Devalvasiya panikasından çıxış yolu və ya 6 aylıq resept

İqtisadiyyat

11.03.2020 - 13:03

Gerçək islahatlarla bağlı qərarlar cəmiyyətdə istənilən miqyasda panikanı yatırmaq üçün ən təsirli çıxış yoludur

 

Ekspertlərin "niyə əlində 300-500 manatı olan da dollar almağa qaçır" yanaşması doğru deyil. Hər kəs əlindəki aktivinin dəyərini qorumağa çalışır - kimisi milyonlarını, kimisi 300-500 manatını.

 

Hələ orasını demirəm ki, insanlar əllərində olanı qorumaqdan savayı, imkan olduqca onu artırmaq, dəyərə mindirmək fürsətini də əldən buraxmırlar. Bu, insan təbiəti üçün son dərəcə xarakterik bir xüsusiyyətdir.

 

Arqument budur ki, “2-3 gündən sonra xərcləyəcəyin pulu niyə dollara çevirirsən, axı məzənnə dəyişməsə, ortada mübadilə zamanı 1-2% də itirəcəksən”. Doğrudur, amma əskik tərəfi var bu arqumentin: axı məzənnə yüksəlsə də, qazanacaq, ən azından əlindəki aktivi dəyərdən düşməkdən qoruyacaq.

 

Xüsusilə də nəzərə alaq ki, bu məsələdə 2015-ci ildə hökumət çox ciddi etimad və etibar itkisinə məruz qaldı. Vətəndaşların hamısı iqitsadi prosesləri dəyərləndirə bilən, maliyyə savadlılığı olan insanlar deyil. Hətta bəzən son qərar və seçimlərini peşəkarların məsləhətindən çox öz düşüncələri ilə edirlər.

 

Burda əsas məsuliyyəti bank sektorunun tənzimləyicisinin üzərindən götürüb sadə insanların üzərinə qoymaq yanlışdır - tənzimləyici panikanın davam etdiyi günlərdə zəruri həcmdə ehtiyatlarla bankları təmin etməlidir.

 

Əmin olun, insanlar banklarda məhdudiyyət görməsə, maksimum 2-3 gün ərzində panika sönəcək. Və ardınca gündəlik ehtiyacı üçün saxladığı pulu dollara çevirənlər yenidən banka, onlar isə Mərkəzi Banka qaytaracaq.

 

Nəzərə alın ki, indi 2015-ci il deyil. O zaman 10 il ərzində 3 dəfə artmış, böyük neft pulları əsasında nəhəng manat kütləsi əsasında yığım formalaşmış iqtisadiyyat vardı. Əgər 0.78 manat=1 USD məzənnəsi saxlansa idi, hökumətin əlində olan 50 mlrd. dollardan artıq valyuta ehtiyatını qısa zamanda almağa yetəcək manat kütləsi vardı. Təkcə elə banklarda 10 mlrd. dollar ekvivalentində manat depoziti toplanmışdı, amma indi bu məbləğ 5 mlrd. dollar ətrafındadır.

 

Son 4 ildə Azərbaycan iqtisadiyyatı böyüməyib - 2010-cu ilin qiymətləri ilə milli gəlirin hesablanması göstərir ki, 2019-cu ildə Azərbaycan iqtisadiyyatının real miqyası 2014-cü il səviyyəsində olub. İqtisadiyyat böyüməyibsə, 4 il ərzində valyutaya çevriləcək sandıqaltı manat kütləsinin valyuta bazarı üçün ciddi risk yaratdığını düşünmürəm - bu yığımlar ən yaxşı halda məhdudiyyətsiz dollar satışı olsa belə, mövcud ehtiyatların 15-20% əriməsinə səbəb ola bilər. Amma zəruri ehtiyaclar üçün saxlanan pulları olduğundan, həmin mübadilə edilən vəsaitin bir hissəsi təkrar mübadilə ilə manatdan dollara çevrilərək bank sektoruna qayıdacaq.

 

Bu dediklərim qısamüddətli dövrdə (maksimum 6 aylıq) panikanın yatırılması üçündür. Əlbəttə, ucuz qiymət erası daha uzun sürərsə, o zaman fərqli stiuasiya olacaq və qərarlara ehtiyac yaranacaq.

 

Amma indi bizim üçün ən vacib olan şəraitin daha da aydınlaşması üçün zaman qazanacağımız dövrdə panik duruma yol verməmək, daha stabil iqtisadi şərtlərdə real iqtisadi islahatlarla bağlı ən doğru qərarlar verməkdir. Əmin olun ki, gerçək islahatlarla bağlı qərarlar cəmiyyətdə istənilən miqyasda panikanı yatırmaq üçün ən təsirli çıxış yoludur.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert