Tatyan Navka adını eşidiblər. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı Ukraynanın Dnepropetrovsk (hazırda Dnepr) şəhərində dünyaya göz açıb. Daha sonra ötən əsrin 90-cı illərinin sonlarına qədər Belarusun fiqurlu konkisürmə üzrə komandasının şərəfini qoruyub. Olimpiya çempionu titulunu isə Rusiya bayrağı altında qazanıb.

Yenə də Rusiyanın fiqurlu konkisürənləri barədə mövzunu davam etdirərək, 2000-ci illərdə planetin ən güclü cütlüyü sayılan, milliyyətcə rus olan Aleksandr Smirnovu və Yaponiyada anadan olan Yuko Kavaqutini xatırlamaq olar.

Ümumiyyətlə Rusiya milliləşdirmə mövzusu üçün ideal nümunədir. 2018-ci il Qış Olimpiya oyunlarında cənubi koreyalı və amerikalı idmançılar rusların medal kolleksiyasına 5 medal ərməğan etdilər. Sənədlərini dəyişdirərək Viktor An olmuş koreyalı An Xen Su şort-trekdə 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacardı, amerikalı Vik Uayld isə snoubordda 2 “qızıl”a sahib çıxdı.

Belə misalları çox göstərmək olar. Və hələ nəzərə alaq ki, biz yalnız Rusiyadan söz açdıq. Dünyada isə belə nümunələr “N” qədərdir. Deməli...

Deməli “nə üçün bu boyda Azərbaycanda bir istedad tapıb ortaya çıxarmırlar” iradı o qədər də kəsərli deyil. Çünki Rusiya kimi dünyanın ən nəhəng məmləkətinin idman başbilənləri milliləşdirmədən istifadə edərək vətənlərinə medal qazandırırlarsa, Azərbaycanda bu yolla gedənlərin bostanına daş atmaq, ən azından insafsızlıq olardı.

Reallıq

Təbii ki, heç kim Azərbaycanda idmanın inkişaf etdirilməsinin, fitri istedadların aşkarlanıb üzə çıxarılmasının əleyhinə deyil. Əksinə, bu, çox gözəl olardı. Amma kütləvi idmanla, əhalinin ümumi sağlamlığı ilə böyük yarışlar, peşəkar idman arasındakı fərqi sezmək lazımdır. Həmçinin bir reallığı mütləq nəzərə almaq və müəyyən məsələlərdə müəyyən qədər realist olmaq lazımdır. İdman artıq çoxdandır ki sadəcə idman və əyləncə statusundan məhrum olub. Nə qədər bunun əleyhinə çıxılsa da, nə qədər mübarizə aparılsa da, hər ötən gün idman, xüsusən də böyük idman yarışları siyasiləşməkdə davam edir. Kimsə də bunu inkar etmək istəsə, sadəcə müxtəlif miqyaslı turnirlərdə Azərbaycan və Ermənistan təmsilçilərinin mübarizəsini yada salmaq kifayətdir.

Və bu baxımdan da Olimpiya oyunları kimi mötəbər yarışlarda bir zamanlar “nəticə əsas deyil, əsas iştirakdır” şüarı artıq çoxdan arxa plana keçib. Həqiqətən də, bu gün kimsə ötən illərin Olimpiya oyunlarında milli komandaların medal cədvəlinə nəzər salsa, orada quru rəqəmlər və medalların əyarını müşahidə edəcək. Ölkəyə uğuru konkret hansı idmançının gətirməsi isə artıq təfərrüatdır. Əbəs yerə futbolda belə bir deyim uzun illərdir ki aktuallığını qoruyub saxlamır – “oyun unudulur, nəticə isə qalır”.

Bir daha təkrar edək: heç kim Azərbaycan miqyasında “ulduzların” aranmasının və yetişdirilməsinin əleyhinə deyil. Bu proses də getməli və daim inkişaf etdirilməlidir. Amma onu da nəzərə almaq lazımdır ki, 2024-cü Yay Olimpiya oyunları bir daha təkrarlanmayacaq. 2028, 2032, 2034 olacaq, amma 2024 – heç vaxt. Və geriyə dönüb Paris Olimpiadasının tarixini heç kim yenidən yazmaq iqtidarında deyil.

Nəticə! Budur əsas tələb və göstərici. O da ki, şükür Allaha, var. Ümid edək ki, qarşıdakı illərdə Olimpiya oyunlarına, dünya və Avropa çempionatlarına yollanan komandalarımızın heyəti büsbütün yerli idmançılardan formalaşdırılacaq. Hələliksə... Reallıqla barışmaq və bu reallqdan maksimal nəticə əldə etməyə çalışmaq lazımdır.

Müəllif: Polad Xudayarlı

Pin up casino Pin-up casino giriş