Millimiz səfərdə Kiprə qalib gəlib

İdman

09.09.2020 - 02:17

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan 3 xalla 3-cü pillədə yer alıb

 

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. 

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, C Liqasında 1-ci qrupun II tur matçında rəqib Kipr millisi olub. Nikosiyadakı GSP stadionunda təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 29-cu dəqiqədə kapitan Maksim Medvedev vurub. 

 

Baş məşqçi Canni De Byazi Bakıda Lüksemburqa 1:2 hesabı ilə uduzduqları görüşlə müqayisədə start heyətində və taktiki düzülüşdə dəyişiklik edib. Bu dəfə Azərbaycan millisi meydana 4-4-2 yox, 3-4-3 düzülüşü ilə çıxıb. Qapını yenə Emil Balayev qoruyubsa, müdafiənin mərkəzində Anton Krivotsyuk, Bəhlul Mustafazadə və Bədavi Hüseynov yer alıb. Onların önündə Qara Qarayev və Elvin Camalov dayaq yarımmüdafiəçiləri qismində çıxış edibsə, Abbas Hüseynov sol, Maksim Medvedev sağ cinahda qərarlaşıb. Hücum xəttində isə sivri ucdakı Ramil Şeydayevə Təmkin Xəlilzadə sağdan, yığmada ilk rəsmi matçına çıxan Rəhim Sadıxov isə soldan dəstək verib. 

 

Görüş Azərbaycan millisinin hücumları ilə başlayıb. Ardıcıl hücumlar Kirp yığmasının qapısı qarşısında çoxsaylı təhlükəli vəziyyətlərin yaradılması ilə nəticələnib. Bunların əksəriyyətində dəqiqlik çatmayıbsa, bəzilərində rəqib qapıçı Xaralambos Kiriakidis qola imkan verməyib. Lakin 29-cu dəqiqədə o, Medvedevin zərbəsinin qarşısını ala bilməyib. Nəticədə qonaq komanda hesabda önə keçib. 

 

Bu qoldan sonra da Azərbaycan yığması hücumlarını davam etdirib. Fasilə ərəfəsində fərqi artırmaq üçün əlverişli imkandan Şeydayev yararlana bilməyib. 

 

İkinci hissədə meydan sahibləri oyunda dönüş yaratmağa, qonaqlar isə tempi aşağı salmağa və hesabı qorumağa çalışıb. Nəticədə fasilədən sonra oyun sönük alınıb. Kipr yığmasının ən təhlükəli hücumunun qarşısını Medvedev alıb.

 

De Byazi 59-cu dəqiqədə Camalovun əvəzinə Coşqun Diniyevi, 64-cü dəqiqədə Xəlilzadənin yerinə Araz Abdullayevi buraxıb. Bu dəyişikliklərdən sonra Azərbaycan yığması mərkəzdə topu saxlamağa və rəqib hücumlarının qarşısını almağa çalışıb. 77-ci dəqiqədə isə hücum xəttində Namik Ələskərov Sadıxovu əvəzləyib. Bu dəyişiklik isə əks-hücumlarda daha fəal olmağa hesablanıb. 

 

Görüşün sonları rəqibin ərazi üstünlüyü şəraitində keçib. Hücumların qarşısını alarkən, milli üzvlərindən Abbas Hüseynov 21-ci, Krivotsyuk 76-cı, Bədavi Hüseynov isə 82-ci dəqiqədə sarı vərəqə alıb. İnamla müdafiə olunan milli qələbə hesabını sonadək qorumağı bacarıb. Beləliklə, Kipr Monteneqroya 0:2 hesablı məğlubiyyətin ardından Azərbaycana da uduzaraq, yeganə xalsız komanda kimi son pillədə qərarlaşıb. Azərbaycan isə 3 xalla 3-cü pillədə yer alıb. Qrupda ilk pillədə səfərdə Lüksemburqu yenən Monteneqro 6 xalla qərarlaşıb. 3 xala malik Lüksemburq isə 2-cidir.  

 

Qeyd edək ki, bu, Azərbaycan yığmasının yubiley - 50-ci qələbəsi olub.

Müəllif: Ayna.az