"Heydər Əliyevin tapşırığı ilə topladığım materialları Fatma Abdullazadə yox elədi"

Cəmiyyət

20.01.2020 - 13:34

Qulu Kəngərli: "Yaralı oğlan başını qaldırıb “anama deyərsən ki, mən filan qızı istəyirəm”, - dedi və keçindi..."

 

AYNA 20 Yanvar faciəsindən bəhs edən “Şəhidlər”, ”Şəhidlər-2” bukletlərinin, “Qara yanvar şəhidləri”, “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitablarının müəllifi, “Bakıda insan ovu” adlı sənədli filmin ssenari müəllifi, tanımış jurnalist Qulu Kəngərli ilə müsahibəni təqdim edir.

 

Qeyd edək ki, illərdir AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri olan Qulu Kəngərli, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusu tərəfindən Bakıda törədilmiş qırğının canlı şahidi olub.

 

- Qulu müəllim, 20 Yanvar qırğınından 30 il keçir. İndi o hadisələri necə xatırlayırsız?

 

- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni hər il təkrarən yaşayıram. Həmin gün işlədiyim Azərbaycan Dövlət Radiosundan bir neçə iş yoldaşımla bərabər piyada, indiki Prezident Aparatının qarşısına düşdük. Həmin ərəfədə Prezident Aparatının qarşısında mitinqlər gedirdi, ona görə özümlə reportyor götürdüm, düşündüm ki, mitinqdə lazım olar. Təxminən, 15 dəqiqə sonra eşitdik ki, televiziyanın enerji blokunu partladıblar. Hava çox soyuq olduğundan mitinqdə çox qala bilmədim, evə getdim ki, qalın paltar geyinim, yenidən mitinqə qayıdım. O vaxt keçmiş “Papanin” tərəfdə, “Göyərçin” kafesinin yanında yaşayırdım. Qalın geyindim, haradasa 3 kiloqram ağırlığında olan reportyoru da çiynimə alıb evdən çıxdım. Təxminən, gecə 12 radələrində Sovet qoşunları Sumqayıt tərəfdən işıqsaçan güllələrlə atəş açmağa başladı. Çox qısa müddət sonra güllələr yaxınlaşmağa başladı və gəlib bizə çatdı. Heç kim gözləmirdi ki, doğma hesab etdiyimiz Sovet ordusu öz vətəndaşlarına güllə atar, ancaq oldu. Tanklar gəlir, küçədə kim varsa, hamısı güllələnir, təsəvvür edin, sağımda, solumda, qarşımda duranların hamısı yerə yıxılır. Amma mən yıxılmadım, reportyorun mikrofonunu çıxarıb, nə vaxtsa lazım olar deyə, güllələrin səsini yazırdım. Ətrafımdakıların yıxıldığına görə, düşündüm ki, güllə mənə də dəyib, amma istidi deyə, hiss etmirəm. Gödəkçənin qabağını açıb qaranlıqda əlimi bədənimdə gəzdirməyə başladım, gördüm ki, qan yoxdur. Başladıq yaralananları “Semaşko”ya aparmağa. O vaxt 123 nömrəli qarmoşkalı avtobus vardı, 8-ci mikrorayondan Kirov parkına işləyirdi, həmin avtobusla 3 dəfə “Semaşko”nun təcili yardımına yaralı daşıdıq. Dördüncü dəfə isə bizi əsgərlər saxladılar, avtomatın tətiyini çəkib aşağı düşməyimizi əmr etdilər. Biz də 4 nəfər idik, dedik ki, yaralıları gətirməyə gedirik, imkan vermədilər, qışqırıb düşürtdülər avtobusdan, hərəmiz bir tərəfə dağıldıq. Mən də evə getdim, balkondan baxdım ki, şəhər dağılır. Dözə bilmirdim, küçəylə ev arasında qalmışdım.

 

Həmin vaxt Azadlıq Radiosundan Mirzə Xəzər Bakıdan canlı yayım edirdi. Gördüm ki, rus əsgərlərinin ratsiya danışıqları radioya düşür, başladım o səsləri yazmağa. Bir-birilərindən soruşurdular: “Vı qde naxodites?” , “Neznayo, Montina, ili Monxina”, “201 tı qde?” “502 a tı qde?”. Kodla danışırdılar, deyirdilər ki, “işimizi yaxşı görürük”. Səhər açıldı, saat 6-dan başladılar şəhərə vertolyotla vərəqələr atmağa. Vərəqələrdə Qorbaçovun Bakıda fövqəladə vəziyyət elan olunması ilə bağlı əmri yazılmışdı. Fövqəladə vəziyyət 19-u gündüzdən elan olunsa da, bu barədə heç yerdə məlumat verilməmişdi, milləti qırandan sonra elan etdilər.

Rumiyyə Miraslan