Milli Məclisdə gələn ilin büdcəsindən narazılıq: “10 milyon əhalisi olan ölkə üçün bu büdcə kiçikdir”

İqtisadiyyat

14.11.2023 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi davam edir: deputatlar hökumət üzvlərinə çağırışlar ediblər

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi davam edib. Bu gün keçirilən iclasın gündəliyinə ümumilikdə 14 məsələ daxil edilib. Toplantıda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digər hökumət nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur.

İclasda deputatlar büdcə zərfi ilə bağlı fikirlərini səsləndirib, hökumət nümayəndələrinə təkliflərini veriblər.

“Universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar”

Millət vəkili Ceyhun Məmmədov deyib ki, ali təhsil müəssisələrinin adambaşına maliyyələşməsi sisteminə yenidən baxılmalıdır. Onun sözlərinə görə, bu gün universitetlər tələbədən təhsil haqqını alır və onun hesabına universitetləri saxlamağa çalışırlar: “Belə olan halda universitetlər daha çox tələbə sayını artırmaq barədə düşünürlər. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə də baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır. Həyata keçirilən islahat nəticəsində orta məktəb müəllimlərinin maaşı artırılıb. Amma bir sıra ali təhsil müəssisələrində maaş orta məktəb müəllimindən aşağıdır. Hesab edirəm ki, bu məsələ aradan qaldırılmalıdır. Universitetlərin tədqiqat yönümlü fəaliyyətinin dəstəklənməsi üçün əlavə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılmalıdır”.

“Əlbəttə, son illər Prezident İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkəmizdə yüzlərlə məktəb inşa və təmir olunub. Lakin bu gün ölkədə təxminən 800 məktəb təmirsiz vəziyyətdədir. Düzdür, bir ilə bütün məktəbləri təmir etmək mümkün deyil, amma müddəti qısalda bilərik. 10 ilə deyil, daha qısa müddətə təmir işini yekunlaşdıra bilərik”, - deputat vurğulayıb.

Deputatdan etiraz: “Cənab Prezidentin ayırdığı bu pullar nəyə xərclənir?”

Müzakirələr zamanı deputat Hikmət Məmmədov bildirib ki, büdcədə müdafiə və milli təhlükəsizlik xərclərini artırılması hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi baxımından çox vacibdir: “Bu gün Ermənistanı Fransa və digər ölkələr silahlandırır. Bunu nəzərdən qaçırmamalıyıq. Ona görə də müdafiə və təhlükəsizlik sahəsinə vəsaitin artırılması vacib amildir”.

H.Məmmədov tariximizi öyrənmək baxımından qüsurlu halların olduğunu da deyib: “Bu gün Qərbi Azərbaycana qayıdış müzakirə olunur ki, belə bir vaxtda tariximizi öyrənmək aktuallaşır. Biz bu gün tariximizi orijinal mənbədən oxumuruq. Sovet ideologiyasının təsiri altında tarixdə bizlə bağlı olan hissələr dəyişdirilib, çıxarılıb. Bizlə bağlı olan tarixi mənbələri biz orijinal dildən tərcümə edən kadrlar hazırlamalıyıq. Belə olmasa biz tariximizi öyrənə bilməyəcəyik. Sistemli şəkildə ermənilər bizim tariximizi, xüsusilə xristian dövrünü təhrif edirlər. Bu faktdır ki, bizim ulu babalarımız xristianlığı qəbul ediblər. Həmin dövr bizdə tədqiq olunmayıb, o dövrün dili tədqiq edilməyib. Bizdə həmin dövrün abidələrinin üzərini oxuyan mütəxəssis yoxdur. Bu sahəyə ciddi diqqət edilməlidir. Mütəxəssis yoxdursa, cənab Prezidentin ayırdığı bu pullar nəyə xərclənir?”.

“Sosial sahəyə ayrılan vəsaitlər o demək deyil ki, biz işləməyəcəyik”

Deputat həmçinin sosial yardımlarla bağlı məsələyə toxunub və bildirib ki, bu sahədə də müəyyən boşluqlar var: “Bu gün sosial sahədə aparılan islahatlar, sosial sahəyə ayrılan vəsaitlər o demək deyil ki, biz işləməyəcəyik. İctimai rəydə formalaşmış fikirləri dəyişməliyik. Bunun üçün iş yerlərini artırmalıyıq. Beləliklə dövlətdən yardım uman şəxslər fikirlərini dəyişər. İndi insanlara elə gəlir ki, sosial dövlət olaraq hökumət bizə pul verəcək, biz də işləməyəcəyik. Bu, belə deyil”.

“Bundan başqa, vətəndaşlara kredit güzəştləri edilməlidir. Bununla bağlı Bakıdan uzaqlaşdıqca kredit faizlərini azaltmaq lazımdır. Hesab edirəm ki, bununla həmçinin biz Bakıdam sıxlığı azaltmış olarıq”, - millət vəkili əlavə edib.

“Gələn ilin büdcəsini sülh, dinc quruculuq və yeni inkişaf mərhələsinin başlanğıcı büdcəsi adlandırmaq olar”

Deputat Musa Qasımlı isə xatırladıb ki, ilk dəfə olaraq dövlət büdcəsi bütün ərazilərin işğaldan azad edildiyi, 1991-ci ildən sonra ilk dəfə olaraq dövlət sərhədlərinin üzərində nəzarətin  qurulduğu, suverenliyin tam bərqərar edildiyi bir şəraitdə müzakirə edilir: “Bunlar millətimizin tarixində böyük qürurverici hadisədir. Cənab Prezident İlham Əliyev tərəfindən təqdim olunmuş 2024-cü ilin dövlət büdcə layihəsi ölkəmizin inkişafının bütün istiqamətlərini özündə əks etdirdiyi üçün lehinə səs verəcəyəm. Büdcə layihəsi göstərir ki, ölkəmizdə planlaşdırma və proqnozlaşdırma uğurlu şəkildə aparılır, dövlət başçımızın qarşıdakı ildə müəyyənləşdirdiyi strategiyanı yerinə yetirməyə imkan verir. Bütün mahiyyəti, məqsədləri və ruhu baxımından bu layihə sülhün qorunmasını və dinc quruculuğu nəzərdə tutduğundan müstəqillik tariximizdə bir ilkdir. Ona görə də gələn ilin büdcəsini sülh, dinc quruculuq və yeni inkişaf mərhələsinin başlanğıcı büdcəsi də adlandırmaq olar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dirçəliş işləri bizim milli-dövlət məsələmiz, yaxın illər üçün milli ideyamız olduğundan bütün diqqətimizin quruculuğa yönəldiməsi və vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıdışının planlı şəkildə tezliklə təmin edilməsi tarixi vəzifədir. Bir neçə ildən sonra 140 min nəfər vətəndaşımızın doğma yurd yerlərinə qayıtması, yaradılacaq infrastruktur və iş yerləri ölkəmizin iqtisadi gücünə əlavə güc qatacaqdır”.

Millət vəkili hökumət nümayəndələrindən xahiş etdi

M.Qasımlı deputat seçildiyim 72 saylı Yardımlı-Masallı seçki dairəsinin seçicilərinin istəklərini də səsləndirib: “Yardımlı rayonu əhalisinin bir qismi su sarıdan korluq çəkdiyindən Qaraqaya və ya Dağüzü kəndlərində hər iki tərəfi sıldırım qayalıqlar olan çaylardan birində bənd tikilməsi su probleminin birdəfəlik həll edilməsinə və kənd təsərrüfatının inkişafına kömək etməzdimi? Seçicilərimin digər bir xahişi kəndlərin təbii qazla təmin olunmasıdır. Adları artıq hökumətin sənədlərinə salınmış, planlaşdırılmış kəndlərə təbii qaz xəttinin çəkilməsi meşələrin qırılmasının qarşısını almazdımı?”.

“Rayon kəndlərində ən müasir məktəblər tikilsə də, insanların şəhərə gəlməsi nəticəsində şagirdlərin sayı azalır, məktəblərin bağlanması təhlükəsi yarandığından yeni iş yerlərinin açılmasına ehtiyac var. Masallı və Yardımlını birləşdirən, Viləş çayının üstündəki körpü neçə illərdir qəzalı vəziyyətdədir. Hətta bu barədə müvafiq qurumlar bir lövhə də asıblar. Ancaq indiyədək körpü bərpa edilmir və ya tikilmir. Körpü uçarsa əlaqə kəsiləcək. Bu məsələyə diqqət yetirməyi hökümətimizdən xahiş edirəm”, - deputat əlavə edib. 

Millət vəkili: “Son vaxtlar sanki durğunluq dövrünə qədəm qoymuşuq”

Deputat Qüdrət Həsənquliyev isə çıxışı zamanı deyib ki, nəzərdə tutulan büdcə kiçikdir: “Təəssüf ki, 10 milyon əhalisi olan ölkə üçün 34 milyard manat gəlirləri olan büdcə olduqca kiçikdir. Onun da çox hissəsi Dövlət Neft Fondundan transferdir. Əgər Dövlət Neft Fondundan transferlər çıxılarsa, 2024-cü ilin büdcəsi 2022-ci illə müqayisədə azdır. Hesab edirəm ki, iqtisadiyyatmızın neft gəlirlərindən asılılığına son qoyulması üçün ciddi islahatlar həyata keçirməliyik”.

“Son vaxtlar sanki durğunluq dövrünə qədəm qoymuşuq. Azad edilmiş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manatlıq satınalamalar keçirilir. Dövlət iqtisadiyyatda fəal iştirak etməli deyil, sadəcə tənzimləyici xarakter daşımalıdır”, - millət vəkili əlavə edib.

Q.Həsənquliyev əlavə edib ki, büdcəyə əlavə vəsait cəlb edə biləcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakıda 1000-ə qədər qəzalı bina olduğu bildirilir. Amma sahibkarlar bina tikmək üçün yer tapmır, xaricə üz tuturlar. Kimlərsə bu yerləri alıb, amma tikmirlər. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud övladına, nəvəsinə yeni mənzil almaq istəyir”.

“Qəzalı binaların söküntüsü məsələsi gündəmdə olsa da, təqdim olunan sənədlərdə təhriflərə yol verilir. Tarixi tikililər olan ərazidə, qəzalı bina olmayan yerdə yeniləri tikilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəy Bakı Şəhər İcra Hakimiyyətinin rəyindən fərqlidir. Tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bu, bütün dünyada belədir”, - millət vəkili vurğulayıb.

Deputatdan təklif: Müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın”

Deputat Vahid Əhmədov Bakı-Quba ödənişli yolunda tariflərin çox yüksək olmasından şikayətlənib: “Azı 2-3 dəfə rayonda olmuşam, amma yolda maşın olmayıb. İndi sadəcə beynəlxalq yükdaşıyan maşınlar o yoldan istifadə edir. Hesab edirəm ki, ödənişli yolda tariflərə yenidən baxılması zəruridir, bu tariflər endirilməlidir”.

“Mən hökumətdən xahiş edirəm ki, müharibə veteranlarına 80 manat müavinət məbləğinə yenidən baxılsın və hərbçilərin xidmət stajının 20 ildən 25 ilə qaldırılması ilə əlaqədar bu yalnız qanun qəbul ediləndən sonrakı şəxslərə şamil edilsin”, - deyə Əhmədov əlavə edib.

Deputat eyni zamanda səhmləri əsasən dövlətdə olan dövlət şirkətlərinin özəlləşdirilməsi tədricən həyata keçirilməli olduğunu diqqətə çatdırıb: “Həmin şirkətlərə dövlət büdcəsindən vəsaitin azaldılmasına və gələcəkdə özünü maliyyələşdirməsinə nail olunmalıdır. Belə şirkətlər kifayət qədər çoxdur”.

Gələn ilin büdcə müzakirələri deputatların çıxış və təklifləri ilə davam edib.

Müəllif: Anar Bayramoğlu