Hüquqşünasların hökumətdən ədalət tələbi – ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ

Cəmiyyət

08.09.2024 - 13:55

Həkimlər Klinikalar SEO Xidməti

Hüquqşünaslardan yekdil rəy: böyük qanunsuzluğa son qoyulmalıdır

Bir milyon nəfərədək vətəndaşın problemini özündə ehtiva edən özəlləşdirmə çekləri (vauçer) ilə bağlı problem aktuallığını qoruyur. İllər boyu deputatlar, ziyalılar, hüquqşünaslar, sıravi vətəndaşlar tərəfindən dönə-dönə dilə gətirilən, aidiyyəti qurumlara çağırışlar edilən, hökumətin təcili tədbirlər görməsinə yönəlik fikirlər səsləndirilən ÇEK və HAQQ məsələsi həllini tapmır ki, tapmır.

Özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, izahatlar verilib, fikirlər bəyan edilib, fakt-sübutlar ortaya qoyulub. Mütləq şəkildə isbat edilib ki, özəlləşdirmə çekləri mülkiyyətdir, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur - nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz!

Dövlət özəlləşdirmə çekləri, bu çeklərin qanunsuz şəkildə tədavüldən çıxarılması, əhalinin halal haqqının əlindən alınması və yüzminlərlə vətəndaşın dövlətdən ƏDALƏT tələb etməsi haqda, yuxarıda da qeyd olunduğu kimi, illərlə danışılır, yazılır, ifadə olunur. Ən müxtəlif sahələri təmsil edən aydın insanlar, düşüncə sahibləri, mütəxəssislər, dövlətini və xalqını sevən ziyalılar, millət vəkilləri səviyyəsində illər uzunu problem hökumətin diqqətinə çatdırılıb, ədalət çağırışı edilib, milli birlik və bərabərlik naminə bu problemin çözümünün vacibliyi vurğulanıb.

Problemi faktlarla əsaslandıran, onun həlli üçün hökumətə çağırışlar edən, çıxış yolları göstərən hüquqşünas və hüquq müdafiəçilərinin illər boyu AYNA-ya verdikləri açıqlamalardan yığcam xülasələri təkrar ictimaiyyətin və hökumətin diqqətinə çatdırırıq.

Azərbaycanın sabiq baş prokuroru və Milli Məclisin keçmiş üzvü, peşəkar hüquqşünas İlyas İsmayılov:

“Vətəndaşın hüququnun, haqqının qorunması təmin edilməlidir. Özəlləşdirmə çeklərinin üzərində tadavül müddətinin bitməsi tarixi göstərilməyibsə, bu qiymətli kağızları tədavüldən çıxarmaq qərarı səhv idi. Hesab edirəm ki, bu sahədə yaranmış problem ədalətli şəkildə həllini tapmalıdır. Özəlləşdirmə prosesi vətəndaşların iştirakı olmadan başa çata bilməz. Dövlətin bu qiymətli kağızına dəyərsiz kağız parçası kimi baxılmamalıdır. Hökumət ədalətli qərar verməlidir... Bu çeklər vətəndaşların halal haqqıdır və onların öz haqlarından istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz. Müvafiq mexanizmlər tapılmalı, sistemli şəkildə problem yoluna qoyulmalıdır”.

İnsan Hüquqları və Demokratiya İnsitutunun rəhbəri, hüquq üzrə fəlsəfə doktoru, keçmiş deputat Çingiz Qənizadə:

“Çekləri əllərində qalan çoxsaylı vətəndaşlar bu problemin həll edilməsində israrlıdırlar. Bu çeklər 2011-ci ildə dövriyyədən çıxarılsa da, hələ də öz aktuallığını qoruyub saxlayır. Bu prosesdə iştirak edə bilməyən və özəlləşdirmə paylarından istifadə etməyən əhalinin tələbləri nəzərə alınmalıdır. Hesab edirəm ki, bununla bağlı qanunun özündə zidddiyyətli məqamlar var və ilk növbədə buna aydınlıq gətirilməlidir. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları haqqında” əsasnamənin beşinci bəndində qeyd olunur ki, çeklərin istifadə müddəti qeyri-məhduddur. Lakin digər yandan konkret müddət qoyulur ki, 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb. Ortada olan zidiyyətli məqamlar aradan qaldırılmalıdır. Əgər Ulu Öndər Heydər Əliyevin bununla bağlı fərmanında çeklərin istifadə müddəti qeyri-məhdud göstəririlibsə, hansı səbəbdən tədavül müddəti başa çatmış elan edilib? Bir daha qeyd etmək istəyirəm ki, bu məsələlərə aydınlıq gətirilməlidir”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, peşəkar hüquqşünas, sabiq millət vəkili Əliməmməd Nuriyev:

“Özəlləşdirmə çekləri ilə bağlı proses ciddi qanun pozuntuları ilə müşayiət olunub. Halbuki, ötən əsrin 90-cı illərində imzalanan fərmana görə, özəlləşdirmə prosesinin əsas iştirakçıları vətəndaşlar olmalı idi. Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi və əhalinin bu prosesdə iştirakı ciddi hadisə idi. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Faktiki olaraq vətəndaşlar bu prosesdən kənarda qaldılar. Müvafiq qurumlar bu prosesi olduqca səmərəsiz şəkildə həyata keçirdi. “Qara bazar”da xüsusi qruplar formalaşdı və onlar həmin vauçerləri dəyər-dəyməzinə bir ələ yığdılar... Yüzminlərlə vətəndaşın hüquqlarının pozulması yolverilməzdir. Mütləqdir ki, bu məsələ hansısa formada həllini tapsın”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov:

“Özəlləşdirmə prosesi bütünlüklə qüsurlu təşkil olunub. Əvvəlcə bəyan etdilər ki, vətəndaşlara hər biri dörd paydan ibarət olan əvəzsiz çeklər veriləcək. Ardınca bəyan etdilər ki, bu çeklər vətəndaşları əsas pay sahiblərinə çevirəcək. Daha sonra mülkiyyətin dəyəri elan olundu. Halbuki, həmin dövr üçün kifayət qədər ciddi rəqəmlər idi. Nəticədə isə bunların heç biri baş vermədi. Vətəndaşlar bir də onda ayıldılar ki, çeklərin tədavül müddəti bitib. Bundan istifadə edən isə hər zaman olduğu kimi, maraqlı qüvvələr oldu. Onlar dövlət əmlakını dəyər-dəyməzinə özəlləşdirdilər. Heç bir hesabat da olmadı. Heç kim bilmədi ki, nə baş verib. Adını da qoydular “uğurlu özəlləşdirmə prosesi... Bütün hallarda vətəndaşların hüquqları bərpa edilməlidir. Bir halda ki, yüzminlərlə vətəndaşın vauçerləri hələ də əllərində qalıb, ən azı onların hüquqları bərpa edilməlidir. Onsuz da gec və ya tez, nə zamansa bu məsələ öz həllini tapacaq”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü İradə Cavadova:

“Özəlləşdirmə prosesi zamanı əhalinin kütləvi şəkildə aldadılması halları baş verib. Əvvəla əhaliyə doğru-düzgün məlumat vermədilər ki, bu vauçerlərin mahiyyəti nədir, onlar harada və nə zaman istifadə edilə bilər. Sadəcə elan etdilər ki, vətəndaşlara əvəzsiz özəlləşdirmə çekləri paylanılacaq. Təbii ki, bundan da əsasən işbazlar yararlandılar. Həmin işbazların da çoxu yüksək vəzifələrdə təmsil olunan məmurlar idi. Nəticədə bu proses sadəcə formal olaraq keçirildi. Çox ucuz qiymətə əhali öz vauçerlərini satışa çıxardı. Necə ki, əvvəldə heç bir məlumat verilməmişdi, sonda da hesabatlılıq olmadı. 2011-ci ildə isə tədavül müddətinin başa çatdığını bəyan etdilər... Yüzminlərlə hüququ pozulmuş vətəndaşın taleyindən söhbət gedir. İctimaiyyət də haqqı pozulmuş vətəndaşlara dəstək verməlidir. Əgər biz hüquqi dövlətdə yaşayırıqsa, kütləvi şəkildə vətəndaşların hüquqlarının pozulması hallarına yol verməməliyik. Öz haqları urğunda mübarizə aparan insanlara dəstək olmalıyıq. İnanıram ki, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların mübarizəsi yekunda öz bəhrəsini verəcək”.

Konstitusiya hüququ üzrə ekspert, hüquq elmləri doktoru, professor, Milli Məclisin keçmiş üzvü Qulamhüseyn Əlibəyli:

“Özəlləşdirmə prosesində vətəndaşların hüquqları pozulub. Fərman mahiyyət etibarilə mütərəqqi addım idi. Lakin bir çox məsələlərdə olduğu kimi, bu məsələdə də icra mexanizmi olmadı. Özəlləşdirməni həyata keçirməli olan dövlət qurumları düzgün işləmədi. Sonrakı dövrdə müəyyən fırıldaqlar həyata keçirildi. Ən dəhşətlisi odur ki, bu prosesin icrasına başlanan andan bütün bunlar həyata keçirilməyə başladı... Bu gün yüzminlərlə vətəndaş hələ də öz çeklərini özündə saxlayır. Milyonlarla vətəndaş isə onu dəyər-dəyməzinə satıb. Özəlləşdirmə prosesi necə və hansı formada həyata keçirilib, bundan da kimsənin xəbəri olmayıb. Heç hesabat verən də olmadı. Yenidən bu məsələyə qayıtmaq labüddür”.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı:

“Sovet İttifaqından qalmış dövlət mirasının bölüşdürülməsi qaçılmaz idi. O dövrdə postsovet dövlətlərinə rəhbərlik edən şəxslər də bunu anlayırdılar. Bu səbəbdən bütün keçmiş İttifaq dövlətlərində bu proses həyata keçirildi. Çünki başqa yol yox idi. Ən dəhşətli məqam odur ki, bu prosesi elan etdilər. Lakin prosesi o qədər sürətlə təşkil etdilər ki, əhali bir də onda ayıldı ki, “lələ köçüb, yurdu qalıb”. Əslində isə bu prosesə başlamazdan əvvəl geniş maarifləndirmə işləri aparılmalı idi. Vətəndaşlar bilməli idilər ki, bu vauçerlərin mahiyyəti nədir. Amma heç kim bilmirdi. Baxmayaraq ki, kifayət qədər savadlı və anlayışlı adamam, mən də bunun mənasını bilmirdim... Təəsüf ki, vətəndaşlar bu məsələdə də aldadıldı. Təbii ki, proses şəffaf aparılsaydı, çox şeylər qazanardıq. Sovetdən qalma müəssisələrdə pay sahibi olardıq, səhmdarı olduğumuz müəssisələrin fəaliyyətində yaxından iştirak edərdik, özümüz, övladlarımız iş-güc yiyəsi olardı. Yeni-yeni mütəxəssislər yetişərdi. Bunlar olmadı. Heç olmasa, kimin əlində vauçerləri qalıbsa, onların hüquqlarına hörmətlə yanaşsınlar və tədavül müddətini artırsınlar”.

Tanınmış hüquqşünas Fuad Ağayev:

“Vətəndaşların mülkiyyət hüquqları bərpa edilməlidir. Ötən əsrin 90-cı illərinin sonlarında tədavülə buraxılan özələşdirmə çekləri vətəndaşların mülkiyyətinə qarşılıq olan verilən qiymətli kağızlar idi. Çünki Sovet dövlətinin iqtisadiyyatında onların özlərinin, valideynlərinin, ata-babalarının payları var idi. Bu baxımdan hökumətin borcu idi ki, onların bu prosesdə iştirakına şərait yaratsın. Nəzəri baxımdan şərait yaratsalar da, faktiki olaraq ölkə vətəndaşları bu prosesdə iştirak etmədilər. Vauçerlərini satanlar da, bu günə qədər qoruyub saxlayanlar da - hamısı zərərçəkənlərdir. Çünki hökumət bu prosesin şəffaf aparılmasına imkan verməyib... Gec də olsa tədavül müddətinin uzadılması labüddür. Bu məsələyə mütləq qayıdılmalıdır. Əslində hüquqi yol məhkəmələrdən keçir. Əllərində vauçerləri qalan vətəndaşlar ya birləşərək, ya da ayrı-ayrılıqda məhkəməyə müraciət etməlidirlər. Çox təəssüf ki, bu gün Azərbaycanda məhkəmələr müstəqil deyil. Mövcud Azərbaycan reallığında adətən bu cür məsələlər siyasi qərarla həll olunur. Siyasi qərarla da olsa, bu məsələ mütləq öz həllini tapmalıdır”.

Tanınmış hüquqşünas Fərhad Mehdiyev:

“Keçmiş özəlləşdirmə prosesi zamanı səkkiz milyon vətəndaşın hüquqları pozulub. Bilirsiniz ki, hər biri dörd paydan ibarət olmaqla 8 milyon özəlləşdirmə çeki əvəzsiz olaraq vətəndaşlara təqdim edilib. Nəzərdə tutulurdu ki, özəlləşdirilməli olan dövlət mülkiyyətinin hamısı bu vauçerlər vasitəsilə həyata keçirilsin. İlkin qayda beləydi və proses bu şəkildə də həyata keçirilməli idi. Sonradan Nazirlər Kabinetinin qərarları dəyişdi və bu prosesə riayət edilmədi. Ancaq faktiki olaraq vətəndaşlara özəlləşdirmə çekləri verildiyi andan əmlak payı hesab olunur. Hüquqi olaraq bu vauçerlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Mülkiyyət hüququ elə bir şeydir ki, zaman aşımı ilə öz qüvvəsini itirmir. Bu, çox vacib məqamdır. Bu, kreditor hüquq deyil. Kreditor hüquqlarda müəyyən müddət qoyula bilər. Lakin mülkiyyət hüquqlarında bunu tətbiq etmək mümkün deyil... Dövlət əgər vauçerləri dövriyyədən çıxarırsa, ya onların əvəzinə kompensasiya ödəməli, ya da onların özəlləşdirmə prosesində iştirakını təmin etməlidir”.

Azərbaycan İnsan Haqları Mərkəzinin sədri Zalihə Tahirova:

“Özəlləşdirmə çeklərinin çoxu aztəminatlı əhalidə qalıb. Onları Allahın ümidinə buraxmaq olmaz. İnsanları sosial problemlərlə yükləmək olmaz, onlar bunu qaldıra bilmirlər. Axı, bu insanlar yazıqdırlar. Neyləsinlər, necə dolansınlar, nəyə ümid etsinlər? Koronavirus pandemiyası zamanı hər yerdə kütləvi işsizlik oldu. Çoxlu sayda müəssisələr, şirkətlər çökdü. Digər yandan da bahalaşma dalğası… Özəlləşdirmə çekləri vətəndaşların halal haqqıdır. Nəyə görə sual olunmalıdır ki, “niyə indiyə qədər satmamısan?” Axı bu, onun hüququdur. O zaman satmayıb, indi satmaq istəyir… Bu çeklər verilərkən qeyd olunurdu ki, əvəzsiz və müddətsizdir. Sonradan tədavül müddəti məsələsini ortaya atdılar. Birdəfəlik deyərdiniz ki, “vermirik” də! Daha bu boyda həngaməyə nə ehtiyac vardı? Sözsüz ki, yüzminlərlə vətəndaşın hüquqları bərpa edilməlidir. Onlara şərait yaradılmalıdır ki, əllərində qalan özəlləşdirmə paylarını istifadə etsinlər. Ya tədavül müddətini artırsınlar, ya növbəti özəlləşmədə iştiraklarına şərait yaratsınlar, ya da kompensasiya ödəsinlər”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Ayazbəy Əhmədov:

“Özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatsa da, bəzi vətəndaşlar öz çeklərindən istifadə etməyiblər. Onlar zamanında bu vauçerlərdən istifadə edə bilərdilər, amma etməyiblərsə belə, öz çeklərini qoruyub-saxlamaq da vətəndaşın hüququdur və buna da hörmətlə yanaşmaq lazımdır. Bir halda ki, yüzminlərlə vətəndaşın çekləri əlində qalıb və bu gün də istifadə olunmayıb, bu məsələyə yenidən qayıtmaq olar. Hətta deyərdim ki, zəruridir. Bu, dövlətin həmin vətəndaşların maraqlarını qoruması demək olacaq. Hesab edirəm ki, müvafiq araşdırma aparılmalı, konkret say müəyyən olunmalı və çekləri əllərində qalan vətəndaşlara kompensasiya ödənilməlidir”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov:

“Yüzminlərlə vətəndaşın hüquqlarının pozulması ilə müşayiət olunan prosesə yenidən baxılmalıdır. Məlumdur ki, bu halda qanunvericiliyin geriyə qüvvəsi mövcuddur. Müddətin məhdudlaşdırılması ilə bağlı qərar geriyə şamil oluna bilməzdi. Digər yandan özəlləşdirmə çekləri ilə bağlı qanunvericilikdə konkret müddət nəzərdə tutulmayıb. Bu baxımdan ona hər hansı məhdudiyyət də qoyula bilməzdi. Nəzərə alanda ki, özəlləşdirmə çekləri ilə bağlı əhali arasında ciddi maarifləndirmə işləri aparılmayıb və onlara müfəssəl məlumatlar verilməyib, prosesi başa çatmış elan etmək olmazdı. Vauçerlər qiymətli kağızdır və onlar paylanan zaman əhəmiyyəti barədə payçılar məlumatlandırılmalıydı. Göründüyü kimi, bütün bunlar baş verməyib. Ortada ciddi nöqsanların olduğuna dair əsaslı iddialar var. Bu baxımdan məsələyə yenidən baxılmalıdır. Ya tədavül müddəti yenidən artırılmalı, çekləri əllərində qalan vətəndaşların prosesdə iştirakı təmin edilməli, ya da dəymiş ziyana əvəz olaraq kompensasiya ödənilməlidir”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mirismayıl Hadı:

“Özəlləşdirmə çeklərinin qiymətləndirilməsi düzgün aparılmayıb. O zaman bu fərman cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılandı. Çünki Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetdən qalma dövlət əmlakları müstəqil Azərbaycan Respublikasının vətəndaşlarının, onların ata-babalarını əmlakı idi. Sovetlər dövründə kollektiv təsərrüfatçılıq deyilən anlayış vardı. Təbii ki, o zaman bununla bağlı fərman və təsdiq edilən əsasnamə yüksək səviyyədə tərtib olunmuşdu. Həm də dövrün tələbləri ilə uyğun idi. Lakin sonradan bu proses dayandı və milyonlarla vətəndaşın hüquqları pozuldu. Açıq şəkildə söyləmək olar ki, özəlləşdirmə prosesi çox ciddi pozuntularla müşayiət olundu. Azərbaycan hökuməti gec də olsa, bu məsələyə yenidən qayıtmalıdır. Əslində bu məsələ çoxdan öz həllini tapmalı idi. Yüzminlərlə vətəndaş çekləri əllərində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Vətəndaşlar çekləri cırıb tullayası deyil ki?! Hökumət bu istiqamətdə konkret addımlar atmalıdır”.

Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi, “Şöhrət” ordenli Səadət Bənənyarlı:

“Müvafiq qurumlar özəlləşdirmə çekləri əllərində qalan vətəndaşlarla bağlı araşdırmalara başlamalıdır. O zaman bu fərman cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı. Çünki bir sistemdən digər sistemə keçid edirdik və özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faiz payçısı vətəndaşlar olmalı idi. Həmin dövrdə qəbul edilən qanunlarda özəlləşdirmə çekləri üçün inflyasiyadan qorunan məbləğ də müəyyən edilmişdi. Lakin özəlləşdirmə prosesi ciddi qüsurlarla müşayiət olundu. Oliqarx məmurların və işbazların marağında idi ki, proses sürətlə yekunlaşsın. Bu səbəbdən üzərlərinə düşən funksiyanı yerinə yetirmədilər, təbliğat işi aparmadılar və əhalinin əksər hissəsi öz vauçerlərini dəyər-dəyməzinə satışa çıxardı… Bu gün çekləri əllərində qalan vətəndaşlar üçün “qapıları bağlamaq” doğru yanaşma deyil. Çünki bu, vətəndaşların konstitusion hüququdur. Onlara təqdim olunan çeklərin ya tədavül müddətini artırmaqla bazara çıxarılmasına şərait yaradılmalı, ya da müvafiq kompensasiya ödənilməlidir”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu:

“Hökumət təcili olaraq vəziyyətə müdaxilə etməlidir. Mərhum Prezident Heydər Əliyevin bununla bağlı imzaladığı fərmanda və qanunvericilikdə açıq şəkildə qeyd olunur ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır. Qiymətli kağızlar üçün isə tədavül müddəti qoyula bilməz. Bu proses fərmanda qeyd olunan səviyyədə icra edilməyib və yalnız bir qrup işbaz bundan faydalanıb. Hansı ki, özələşdirmə çekləri vətəndaşları pay sahibinə çevirməli, dədə-babalarından qalan əmlakın bölüşdürülməsində onların iştirakını təmin etməli idi. Amma bunların heç biri baş vermədi. Prosesi icra etməyə məsul dövlət qurumları heç bir statistika açıqlamayıb ki, nə qədər dövlət müəssisəsi və ya şirkəti özəlləşdirmə çekləri vasitəsilə hərraca çıxarılıb. Bütün bunlar həyata keçirilməyibsə, tədavül müddətini bitirməklə, qiymətli dövlət kağızını əhəmiyyətsiz kağız parçasına çevirmək yolverilməzdir. Yüzminlərlə vətəndaşın hüquqları pozulub, onlara məxsus özəlləşdirmə çekləri əlində qalıb. Bu gün onlar həmin vauçerləri nə sata bilir, nə də buna görə kompensasiya əldə edirlər. Hökumətin başçısı, Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyasının sədri Əli Əsədov buna aydınlıq gətirməlidir. Nazirlər Kabineti müraciətləri cavabsız qoymaq, üzərindən sükutla ötmək ənənəsindən imtina etməldir. Əgər bu dövlətin başçısı vətəndaşlardan daxil olan müraciət və şikayətlərə reaksiya verirsə, heç bir məmur da bundan yayınmamalıdır”.

(Yazının ikinci hissəsi olacaq)

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray