Rauf Qurbanov: “Dünyanın inkişaf etmiş ölkələrinin hamısında kommunistlərin partiyası var və bu, o demək deyil ki, həmin ölkələrin konstitusiyaları pozulur”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Kommunist Partiyasının (AKP) qeydiyyatının ləğv edilməsi ilə bağlı çağırış edib. Yerli internet televiziya kanallarından birində Cəlaloğlu iddia edib ki, Kommunist Partiyası Azərbaycan Konstitusiyasına zidd fəaliyyət göstərir.
Belə ki, sentyabrın 9-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda videoformatda görüş keçirib və görüşdə iştirakçı olan AKP rəhbəri Rauf Qurbanovun arxasında keçmiş Azərbaycan SSRİ-nin bayrağı olub.
ADP sədri iddiasını belə əsaslandırır ki, Azərbaycan unitar dövlətdir və Konstitusiyada dövlət quruluşunun dəyişdirilməsi ideyası cinayətdir, Kommunist Partiyasının ideyası isə dövlət quruluşunun dəyişdirilməsinə cəhdi özündə ehtiva edir. Cəlaloğlunun qənaətincə, faktiki olaraq Kommunist Partiyası SSRİ quruluşunun təbliğatını aparmaqla məşğuldur ki, Ədliyyə Nazirliyi bu siyasi təşkilatın qeydiyyatını tezliklə ləğv etməlidir.
Qarşı tərəf isə ADP sədrinin fikirləri ilə razılaşmır və S.Cəlaloğlunu məntiqsizlikdə, savadsızlıqda günahlandırır. Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov rəhbərlik etdiyi quruma qarşı səsləndirilən iradlar və ittihamlarla bağlı AYNA-nın suallarını cavablandırıb:
- Birincisi, Kommunist Partiyasının simvolu oraq və çəkicdir. Həmin onlayn görüşdə iştirak edən partiyaların da hər biri Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş partiyadır. Hər bir partiya qeydiyyatdan keçərkən onun özünün simvolu, loqosu, bayrağı təsdiqlənir. 1994-cü il mart ayının 2-də Azərbaycan Kommunist Partiyası qeydiyyatdan keçəndə özünün simvolu ilə, üzərində oraq-çəkic əksini tapan bayraqla qeydiyyatdan keçdi. İndi Sərdar Cəlaloğlunun, onun kimi bir çox siyasətlə məşğul olanların – hərçənd ki, mən onlara siyasətçi demirəm – savadları yoxdur. Onlar siyasətlə yox, siyasi dəllallıqla məşğuldurlar. Bizim partiyamız Azərbaycan Konstitusiyasına uyğun fəaliyyət göstərir. Sözügedən görüşdə də mənim arxamda partiyamızın bayrağı və Azərbaycanın bayrağı dayanırdı. Mən bu partiyanın rəhbəriyəmsə, partiyanın bayrağından istifadə hüququna malikəm. Sərdar Cəlaloğlu və ya digər bizə irad tutanlar özlərinə reytinq qazanmaq istəyirsə, cəmiyyət arasında özünü vətənpərvər kimi nümayiş etdirmək istəyirsə, etsin, bir söz demirəm. Kommunist Partiyasının ləğvinə çağırış isə Konstitusiyaya ziddir.
- Sizin partiyanın SSRİ quruluşunun bərpası ideyası yox, amma partiyanızın ləğvinə çağırış Konstitusiyaya ziddir?
- Əlbəttə ki! Azərbaycanda siyasi plüralizm var, çoxpartiyalı sistem mövcuddur. Kommunist Partiyası da bu sistemə uyğun fəaliyyət göstərir. Oraq-çəkic başqa ölkələrin kommunist ideyasında olan təşkilatlarının simvoludur. Məsələn, dünyanın maliyyə lokomotivi olan Çin Xalq Respublikasını götürək. İki milyarda yaxın əhalisi olan Çinin iqtidar partiyası Kommunist Partiyasıdır. O zaman Azərbaycan Çinlə bütün əlaqələrini kəsməlidir? Bilirsiniz, məsələyə uyğun olmayan detalları gündəmə gətirmək xırda reytinq qazanmaq istəyidir. Həmin görüşdə iştirak edən bəzi partiyalarla bizim hansısa formada əməkdaşlığımız da var. Onların çıxışlarında bizə qarşı hansısa xoşagəlməz mövqe görməmişəm. Lakin özünə millət təəssübkeşi deyən bəziləri də bu çür xoşagəlməz ifadələr işlədirlər, çağırışlar edirlər. Hansı ölkədə ki, zəhmətkeş var, fəhlə var, orada oraq-çəkic var, kommunist var. Bu gün hakimiyyətdə faşist rejimi olmayan hansı ölkədə koministlərin partiyası yoxdur? Hamısında var! Dünyanın inkişaf etmiş ölkələri – ABŞ, Fransa, İngiltərə və digər ölkələrin hamısında kommunistlərin partiyası var. Demək həmin ölkələrin konstitusiyaları pozulur? İndi özünü demokrat adlandıran bir şəxsin Azərbaycan Kommunist Partiyasının qeydiyyatının ləğvinə, kommunistlərin fəaliyyətinin qadağan olunmasına çağırışı nə dərəcədə düzgündür? Sərdar Cəlaloğlu əsl demokrat olsaydı, siyasi plüralizmə hörmət edərdi, hər kəsin fəaliyyətinə hörmətlə yanaşardı. Ümumiyyətlə, hər bir siyasi partiyanın cəmiyyətdə rolunu onun elektoratı müəyyənləşdirir, Cəlaloğlu kimiləri yox.
- Sizin partiyanın cəmiyyətdə elektoratı varmı?
- Əlbəttə, var. Olmasaydı, partiya olmazdı. Əgər kommunizm ideyasına rəğbəti olanlar varsa, o zaman onların fəaliyyətinə qadağa qoya bilməzsən axı.
- Sizin partiyanın bayrağı Azərbaycan SSRİ-nin bayrağı ilə eynidir?
- Bəli, demək olar ki, uyğundur. Ədliyyə Nazirliyində qeydiyyatdan keçərkən təsdiq olunmuş bayrağın təsviri belədir: aşağı hissə mavi rəngdə, yuxarıda geniş hissə qırmızıdır, üzərində isə oraq-çəkic əksi var. Bəli, keçmiş Azərbaycan SSRİ-nin bayrağıdır.
- Maraqlıdır, keçmiş SSRİ ölkələrindəki kommunist ideyasını daşıyan partiyaların bayraqları həmin ölkələrin SSRİ zamanındakı bayrağı ilə eynilik təşkil etmir. Məsələn, Rusiya kommunistlərinin, Belarus kommunistlərinin bayraqları başqadır. Sizin partiyanın bayrağı niyə Azərbaycan SSRİ-nin bayrağı ilə eynidir?
- Bir məsələni deyim, Cəlaloğlu və onun kimi düşünənlər də bilsinlər. Rusiya Dövlət Dumasının Kommunist Partiyasından olan deputatlarının yaxalarındakı bayraq keçmiş Rusiya SSRİ Ali Sovetinin bayrağıdır, indiki Rusiya Federasiyasının yox. Hansı ki, Dövlət Dumasının deputatının yaxasındakı bayraq indiki Rusiya Federasiyasının bayrağı olmalıdır.
Sizin sualınıza gəlincə, bu gün Belarus Kommunist Partiyasının bayrağı keçmiş Belarus SSRİ-nin bayrağı ilə eynidir, üzərində SSRİ sözü yoxdur. O cümlədən də, Rusiya Kommunist Partiyasının bayrağı SSRİ Rusiya Rederativ Respublikasının bayrağıdır. Sadəcə olaraq, Rusiya kommunistləri oraq-çəkic simvolunun fonuna kitab əlavə ediblər. Moldovada da onun kimi. Təsəvvür edin, Moldovanın əvvəlki Prezidenti Kommunist Partiyasının lideri idi - hansı ki, 9 il bu vəzifədə oldu. Moldova müstəqilliyini itirdi, yaxud SSRİ quruldu?
- Tək ADP sədri yox, bir sıra siyasilər də bildirirlər ki, siz oraq-çəkiclə, SSRİ Azərbaycanının bayrağı ilə təbliğat aparırsınız ki, bu, müstəmləkəçiliyə çağırışdır. Məlumdur ki, SSRİ-nin bərpası ilə bağlı son illər söz-söhbətlər dolaşmaqdadır...
- Bu, onun savadsızlığından irəli gəlir. Kommunizm bir ideyadır. SSRİ də o ideya əsasında qurulmuşdu. Biz insanları dövlət quruluşunu dəyişməyə səsləmirik. Yenə deyirəm, Azərbaycan Konstitusiyasına uyğun fəaliyyət göstəririk. Məqsədimiz də sosial dövlətin qurulmasıdır. Suveren, sosialist Azərbaycan uğrunda mübarizə aparırıq. Sosial ədalətli cəmiyyətin qurulması istiqamətində fəaliyyət göstəririksə, bunun pis tərəfi nədir? Sərdar Cəlaloğlunun rəhbəri olduğu partiyanın məqsədi hakimiyyətə gəlmək deyil? Yəqin ki, elədir. Biz də hakimiyyətə gəlmək, kommunizm ideyası ilə Azərbaycanı idarə etmək istəyirik. Burada qeyri-adi nə var? Biz harada demişik ki, Azərbaycanın dövlət quruluşunu dəyişmək istəyirik? Bu gün Rusiyada parlament seçkilərində kommunistlər səslərin 20 faizini topladılar, fraksiya yaradacaqlar. Eləcə də Belarusda, digər dövlətlərdə kommunistlər seçkilərdə qələbə qazanırlar, iqtidar olurlar, parlamentdə yer qazanırlar, fraksiyalar yaradırlar. Həmin dövlətlərin quruluşunu, suverenliyini təhdid etmirlər axı. Bizim dövlətimizə, dövlətimizin quruluşuna, müstəqilliyinə qarşı hansısa təxribatçı çağırışımızı kimsə göstərə bilməz. Əksinə, bizi ittiham edənlər dəfələrlə Azərbaycanda dövlət çevrilişinə cəhd çağırışları ediblər. İcazəsiz küçə mitinqləri təşkil edənlər, qarşıdurmaların yaranmasını istəyənlər biz deyildik ki... Bunlar dövlət quruluşunun dəyişdirilməsinə cəhd deyil, amma kommunizm ideyasını əsas götürərək leqal siyasi mübarizə aparmaq dövlət quruluşunun dəyişdirilməsinə cəhddir, Konstitusiyaya ziddir? Bunlar məntiqsiz arqumentlərdir. Məsləhət bilirəm ki, Cəlaloğlu siyasi savadını artırsın.
- Siyasi partiya dövlətin ziyanına olsa belə, öz şüarını səsləndirməli, ideyalarını təbliğ etməlidir?
- Siz ziyan deyəndə nəyi nəzərdə tutursunuz? Sosial ədalətli cəmiyyət ideyası Azərbaycanda hələ eramızdan əvvəl, Məzdəkilər hərəkatından üzü bu yana formalaşıb. Bu ideya, sosial ədalət prinsipləri bizə başqa dövlətlərdən ixrac olunmayıb. Bizim mübarizəmiz sosial ədalətin bərqərar olunması uğrundadır. Harada cəmiyyət varsa, orada sosial ədalət istiqamətində mübarizə var. Niyə elə başa düşülür ki, bizim partiyanın ideyası kənardan ixrac olunub? Sosial ədalət tələb edən partiya ölkənin quruluşuna qarşı çıxmış olur ki? Bu, yenə deyirəm, kökündən yanlışdır.
- Şəxsən sizin və partiyanızın Rusiyanın Azərbaycana qarşı siyasətinə münasibəti necədir? Baxın, bu gün Qarabağda olan Rusiya sülhməramlılarının addımlarının, qeyri-qanuni davranışlarının şahidiyik. Bilirsiniz, cəmiyyətin böyük kəsimi sizi ruspərəst, Rusiyaya bağlı adam kimi xarakterizə edir...
- Cəmiyyətin böyük kəsimi yox, bəzi adamlar belə düşünürlər. Mən bir müddət əvvəl də demişdim, indi də deyirəm ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanata uyğun olaraq Rusiyanın üzərinə götürdüyü öhdəliklər var. Təəssüf ki, bu gün həmin sənəddə göstərilən maddələri Rusiya sülhməramlıları pozurlar, öhdəlikləri tam yerinə yetirmirlər. Rəsmi Bakı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məsələni Rusiyanın diqqətinə çatdırmalıdır. Əgər Rusiya öhdəliklərini yerinə yetirə bilməyəcəksə, Azərbaycan alternativ yollar axtarmalıdır. Mənim Rusiyanın Qarabağla bağlı siyasətinə yanaşmam, mövqeyim bundan ibarətdir.
Bilirsiniz, Rusiya məsələsində yanaşma səhvdir. Bu günün Rusiya Federasiyası ilə Çar Rusiyası bir deyil. Bu gün Rusiyada hakimiyyət başındakı Vladimir Putindir, kommunistlərin lideri Gennadi Züqanov deyik ki... Bəli, məni ruspərəst kimi təqdim etməyə çalışanlar var. Mən Rusiyaya bağlı deyiləm, sadəcə olaraq Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin yaxşı olmasına tərəfdaram. Rusiya ilə də, İranla da, Gürcüstanla da, Türkiyə ilə də münasibətlərimizin dostluq səviyyəsində olmasını istəyirəm. Eyni zamanda, Ermənistanla da münasibətlərin bərpasının tərəfdarıyam. Kortəbii, yalançı millətçilik etmək, pafos yaymaq doğru deyil. Bütün xalqları özümüzə düşmən edə bilmərik, bu, bizim ziyanımızadır.
Bu gün Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır, işləyir, ailəsinə pul göndərir və s. Onların orada hüquqlarının tapdanmaması, incidilməməsi üçün Rusiyaya qarşı danışanda ehtiyatlı olmalıyıq. Mən bunu deyirəm, başlayırlar ki, “Rusiyanın adamıdır”. Təbii ki, Azərbaycanın suverenliyi Rauf Qurbanov üçün də, Azərbaycan Kommunist Partiyası üçün də bir nömrəli şərtdir. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində dayanmadan işlədik. Heç bir partiya bizim kimi fəaliyyət göstərmədi. Mən dünyanın 153 ölkəsinin kommunist partiyalarına, solçu təşkilatlarına haqq işimizlə əlaqədar müraciətlər etdim. İndi Sərdar Cəlaloğlu kimisi çıxır deyir ki, Kommunist Partiyası ləğv edilməlidir. Konstitusiyaya zidd fəaliyyət göstərən partiya Azərbaycanın haqq işi ilə bağlı dünya ölkələrinə çağırış edərdimi? Təbii ki, Biləcəridən o tərəfə keçəndə tanınmayan, heç bir xarici ölkə partiyaları ilə dost olmayan təşkilatın rəhbəri 153 ölkədə dost partiyası olan Kommunist Partiyasını qaralamaqla məşğul olacaq...