Milli Məclisdə Tofiq Yaqubludan danışılıb: “İşlər görmüşük”

Siyasət

17.09.2020 - 11:58

Bəhruz Məhərrəmov: “Məhkəmənənin işinə müdaxilə etməməliyik”

 

Zahid Oruc: “Hakimiyyət Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil”

 

Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında həbsdə olan Müsavat Partiyasının üzvü, siyasi fəal Tofiq Yaqublunun aclıq aksiyasından danışılıb. AYNA-nın xəbərinə görə, komitənin üzvü, deputat Bəhruz Məhərrəmov deyib ki, nə Tofiq Yaqublunun, nə də digər vətəndaşımızın həbsdə qalmasını arzuolunan deyil.

 

“Xüsusən də Qarabağ qazisinin. Mən medianı, cəmiyyəti məhkəmənin işinə müdaxilə etməməyə çağırıram. Hakim müstəqildir. Hesab edirəm ki, məhkəmənin icraatında olan məsələlərə biz təsir göstərməməliyik. Bu məsələdə medianı da diqqətli olmağa çağırıram. Məhkəmənənin işinə müdaxilə etməməliyik”, - deyə millət vəkili vurğulayıb.

 

Komitə sədri Zahid Oruc isə bildirib ki, hakimiyyət T.Yaqublunun səhhətinin pisləşməsində maraqlı deyil: “Tofiq Yaqublu 5 il deputat köməkçisi işləyib, əyani olaraq tanıdığımız biridir. Bizə olan müraciətlərlə bağlı artıq işlər görmüşük. Bu gün Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var. Dünən Azərbaycanla bağlı “Facebook” üzərindən araşdırmalara başlaması başlığı ilə məqalə dərc edilib. Burada hökumətin trol yaratması məsələsinin araşdırıldığı deyilir. Hakimiyyətə, hakimiyyət orqanlarına qarşı milli tərkibi bəlli olmayan qüvvələrin total hücumları var. Araşdırmaq istəyirlərsə, bunu araşdırsınlar. Bu gün nəhəng sosial şəbəkə şirkətinin nümayəndələri ilə bağlı addımlar atılmalı idi. Bu proqramlar informasiya məkanında nüvə silahı kimidir. Son aylarda biz onu görürük”.

 

Xatırladaq ki, T.Yaqublu xuliqanlıq və zərər çəkmiş şəxsə zor tətbiq etmək maddələri üzrə 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib. İttihamı qəbul etməyən Yaqublu həbsxanada ölüm aclığına başlayıb. Artıq o, 16 gündür aksiyanı davam etdirir. Səhhətində problem yaranan siyasi fəal mülki xəstəxanaya – “City Hospital”a köçürülüb. Hazırda Yaqublu orada müalicə alır. Ailəsindən verilən məlumata görə, T.Yaqublunun səhhəti pisləşib. Ona dünən qan köçürülüb. 

Müəllif: Ayna.az