Əsrlərin savaşı, yolların yorğunluğu və həyata dirəniş – TÜRK MƏNƏM

Tarix

04.07.2021 - 23:50

Orta Asiyadan Orta Şərqə qədər böyük mübarizə yolu keçən bu bir parça topluma hələ də dincliyi çox görürlər

 

Bu gün dünyada dövləti olmayan, dili unutdurulan, azadlığı əlindən alınan türk toplumlarından biri də Suriya türkmənləridir. Xüsusən son bir əsrdə ciddi ərəbləşməyə məruz qalsalar da, yenə də öz dillərini, mədəniyyətlərini qoruyub saxlaya biliblər.

 

Suriya dövləti türkmən xalqının sayı haqqında heç zaman dəqiq rəqəm aşıqlamasa da, 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra köç edənlər, mühaciətə gedənlər, həlak olanlar və Suriyada qalanlardan təxmini rəqəm çıxarıldı. Suriya türkmənlərinin sayını BMT-nin qaçqınlar üzrə ali komissarlığı 3-3.5 milyon nəfər göstərdi.

 

Müharibə dövrünə kimi onların daha çox yaşadığı yer Hələb şəhəri və ətraf qəsəbələrdən Cerablus, Münbiç, Azez və Musabəyli idi. Bundan əlavə, Dəməşqdə böyük bir məhəllədə, Həma, Hums, Lazkiyə, Tartus kimi şəhərlərdə də yaşayırdılar. Lazkiyə və Türkiyəyə yaxın yerlərdə yaşayanlara Bayır-Bucaq türkmənləri deyilir.

No description available.

Ümumilikdə Suriyada 523 türkmən kəndi var. Türkmənlərin Suriya torpaqlarında varlığı uzun tarixi dövrü əhatə edir. Demək olar, ərəblərlə birlikdə Şam torpaqlarına qədəm qoyublar.

 

Suriyaya ilk gəliş tarixi

 

Əməvilərin Gürgan qətliamından sonra İslam dinini qəbul edən azsaylı türklər, Şam torpağında özünü peyğəmbər edilan etmiş Abdurrahman Səid Əl-Dəməşqinin ordusunu məğlub etmək üçün ərəb ordusuna qoşularaq, oraya göndərildilər. Əl-Dəməşqi öldürüldü və şərqdən gələn ordu burada ərazini mühafizə etmək üçün yerləşdirildi.

 

Abbasilərin dövründə, xüsusən də Xəlifə Məmun və Mötəsimin hakimiyyəti zamanı türklərdən ibarət bir ordu təşkil edilərək, birbaşa xəlifənin əmrində Şam torpaqlarını qorumaq üçün göndərildi. Türklərin sıx yaşadığı yerdə isə Samirə şəhərini saldılar. Xəlifə Mötəsim bununla da kifayətlənməyib, Eşnas Əl-Türkini Misir və Şam əmiri təyin etdi.

 

875-ci ildə daha bir türk komandanı Əhməd İbn Tolun Misirdə hakimiyyəti ələ alıb, Tolunoğulları dövlətinin əsasını qoydu. Şam və Hələb də daxil, Suriya torpaqlarını hakimiyyəti altına aldı. Bu dövlət süquta uğradıqdan sonra hakimiyyəti İşidilər ələ alsalar da, Hələb və Şam toprpaqlarına yenə də türklər nəzarət edirdilər.

 

Köklü yerləşim

 

Oğuz-səlcuqların Anadoluya gəlməsi ilə Suriya ərazisində yeni birliklərlə yanaşı, Şam-Hələb bəyliyinin də əsası qoyuldu. Misirdə dövlət quran Səlahəddin Əyyubinin Suriyaya gəlməsi nəticəsində, türklər onun ordusunda yer alaraq, səlibçilərə qarşı böyük mübarizə apardılar. Zəngilər isə Şam məlikliyini süquta uğratdılar.

 

Monqollar zamanı da Suriya hücuma məruz qalmışdı. Əmir Teymur isə Qaraman bəylərbəyliyinin dəstəyi ilə 1400-cü ildə Şam, Hums, Həma və Hələb şəhərlərini ələ keçirmiş, öz əmirlərini buraya təyin edərək, bir bölük ordu da yerləşdirmişdi. Daha sonra isə əraziyə Məmlük sultanları nəzarət etdilər.

 

1516-cı ildə Yavuz Sultan Səlim Şam torpaqları üzərinə hücuma keçdi. Suriya ərazisi Məmlük dövlətindən alınaraq, Osmanlı tərkibinə qatıldı. Bundan sonra Osmanlıdan, Anadoludan Suriyaya türkmənlərin axını baş verdi. Saltuq, Bəydilli, Əfşar, Qaraman, Oğuz, Bayat türkmənləri əraziyə yerləşdirildilər. Lakin bircə Rəqqadakı yaşam şərtləri, isti hava onları Lazikiyəyə köçməyə vadar etmişdi.

 

1918-ci ilə kimi türkmənlər Osmanlının himayəsində yaşadılar. Lakin ingilislərin bölgədə alovlandırdığı ərəb milliyətçiliyi, Osmanlını içdən parçalama siyasəti nəticəsində Şərif Hüseyn üsyanı Suriyaya da keçdi. Ərəblər türkmənləri qətlə yetirməyə, 1000 ildən çox yaşadıqları vətənlərindən uzaq salmağa başladılar. Suriya kralı Faysal Hələbdə türklərə qarşı gizli qətllər törədirdi. Onları tədricən idarəçilikdən uzaqlaşdırdı. İngilis və fransızlar isə öz aralarında anlaşaraq, kralı devirib, buraları öz işğal zonlarına salmağı planlamışdılar.

 

Bölgədə Fransanın mandat sistemi ilə idarəçiliyi başlandı. Lakin 1918-ci ildən Mustafa Kamal Paşanın öndərliyində başlayan hərəkatla türkmənlər ayağa qalxdılar. Özünümüdafiə qüvvələri yaratdılar. Bu qüvvələrin başına Yasin Paşa gətirilmişdi. Fransızlar o zaman indiki Türkiyənin bir çox cənub əyalətlərini də işğal etmiş vəziyyətdə idilər. Lakin arxadan onlara qarşı Hələb komandanlığının dirənişini gözləmirdilər.

 

Sıxışdırılan fransız mandat yetkililəri ilə Türkiyə hökuməti arasında Anakarada 1921-ci ildə müqavilə bağlandı. Müqaviləyə görə fransızlar bəzi torpaqlardan çəkilsələr də, İsgəndərun sancaqlığı Suriyada qaldı. Lakin burada idarəçilikdə türklər yer alacaqdılar və Ankara hökuməti onların təyinatını həyata keçirəcəkdi.

 

Türkmənlərin ulu babası Süleyman Şahın türbəsi və ətrafı isə türk torpağı hesab edildi. Buranı Türkiyədən göndərilən mühafizəçilər qoruyacaq və türk bayrağı qaldırılacaqdı. 1939-cu ildə türk ordusu İsgəndəruna girərək, yenidən ərazini türk torpaqlarına qatdı.

 

Türkmənlərin babası Süleyman Şah

 

Haqqında rəvayətlər deyilən, qəhrəmanlıq dastanları qoşulan, Süleyman Şah Osmanlının əsasını qoyan Osman qazinin babasıdır. Doğum və ölüm tarixi bilinmir. Monqolların Orta Asiyaya hücumu zamanı Türkmənistandan Azərbaycana, buradan da Anadoluya köç edən Qayı boyunun bəyi idi. Hətta, Hələbdə səlibçilərə qarşı dirənən ordunun komandanı olduğu da bilinməkdədir.

No description available.

Bəzi tarixçilər onun Fərat çayında boğdurularaq öldürüldüyünü iddia edirlər. Onun türbəsi Hələbdə Cabər qalasının Fərat çayına baxan hissəsində idi. Bütün türkmənlərin and yeri və birinci ziyarət etdikləri türbə idi. Lakin Suriyada başlanan vətəndaş müharibəsi zamanı İŞİD terrorçularının bəzi tarixi abidələri məhv etməsi Süleyman Şah türbəsini də təhlükədə qoymuşdu.

 

Türkiyə hökuməti heç cür onun mühafizəsini təşkil edə bilmirdi. Belə bir vəziyyətdə qapalı iclas keçirərək, 19 fevral 2015-ci ildə “Fərat qalxanı” əməliyyatında Süleyman Şah türbəsi gecə ilə köçürüldü. Hazırda müvəqqəti olaraq, Türkiyə-Suriya sərhədinin 180 metrliyində, Eşmə kəndində yerləşdirilib və türk əsgəri tərəfindən qorunmaqdadır.

 

Türkmənlər və Azərbaycan

 

Suriya türkmənləri özlərini həm də azərbaycanlı hesab edirlər. Danışdıqları türkcə də Azərbaycan türkcəsi ilə eynilik təşkil edir. Sadəcə ərəb dili təsiri açıq-aydın hiss olunur. Höllük məhəlləsinin sakinləri, Bəydilli tayfası özlərini Azərbaycan türkmənləri hesab edirlər.

 

Azərbaycanın Biləsuvar rayonunda da Bəydilli tayfalarının yaşadıqları, hətta bu adda kəndin olduğu da bilinməkdədir. Qəbələ rayonunda Şamlı kəndi var ki, 17-ci əsrdə şiə türkmənlərin Osmanlı tərəfindən sıxışdırılması nəticəsində Azərbaycana köç etmişdilər. Lakin bəzi yerlərdə özlərini ögey hiss etdiklərindən, şimala doğru yol alaraq yurd salmışdılar. Şamlı tayfası hələ də rayonda yaşamaqdadır.

 

Suriya türkmənlərinin dini baxışı həm sünni, həm də şiə-ələvidir. Hələ Ərdəbil hakimliyinin dövründən Suriyada sufi mürid ocaqları fəaliyyət göstərirdi ki, sonradan qızılbaşlığı qəbul etdilər və Anadolu türkmənlərinə dəstək verdilər. Hazırda da onların dini baxışlarında fərq olsa da, millət olaraq bir-birlərinə dəstəkdirlər.

 

Hazırda Suriyada yenə türkmənlər yaşayırlar. Onların bir qismi vətəndaş müharibəsində dövlətin tərəfini tutaraq, orada yaşamağa davam etdilər. Bir qismi isə Türkiyə dövləti tərəfindən İŞİD və PKK-dan təmizlənən ərazilərə köçürüldü.

 

Beləliklə, türk coğrafiyasının bir tərəfində evi dağılmış, yurdu viran qoyulmuş soydaşlarımız da varlığını davam etdirir. Bütün bu məhrumiyyətlərə rəğmən, qardaşlarına da dəstək olurlar. İstər İraq olsun, istər Azərbaycan... Həm aprel döyüşlərində, həm də Vətən müharibəsində Azərbaycan bayrağı qaldıraraq, qardaşlarına mənəvi dəstəklərini əsirgəmədilər.

Müəllif: Şəhla Cabbarlı