“Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır”
Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirus xəstələrinin müalicəsi məsələsinə toxunub.
AYNA-nın xəbərinə görə, Harmancı deyib ki, hazırda COVID-19-a qarşı effektli müalicə yoxdur: “İndiki dövrdə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığınn yaranmasına səbəb ola bilər. Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır. Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəliklərdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil”.
“COVID-19 pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb olub. Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər. Hesab edirəm ki, Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışının qarşısı alınmalıdır. İnsanları antibiotiklərdən istifadədən çəkindirmək əvəzinə, aptek şəbəkələri bunların sərbəst satışını məhdudlaşdırmalıdır. Bunun üçün müəyyən işlər aparılmalı, əhali maarifləndirilməlidir”, - deyə ÜST rəsmisi əlavə edib.