Müxalif jurnalist Zem edam edilib
İranda müxalif “Amednews”un redaktoru Ruhullah Zem üçün verilən edam cəzası icra edilib. AYNA xəbər verir ki, İranın rəsmi agentliyi İRNA-da gedən xəbərə görə, jurnalist Zem İnqilab Məhkəməsinin verdiyi qərarın Ali Məhkəmə tərəfindən təsdiqlənməsindən sonra bu gün səhər edam edilib.
"Şüurlandırma, mübarizə, demokratiya" mənasını verən “Amednews” fəaliyyətinə 2015-ci ildə “Telegram” tətbiqi ilə başlayıb. Rejimə qarşı çıxan xəbərlərlə diqqət çəkən və qısa müddətdə 1 milyondan çox izləyiciyə çatan hesab təxminən 2 il sonra bağlanılıb. Ruhullah Zemin redaktorluğu ilə fəaliyyət göstərən xəbər saytı daha sonra “Sedaimardom” (Xalq Səsi) adı ilə yayımlanmağa davam edib.
Qeyd edək ki, jurnalistin 2019-cu ilin oktyabrında tutulduğu və "inqilab əleyhinə fəaliyyət göstərdiyi" səbəbi ilə İrana gətirildiyi açıqlanmışdı. İnqilab Məhkəməsi Zemi iyun ayında "dünyada fəsad törətməkdə" günahlandıraraq edama məhkum etmişdi.