İlin sonunadək ABŞ qoşunları İraqdan çıxarılacaq

Dünya

25.08.2021 - 15:57

Fuad Hüseyn: “Bu sahədə dəqiq razılaşma var”

 

Terrorizmlə mübarizə baxımından İraq ABŞ qoşunlarının ölkədən çıxarılmasına tam olaraq hazırdır. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn məlumat verib.

 

Hüseyn qeyd edib ki, ölkənin xüsusi xidmət orqanları terrorçularla bağlı kifayət qədər məlumata və onlarla mübarizə sahəsində çoxillik təcrübəyə sahibdir.

 

“Hazırda İraqda fəaliyyət göstərən terror şəbəkələrində müəyyən hərəkətlilik müşahidə edilir. Amma bu, hökumətinin işinə əngəl səviyyəsində deyil”, - nazir vurğulayıb.

 

F.Hüseyn İraqda məhdud sayda ABŞ hərbi kontingentinin saxlanılması məsələsinə də toxunub: “Bu sahədə dəqiq razılaşma var. İlin sonunadək bütün hərbi hissələr çıxarılacaq”.

Müəllif: Ayna.az