Livan liderindən ittiham: “Qərb qaçqınların qaytarılmasına mane olur”

Dünya

04.05.2020 - 13:17

"Livanda yaşayan fələstinli qaçqınlar da, illərdir vətənlərinə qayıtmaq üçün siyasi qərar gözləyirlər"

 

Livan Prezidenti Mişel Aun son bəyənatında bildirib ki, Qərb qaçqınların öz ölkəsinə qayıtmasına mane olur. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident son müsahibəsində deyib:

 

"Qaçqınların ölkələrinə qayıtmalarının ciddi beynəlxalq qərardan asılılığına əmin olduq. Beynəlxalq ictimaiyyət də bu vəziyyətdən özünə sərf edən şəkildə istifadə edir. Bu isə Livan kimi ölkələrdə cəmiyyətə, təhlükəsizliyə və iqtisadiyyata xələl gətirəcək. Avropa və ABŞ-ın bir çox ölkələrinin böyük imkanlarına baxmayaraq, bu dövlətlər qaçqınların məsuliyyətini ölkələrlə bölüşmək istəmirlər”.

 

Livan rəhbərinin sözlərinə görə, rəsmi  Beyrut və Moskvanın qaçqınların vətənlərinə qayıtmasına kömək etmək məqsədi ilə təşəbbüsləri davam edir və bu mövzuda danışıqlar qüvvədədir.

 

Aun vurğulayıb ki, Qərb ölkələri Suriya böhranının sonda Livan üçün fəlakətli nəticələrə səbəb olacağını və bununla da vəziyyətin  siyasi həll ediləcəyini düşünürlər. Rusiya və Livanın ortaq hədəflərinin Qərbin strategiyasını alt-üst edə biləcəyinə ümid etdiyini söyləyən Prezident, Livanda yaşayan fələstinli qaçqınların da, illərdir vətənlərinə qayıtmaq üçün siyasi qərar gözlədiyini xatırladıb.

 

Xatırladaq ki, Livanda Suriyadan 2 milyona yaxın, Fələstindən isə 600 min qaçqın yaşayır. Bütün yük Livanın 4 milyonluq  əhalisinin üzərinə düşür. Livan hakimiyyəti dəfələrlə beynəlxalq birliyi ölkə iqtisadiyyatının belə bir yükə tab gətirə bilməyəcəyini ifadə edərək kömək etməyə çağırıb.

Müəllif: Ayna.az