Gələcəyə gözüyumulu: Həm narazı, həm də məcburuq

Cəmiyyət

20.05.2021 - 15:10

Elçin Əfəndi: “Sabah bunun ağır fəsadları ilə üz-üzə qalacağıq”

 

Nadir İsrafilov: “Bu, bizim üçün məqsəd deyil, vəziyyətdən çıxış yoludur”

 

Hazırda ölkə üzrə birinci sinifdə 640 min şagird təhsil alır. Artıq bir ildən çoxdur ki, təhsilimiz distant formada (arada bəzi istisnalar olmaqla, məsələn, tədris ilinin başa çatmasına 1 ay qalmış paytaxt məktəblərində yarıdistant formaya keçid kimi) davam edir. Bu qayda ali təhsil müəssisələri və orta ümumi təhsil müəssisələrinin 10-11-ci sinifləri üzrə də belədir.

 

Mövcud reallığı AYNA-ya şərh edən təhsil eksperti Elçin Əfəndi hesab edir ki, distant təhsil post-pandemiya dövründə şagird və tələbələr üçün ciddi problemlər meydana çıxaracaq: “Birincisi, telefon, planşet, noutbuk kimi informasiya texnologiyaları avadanlıqlarından istifadə olunur ki, bu da istər-istəməz insan sağlamlığına mənfi təsir edir. Uşaqların görmə qabiliyyətində problemlər yaranacaq. Distant təhsil həm şagird və tələbə, həm də müəllim heyətinin psixologiyasına da ciddi təsir edəcək. Və distant təhsildən ənənəvi təhsilə keçid zamanı adaptasiya prosesi uzun zaman alacaq. Yenidən ənənəvi təhsilə uyğunlaşmaq, yenidən parta arxasına əyləşmək çətin olacaq. Bunun müəyyən fəsadları özünü sonra göstərəcək”.

Mayın sonunda da dərslərin başlanması gözlənilmir”- PROQNOZ - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

Həmsöhbətimizin fikrincə, bütün bunlara görə dərslərin mərhələli şəkildə açılması daha məqsədəuyğundur: “Tədricən bütün tədris pilləsini açmaq yox, bunu müəyyən mərhələlərlə etmək lazımdır. Məsələn, ali təhsil müəssisələrində birinci kurslar dərslərə başlasın, bir ay sonra isə ikinci, daha sonra üç və dördüncü kursların dərsləri ənənəvi formaya keçsin. Eyni qayda orta məktəblərə də şamil edilsin”.

 

E.Əfəndi distant təhsil zamanı dərsin mənimsənilməsində, keyfiyyətli şəkildə öyrənilməsində ciddi problemlər olduğunu da deyib: “Şagirdin dərsə necə hazırlaşması, onun dindirilməsi zamanı dərsə hazırlıqlı olub-olmaması və bunun üçün obyektiv şəkildə qiymətləndirilmə aparılması mümkün deyil. Müəllim şagirdi ənənəvi təhsil zamanı canlı görüb onun biliyini qiymətləndirə bilirdi. Bəzi şagirdlər onlayn təhsil zamanı kameraları söndürüb kitabı üzündən oxuyub cavablandırırlar. Distant təhsil formasının kefiyyət göstəricisi olduqca aşağıdır”.

 

Müsahibimizin qənaətincə, belə vəziyyətdə ixtisaslı, peşəkar kadr yetişdirməkdə çətinlik çəkəcəyik: “Əmək bazarında ixtisaslı kadrların tapılmasında çətinlik yaranacaq. Aparılan monitorinqlər onu da göstərir ki, şagirdlər arasında fikir ifadəetmə bacarığı dəfələrlə aşağı düşüb. Eyni zamanda kitaba meyillilik hədsiz dərəcədə azalıb. Bu, ciddi bir fəsaddır.  Şagirdlərdə oxu vərdişləri və ünsiyyət qabiliyyəti də aşağı düşəcək”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov isə AYNA-ya şərhində distant təhsilə məqsəd kimi yox, vəziyyətdən çıxış yolu kimi baxmağı tövsiyyə edib: “Hər şeydən əvvəl xatırlatmaq yerinə düşər ki, distant təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Təhsilalma formalarından biri kimi onun xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, müəllimin yeni rolu, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Daha konkret desək, distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.”

Nadir İsrafilov: “Tam əminliklə deyə bilərəm ki, İctimai Şuranın fəaliyyəti  öz müsbət nəticələrini göstərəcək…”

Ekspertin sözlərinə görə, təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır: “Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir. Distant təhsilin bir üstünlüyü də ondadır ki, təhsilin bu forması öyrədən və öyrənənin eyni məkanda olma məcburiliyini ortadan qaldırir. Yəni məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bir çox tələbələr işin çoxluğu, ailə öhdəlikləri və ya digər səbəblərdən ölkəni tərk etmədən xaricdə belə, təhsil almaq imkanına malik olurlar”.

 

“Göründüyü kimi, ümumi orta təhsillə müqayisədə təhsilin bu forması ali təhsil üçün daha xarakterikdir və ümumi orta təhsilin də bu formaya keçməsinin aktuallığı əsasən panemiyanın yaratdığı fəsadlarla bağlıdır. Təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, distant təhsilin ailələr üçün böyük stress və diskomfort yaratdığı aydındır. Bunu başa düşürük. Məncə, cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant təhsil dedikdə biz sistem olaraq distant təhsilə transformasiyadan danışmırıq, yəni məqsəd distant təhsilə keçid deyil. Distant təhsil sadəcə olaraq yaranmış vəziyyətdə ən uyğun həll, yəni çıxış yoludur”, - deyə İsrafilov bildirib.

 

O, distant təhsilin yarada biləcəyi fəsadlara toxunarkən, təsdiq edib ki, məktəblərdə tədrisin ilboyu qeyri-sabit davam etməsi təhsilin keyfiyyətinə təsirsiz ötüşmür: “İstər psixoloji, istərsə də keyfiyyət baxımından tədrisin gah əyani, gah hibrid, gah da tam distant keçirilməsinin təsiri var. Bu, şagirdlərin dərsi qavramasına təsir edir. Həmçinin şəhərin özündə belə, distant təhsilə əlçatanlıq tam deyil. Amma bununla yanaşı, pandemiya dövründə daha məqbul sayıla biləcək başqa yol yoxdur. Artıq qeyd edildiyi kimi, distant təhsil məqsəd deyil, vasitədir, bir növ vəziyyətdən çıxış yoludur. Bu gün distant təhsil üçün bütün resurslar cəlb edilib, distant təhsilə əlçatanlıq üçün bütün mümkün olan imkanlardan istifadə olunur”.

Müəllif: Ülviyyə Şahin