İsveçdə koronavirus qurbanı olan azərbaycanlı gənc anılıb - <font color=red> FOTO</font>

Xəbərlər

29.04.2020 - 23:09

Diaspora fəalı Rahim Sadiqbəyli İsveçdə koronavirus qurbanı olan həmyerlimizin ölümündən danışıb

 

İki gün əvvəl İsveçdə Covid-19-dan həyatını itirən azərbaycanlı gəncin xatirəsi anılıb.

 

Bu barədə AYNA-ya  İsveçdə yaşayan həmyerlimiz, tanınmış rejissor, diaspora fəalı Rahim Sadiqbəyli məlumat verib. Onun sözlərinə görə, bu gün koronavirusa yoluxan və xəstəliyə təslim olan Aminin dostları, yaxınları mərhumun yaşadığı evin qarşısında xatirə güşəsi qurub və onu etiramla yad ediblər. 


Gəncin ölümünə təəssüf edən R. Sadıqbəylinin sözlərinə görə, Amin İsveçdə bu günədək 20-29 yaş arasında virus qurbanı olan 5 gəncdən biri olub. 


“Bu gün bir çox İsveç qəzeti Aminin ölüm xəbərindən yazıblar. Maraqlısı ondadır ki, Amin görünüşcə sağlam gənc idi. Ailə üzvləri də koronavirusa yoluxmuşdu, amma onlar müalicədən sonra sağlamlıqlarına qovuşdu. Aminin isə ailəsinin dediyinə görə, hər hansı xroniki xəstəliyi olmayıb. Onun vəziyyətinin ağırlaşdığı da təəccüb doğurur. Gənc oğlan niyə xəstəliyə tab gətirməsin ki, yaşlıların çoxu dəf edə bildiyi halda. Görünür, immun sistemi çox zəif olub. Evində, daha sonra xəstəxanada iki həftə ərzində davamlı müalicə alıb, nəhayət süni tənəffüs aparatına qoşulub. Amma həyatını qurtarmaq mümkün olmayıb, agciyərləri funksiyasını tamamilə itirib. Aminin yatdığı xəstəxananın həkimləri də ətraflı məlumat verməkdən imtina edib. Bunu Aminlə bağlı xəbəri yazan müxbirlər də təsdiqləyib”, - deyə Sadıqbəyli bildirib.


Qeyd edək ki, Amin Etibar oğlu Salayev 1997-ci ildə İsraildə doğulub. Daha sonra ailəsi ilə İsveçə köçüb. Stokholmda yaşayan Amin bu il İsveçin Texniki Universitetindən məzun olacaqdı. 

 

Diasporalarla İş üzrə Dövlət Komitəsi rəsmi olaraq gəncin ölümünü təsdiqləyib.

 

Müəllif: Raminə Eyvazqızı