Məhbusların virusa yoluxmalarına dair ziddiyyətli açıqlamalar var

Cəmiyyət

16.05.2020 - 10:40

İddialar rəsmən təkzib olunur, amma “od olmayan yerdən tüstü çıxarmı?”

 

Azərbaycanda məhkumlar arasında koronavirusa (COVID-19) yoluxma halları qeydə alınıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, həmin məhkumlar dərhal təcrid olunub və onların müalicəsi üçün tədbirlər görülür. Nazirlikdən bildirilib ki, koronavirusun yayılma riski tamamilə lokallaşdırılıb və xəstələrin müalicəsi üçün bütün dərmanlar, tibbi avadanlıqlar mövcuddur. Ölkənin bütün həbsxanalarında hərtərəfli dezinfeksiya və tibbi profilaktik tədbirlərin aparıldığı da qeyd olunub.

 

Lakin bəzi hüquq müdafiəçiləri Nazirliyin məlumatına şübhə ilə yanaşırlar. Onların iddialarına görə, həbsxanalara göndərilən dərmanların əksəriyyəti məhbuslara çatmır. Həmin dərmanların “qara bazar”da satıldığı, bir hissəsinin də məhkumların özlərinə pul müqabilində satıldığı barədə iddialar var. Bundan başqa, koronavirusa yoluxmuş məhbuslarının sayının daha çox olduğu da qeyd olunur.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə hüquq müdafiəçilərinin bu iddialarını təkzib edib. O, həm dərmanların satılması, həm də virusa yoluxmuş məhkumların daha çox olması iddialarını şayiə adlandırıb.

 

Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov AYNA-ya açıqlamasında, yuxarıdakı rəsmi məlumatın həqiqətə uyğun olduğunu deyib: “Cəzaçəkmə müəssisələrində sıxlıq hər zaman olmur. Biz adətən texniki sıxlıq hallarını müşahidə edirik. Məsələn bir yataxanda 50 məhkum yaşadığı halda 70 çarpayı olur. Belədə 20 çarpayı boş olsa da sıxlıq yarada bilir. Məhkumlara dərman satılması hallarını qeydə almamışıq, amma belə neqativ halların olmasını da istisna etmirəm. Adətən məhkumlar bəzi dərmanları qohumları vasitəsi ilə kənardan aldırıb gətirirlər. Bu adətən o halda olur ki, təklif olunan dərman Avropa istehsalı olmur və ya analoq olur. Bu halda məhkum daha keyfiyyətli dərmana üstünlük verirsə öz pulu ilə (qohumlarının hesabına) daha yüksək brendli dərmanlar aldıra bilər".

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə əksinə, cəzaçəkmə müəssisələrinin çox yükləndiyi qənaətindədir. "Buna görə də, əslində koronavirus xəstələrinin sayının daha çox olması barədə məlumatlar həqiqətə uyğun ola bilər. Ona görə dövlət cəmiyyət üçün təhlükə törətməyən məhbusları azadlığa buraxmalıdır", - deyə o, AYNA-ya bildirib.

 

Məhkumlara verilməli olan dərmanların satılması iddialarına gəldikdə, müsahibimiz hesab edir ki: “Bu, mümkün deyil”.

 

Bu məsələdə tərəflərdən kimin haqlı-kimin haqsız olduğunu ayırd etmək üçün məhkəmə quracaq deyilik. Sadəcə, belə bir deyim var: “Od olmayan yerdən tüstü çıxmaz”.

 

Məsələn, oğlu Qobustan həbsxanasında ömürlük cəza çəkən Müslimət Rzaxanovanın sözlərinə görə, məhkumların valideynləri övladları üçün özləri dərman almalı olurlar: "Məhkumlar pulsuz dərmanla təmin olunmurlar"...

Müəllif: Rəşad Rüstəmov