Əməkdaşlara bildirilib ki, telekanal artıq fəaliyyətini davam etdirmək imkanında deyil
Məlum olduğu kimi, dünən 22:01-dən etibarən “Lider” TV-nin yayımı dayandırılıb. “Gecənin sehri” adlı verliş başlayandan sonra efir yarıda kəsilib. Hazırda telekanalın vəziyyəti işlək deyil. Bu hadisə artıq ölkə ictimaiyyətinin gündəminə çevrilib.
Məsələni aydınlaşdırmaq üçün Milli Televiziya Radio və Yayımları Şurası (MTRŞ) ilə əlaqə saxladıq. MTRŞ-nin Yayım və texniki məsələlər üzrə şöbəsindən AYNA-ya bildirildi ki, televiziyada texniki nasazlıq yarandığı üçün belə bir problem meydana gəlib: “Nasazlıq aradan qaldırılandan sonra problem öz həllini tapacaq. MTRŞ tərəfindən televiziyaya heç bir cəza tətbiq olunmayıb. Yalnız texniki məsələdir. Yəni MTRŞ ilə bağlı heç bir əlaqəsi yoxdur”.
Etibarlı mənbələrdən AYNA-ya verilən məlumata görə isə, “Lider”in “Azerspace”ə və işçilərə borcu olduğu üçün bağlanıb: “Televiziyaya dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, nə işçilərin, nə də məsul qurumun borcu ödənilib. Neçə müddət idi ki, işçilərin də maaşları ödənilmirdi. Nəticədə televiziyanın yayımına qadağa qoyuldu”.
Onu da öyrəndik ki, telekanalın əməkdaşlarına işə gəlməmələri deyilib. Onlara bildirilib ki, kanal artıq fəaliyyətini davam etdirmək imkanında deyil.
Telekanalın digər bir əməkdaşı isə qeyd etdi ki, bu günün ikinci yarısında "Lider" fəaliyyətini bərpa edəcək.
Məsələ ilə bağlı “Lider” TV-nin səlahiyyətli şəxslərindən heç bir məlumat əldə edə bilmədik.