“Həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər” - <font color=red> Çavuşoğlu</font>

Siyasət

13.10.2020 - 16:49

“Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşməliyik və nə edəcəyimizə qərar verməliyik”

 

“İsveçli həmkarım Ann Linde ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətlə əlaqədar fikir mübadiləsi apardıq”. AYNA-nın APA-ya istinadən xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında deyib.

 

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuzda törətdiyi təxribat, eyni zamanda mülki əhaliyə qarşı hücumlar barədə A. Lindeni məlumatlandırıb: “Türkiyə olaraq bu günə qədər münaqişənin sülh yolu ilə həllini dəstəklədiyimizi bəyan etmişik. Lakin bu cəhdlərin nəticəsiz qalması Ermənistanı daha da cəsarətləndirdi. Ermənistan xüsusilə azərbaycanlı mülki əhalini hədəf alır. Moskvadakı danışıqlardan əldə olunan humanitar atəşkəsdən sonra belə Ermənistan mülki əhaliyə hücum etməyə davam edir. Mülki əhali arasında xeyli sayda itki var. Həmsədrlər münaqişəni həll etmək üçün bu günə qədər konkret bir addım atmayıblar. Minsk Qrupu olaraq 9+2 formatında toplantı keçirməkdə fayda var. Bu təklifi bu gün gündəmə gətirdik. Xüsusilə də həmsədrlər Minsk Qrupuna hesabat verməlidirlər. Bu günə qədər hansı işlər görülüb, nəyi edə bilməyiblər, münaqişə niyə həllini tapmayıb və s. məsələlərə aydınlıq gətirilməlidir. Artıq bu istiqamətdə addım atmağımız lazımdır. Münaqişənin həllinin tək yolu Ermənistanın Azərbaycan torpaqlarından çıxmasıdır. Biz bunu dəfələrlə bildirmişik. Biz həm döyüş meydanında, həm də danışıqlar masasında Azərbaycanı dəstəklədiyimizi dedik. Bu gün də bunu deyirik.

 

“Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağda atəşkəslə bağlı çağırışlarına anlayışla yanaşırıq. Heç kim müharibə istəməz. Atəşkəslə bərabər, Ermənistana Azərbaycan torpaqlarını tərk etməklə də bağlı çağırış edilməlidir. Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları xatırladılmalıdır. Əgər Ermənistana işğal etdiyi torpaqları tərk etməklə bağlı çağırış edilərsə, o zaman beynəlxalq ictimaiyyətin həqiqətən də münaqişənin həllində maraqlı olduğunu deyə bilərik. Amma təəssüf ki, bu çağırış edilmir. Qısacası, Minsk Qrupu olaraq tezliklə geniş formatda görüşməliyik və nə edəcəyimizə qərar verməliyik”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Müəllif: Ayna.az