“Faciənin fotosu” çəkilib - <font color=red> FOTOLAR</font>

Cəmiyyət

18.01.2020 - 21:05

Film sabah nümayiş olunacaq

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib və yaralanıb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə edilib.

 

AYNA xəbər verir ki, 20 Yanvar hadisələrindən 30 il ötməsi ilə əlaqədar olaraq Azərbaycan Fotoqrafları Birliyi (AFB) apardığı araşdırmalar nəticəsində çəkilən fotolar və arxivlərin saxlanılması haqqında məlumatlar toplayıb.

 

“Faciənin fotosu” adlı tammetrajlı sənədli film çəkilib. Film AFB üzvləri, ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbər və məsləhətçisi Mirnaib Həsənoğludur. Filmə texniki dəstəyi Xətai Qasımlı verib.

 

Filmdə Azərbaycanın fotoqrafları Fərid Əşrəfoğlu, Asim Talıb, Mehdi Abbasov, Malik Şərifov, Fərid Xayrulin, Rauf Umudov, Rasim Sadıqov, Tahir Cəfərov və Mirnaib Həsənoğlu o zaman çəkdikləri fotoların, o günlərin xatirələrini bölüşüb. Dünyasını dəyişmiş fotoqraflar Yaşar Xəlilov, Rafiq Nağıyev, Oleq Litvin haqqında, həmkarları Hüseyn Hüseynzadənin arxivini qoruyub saxlayan “ArtFaktor” agentliyinin direktoru Asiyat Fətullayeva, Əli Qafarovun həyat yoldaşı Tavat Qafarova xatirələrini bölüşüb və arxivlər haqqında məlumat veriblər.

 

Filmdə AFB, AZƏRTAC, “AartFaktor” agentliyinin və fotoqrafların şəxsi arxivlərindən istifadə olunub, dünyasını dəyişmiş fotoqrafların arxivlərini saxlayan insanların fikirləri əksini tapıb. Fotoqrafların gördükləri işlər haqqında danışmamasını nəzərə alsaq, filmdə onlar keçirdikləri hissləri və o zaman gördüklərini bölüşüblər. Filmdə təqdim olunan fotoların çoxu ilk dəfə olaraq nümayiş olunacaq. Tanıdığımız fotoların müəllifləri də bu filmdə təqdim olunacaqlar.

 

Fotoqrafların fotoqraflar haqda çəkdiyi ilk eksprimental filmdir. Hal-hazırda 20 yanvar faciəsi filmdə çəkilmiş fotoqrafların gözü ilə gələcək nəsillərə çatdırılacaq. 20 yanvar tariximizin qanla yazılmış unudulmaz səhifəsidir.

 

Filmin nümayişi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. Film 19 yanvar 2020-ci il saat 15-00 da nümayiş olunacaq.

 

Ünvan: Nizami Kino Mərkəzi

 

Bakı şəhəri, Bül-bül prospekti 20

Müəllif: Ayna.az