“Atılacaq ən real addım nəhəng əczaçılıq şirkətlərinin Azərbaycanda istehsal qurmasına nail olmaqdır”
Hər bir ölkə üçün öz tibb sənayesinin inkişafını təmin etmək vacibdir, çünki bu yol zəruri dərmanların idxalından asılılığı azalda bilər. Pandemiya, mütəxəssislərin fikrincə, bir çox ölkələri bu istiqamətdə hansı addımların atıla biləcəyi baxımından düşünməyə vadar edir. Ancaq indi Azərbaycanda ən sadə dərmanlar belə, idxal edilir və yaxın gələcəkdə bu sahədə nəyinsə köklü olaraq dəyişəcəyinin konturları görünmür.
Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin (DİTM) sədri Nəriman Ağayev AYNA-ya deyib ki, Azərbaycan nə qədər çalışsa da, tibb sənayesi üçün lazım olan məhsulların yalnız 0,1%-ni istehsal edə bilər: “Bu, ən elementar məhsullar - tibbi maskalar, spirt, üçüncü qorunma kateqoriyasına aid tibbi geyimlərdir. Bir vaxtlar ölkədə insulin istehsal edən zavod qurmağı planlaşdırırdılar, lakin bu fikirin əleyhdarlarlı çox olduğundan, rədd edildi. Diabet xəstələri keyfiyyətsiz insulinin istehsal ediləcəyindən qorxurdular ki, bu da onların sağlamlığına mənfi təsir göstərə bilərdi”.
“Əslində, indi inkişaf etmiş cəmi bir neçə ölkədə yüksək keyfiyyətli insulin istehsal olunur. Odur ki, ölkəmizdə dərman sənayesinin inkişafına belə bir mürəkkəb istehsalla başlamaq lazım deyil. Biz heç baş ağrısına qarşı dərmanları bu günə qədər düz-əməlli buraxa bilmirik, xaricdən satın alırıq. Əczaçılıq sənayesinin inkişafına mane olan əsas problemlərdən biri də Azərbaycanda bu sənayeni inkişaf etdirmək üçün müvafiq mütəxəssislərin olmamasıdır. Bunun üçün farmakologiya, əczaçılıq mühəndisliyi inkişaf etdirilməlidir. Biz yalnız bəzi sadə komponentləri istehsal edə bilərik. Məsələn, kamfora spirti, müxtəlif efir yağları istehsal edə bilərik. Əvvəllər bizdə hematogen, “Vişnevski” məlhəmi istehsal edilirdi, bunu indi də edə bilərik”, - həmsöhbətimiz bildirib.
Ağayevin sözlərinə görə, kadr çatışmazlığı ilə yanaşı daha bir problem var: “Bu, Avropa və Amerikadakı əczaçılıq sənayesinin nəhəngləri tərəfindən dərman sənayesini inkişaf etdirməyə imkan verilməməsidir. Azərbaycan kiçik bir bazardır, amma heç kim onu itirmək istəmir. Dərman istehsalı yağlı bir kökə, milyardlarla dollarlıq bir bazardır. Bəzi inkişaf etməkdə olan ölkələr farmakologiyanın inkişafına müvəffəq olur, lakin bunların sayı azdır. Buna misal olaraq, bəlkə də Hindistan və İranı göstərmək olar. Yeri gəlmişkən, sonuncu çox yaxşı və ucuz dərman istehsal edir, lakin onunla maraqları toquşan ölkələr daim bu sahədə mübarizə aparır”.
Dərman sənayesinin maliyyələşdirilməsi, DİTM rəhbərinin fikrincə, elə də böyük problem deyil: “Əsas texnologiyaya sahib olmaqdır, pul tapılacaq. Yerli inhisarçılara dərmanı idxal etmək, yerli istehsalın qurulmasını asanlaşdırmaqdan daha sərfəlidir. Bununla yanaşı, ölkəmizə idxal olunan dərmanlar arasında keyfiyyətsiz olanlara da rast gəlinir ki, bu da ayrıca bir problemdir. Əgər onsuz da xaricdən dərman alırıqsa, onlara pul xərcləyiriksə, onların heç bir faydası olmayan boş dərmanlar olmaması vacibdir”.
“Buna Səhiyyə Nazirliyi nəzarət etməli və ölkəyə gətirilən bütün dərmanları daha dəqiq yoxlanılmalıdır. Müəyyən dərmanların alınması üzrə tenderlərin qalibləri onların keyfiyyətinə cavabdeh olmalıdırlar. Bu vəziyyətdə Səhiyyə Nazirliyi istehsalçılardan alınan nümunələri yoxlamalı və sonra ölkəyə daxil olanlarla müqayisə etməlidir. Əgər uyğunsuzluq varsa, onu ölkəyə gətirən sahibkarlar məsuliyyətə cəlb edilməlidir. Satınalmalar prosesində şəffaflıq artırılmalıdır. Qablaşdırma etiketlərinin və dərmanların göstərişlərinin Azərbaycan dilində olmasını təmin etmək də vacibdir”, - müsahibimiz vurğulayıb.
İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində bildirib ki, Azərbaycan əbədi olmasa da, uzun illər dərman idxalından asılı olacaq: “Əsas çətinlik molekulların istehsalıdır. Bunun üçün elmi bazamız yoxdur. Bir dərmanı yaratmaq 5-6 il çəkə bilər, ölkəmizin belə imkanları yoxdur. Buna görə istehsal edə biləcəyimiz maksimum dərman sadə aspirindir”.
“Hətta, ölkədə istehsal olunan tibbi maskalar Çindən idxal edilənlərdən baha başa gəlir. Özümüzü aldatmayaq, indi yerli dərman sənayesinin inkişafı üçün heç bir şərait yoxdur. Atılacaq ən real addım nəhəng əczaçılıq şirkətlərinin Azərbaycanda istehsal açmağa maraq göstərməsinə çalışmaqdır. Dərman istehsal edən birgə müəssisələr təşkil edilə bilər”, - ekspert qeyd edib.
Cəfərlinin sözlərinə görə, ucuz işçi qüvvəsi sayəsində onları maraqlandırmaq olar: “Çünki Azərbaycanda əməkhaqqı Avropa və ABŞ-a nisbətən dəfələrlə aşağıdır. Ölkəmiz də coğrafi mövqeyi baxımından logistik üstünlüklərə malikdir - Rusiya bazarına, ərəb bazarına, Asiyaya buradan girmək daha asandır. Əməkdaşlığın sayəsində, tədricən bu sahədə kadr hazırlığına da başlaya biləcəyik və 10 ildən sonra yenidən bu məsələyə artıq daha hazırlıqlı olaraq qayıtmaq şansı yarana bilər”.