Gənclər dünya ictimaiyyətini erməni vandallığına qarşı biganə qalmamağa səsləyiblər
Gəncə şəhər Gənclər Evinin əməkdaşları və fəal gəncləri Heydər Əliyev Park-Kompleksinin ərazisində yürüş təşkil ediblər. Bu barədə AYNA-ya Gəncə şəhər Gənclər Evindən məlumat verilib.
Aksiya iştirakçıları Gəncə və Bərdə şəhərlərində, eləcə də ölkəmizin digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.
Gənclər Evinin təşəbbüsü ilə keçirilən aksiyada bildirilib ki, Ermənistanın işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirdiyi ekoloji terror aktı, o cümlədən meşələri məqsədli şəkildə yandırması və ağacları kütləvi sürətdə kəsib oduncaq etməsi düşmən ölkənin Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin davamıdır.
Dünya ictimaiyyətini erməni vandallığına qarşı biganə qalmamağa səsləyən gənclər “Erməni terrorçuluğuna son!”, “Ermənilərin ekoloji terroruna son“ kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdiriblər. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü siyasəti qınayan aksiya iştirakçıları, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə, eyni zamanda mülki əhaliyə və ekologiyaya qarşı törədilən vandalizm aktlarına qiymət verməyə çağırıblar.