On beş min illik tarix və 21-ci günün cazibəsi: Oyanış, qurtuluş, bərəkət

Tarix

08.03.2021 - 22:40

Onlar yolu tapa bilmirdilər, buna görə böyük ocaqlar yandıraraq, dağları əritdilər və dağların arasından qurtuldular

 

20-21 mart tarixlərində qeyd edilən, tarixi kökənləri qədim dövrlərə kimi gedən Novruz bayramı bəzi Şərq ölkələrində, eləcə də Azərbaycan, Anadolu, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan, Şərqi Türküstan Uyğur bölgəsi və digər türk yurdlarında qeyd edilir. Bu tarix təbiətin oyanması, qarların əriməyə başlaması, köçəri quşların yuvasına dönməsi kimi hadisələrlə, yazın gəlişinin xəbərçisidir.

 

Novruz sözünün mənası farsca “nev” - yeni və “rouz” - gün kimi tərcümə edilərək, “Yeni gün” anlamını verir. Yazılanlara görə isə, bu bayramın tarixi 15 min il əvvəldən, yəni buzlaqların əriməyə başladığı, ibtidai insanların müxtəlif təbiət inanclarının meydana gəldiyi tarixdən başlayır.

 

Novruz bayramının milli tarixi kökəni, əsasən iki xalqın iddialarına dayanır: türklər və farslar. Türklər bu bayramı “Ərgənəkondan çıxış-törəyiş”, farslar isə “Dəmirçi Kava” dastanına bağlayırlar. Bəzən bayramdan əvvəl dörd çərşənbənin qeyd edilməsi Zərdüştlüyün dörd müqəddəs elementinə bağlansa da, farsların bunu sırf zərdüştlərin təkallahlı omadığı, həm də Zərdüştün türk kökənli olması səbəbindən qəbul etmədikləri iddiası irəli sürülüb.

 

Əslində, dörd çərşənbənin qeyd edilməsi şamanizm inancı ilə bağlıdır. Məsələn, Su çərşənbəsində səhər erkəndən çaya, bulağa getmək, su gətirib evə çiləmək, yaxud da, ilin axır çərşənbəsində od ətrafında dövrə vurmaq, insan vücudunu pis ruhlardan və xəstəliklərdən təmizləmək üçün od üstündən tullanmaq kimi adətlər şamanizmin əlamətidir.

Bu gün ilk çərşənbə - Su çərşənbəsidir

Novruz bayramı Azəbaycanın milli bayramları sırasındadır. Xalqımız  bu bayramı digər ölkələrdən fərqli qeyd edir. Bayramdan əvvəlki dörd çərşənbə - su, od, yel, torpaq çərşənbələri də bayram sayılır. Bayram müxtəlif xalq oyunları, milli, yerli adətlərin də rəngləndirdildiyi şəkildə, fəqli çalarlarla qeyd edilir. Novruzun öz bayram özəllikləri ilə yanaşı Azərbaycan milli dəyərlərinin də bayrama əlavə edilməsi daha da şən əhval-ruhiyyə yaradır.

 

Qardaş Türkiyədə isə Novruz bayramını, sadəcə Anadolu bölgəsində türkmənlər və kürdlər qeyd edirlər. Türkmənlərin bəziləri milli oyanış bayramı kimi, ələvi türkmənlər Hz. Əlinin doğum günü olaraq, kürdlər isə İran-fars mifoloiyasından çıxış edərək bu bayramı özəlləşdiriblər.

 

Türklərdə Ərgənəkon - Novruz bayramı

 

Bu bayramın türklərin bayramı olması haqqında fərqli iddialar ortaya atılıb. Qədim Çin qaynaqlarında Hunların hər il yazın başlanğıcında böyük törən keçirdiyi, şənliklər etdiyi yazılır. Hətta e.ə. 119-cu ildə Çiyan Kenin Çin imperatoru üçün yazdığı daş kitabədə də bu bayramdan bəhs edilir. Müasir türkoloqlar həmin adıkeçən bayramı, məhz bahar bayramı olaraq izah edirlər.

 

Yeni ilin başlanğıcını xəbər verən bahar bayramının Orxon-Yenisey ətrafından başlayıb, Altaylara, oradan da eramızın IV-VI əsrlərində hunların böyük köçü zamanı Macarıstana, Balkanlara, Qafqaza, Anadoluya yayıldığını qeyd edirlər. İkinci yayılma qolu isə Tacikistan, Əfqanıstan, İraq və İranın cənubunadək uzanır. Şərqdə İslam dini yayıldıqdan sonra bu bayram qadağan edilsə də, baharın gəlişi, ilin başlanğıcı təqvimi, yaxud da Hz. Əlinin doğum günü kimi dini qaydalar çərçivəsində qeyd edilməyə başlayıb.

 

Uzun əsrlərdir oyanış bayramı türk elləri arasında fərqli adlarla yaşasa da, məqsəd və bayram gələnəyi eynidir. Ərgənəkon bayramının, “Ərgənəkon dastanı”nın yaranması Göytürk dövlətinə bağlansa da, qazax türkoloqları bu dastanın Böyük Hun dövlətinə aid olduğunu bildirirlər. Əbülqazi Bahadur Xan da “Şəcarayi-Türk” əsərində Novruzun köklərinin məhz qədim türklərə bağlılığı haqqında yazır.

 

Novruzla bağlı digər tarixi məlumatlar “Qutatqu-Bilik” əsəri ilə başlayıb, “Divanü Lüğət-it-Türk”-lə davam edib. Daha sonra Nizamülmülk “Siyasətnamə” əsərində, Sultan Məlikşah dönəmində ilin başlanğıcını, bahar bayramını təsvir edir.

 

Bunun ardınca Novruzun qeyd edilməsi Ağqoyunlu hökmdarı Uzun Həsənin hakimiyyəti dövründə türkmən ellərinin kütləvi bayramı olaraq görülməkdədir. Fransız səyyah Jan Şardən də “Parisdən İsfahana səyahət” əsərində Səfəvi dövlətində qeyd edilən bayramlardan yazmışdı. Onun qeydlərində Səfəvilərdə bir çox dini və milli bayramların adı çəkilir, lakin bunlardan üç əsas olanı Ramazan, Qurban və Yaz (Yeni il) bayramları digərlərindən daha möhtəşəm keçirilirdi. O, Yaz bayramında şəhərlərdə əhalinin yeni paltar geyinməsini, bir-birinə hədiyyələr verməsini, hətta, Şahın belə, insanlar arasında meydanda göründüyünü yazırdı.

 

Şardən digər qeydlərində İrəvan və Təbrizdə də bayramın təsvirini verir. Yazır ki, bayram günü axşama yaxın Təbriz gəncləri şəhər meydanında bozqurd rəqsi edirlər. Şardənin daha bir izahı Yeni il bayramında insanların bir-birinə üzəri bəzədilmiş yumurta hədiyyə etməsi ilə bağlıdır. Onun yazdığına görə, xalq qədim adətlərə dayanaraq yumurtanı hər şeyin, həyatın başlanğıcı olaraq dəyərləndirir və bir-birinə yumurta verirdi.

 

Hunlarda Bahar bayramı

 

Qədim mənbələrin verdiyi məlumata görə, Hun xaqanı təbiətin oyanışını Tanrının Hun ellərinə bir lütfü kimi qiymətləndirirdi. Tanrı təbiəti göyərdirdi, göy buzlaqlar əriyirdi, su otlara, ağaclara həyat verirdi. Xaqan da Tanrının bu uca sevgisinin qarşılığında öz xalqını sevindirirdi və ondan sonra səfərə çıxardı.

 

Hun elləri böyük meydanda toplanardı. Lakin bundan əvvəl öncə Xaqan, ardınca isə xalq Ata mağarasına gedərdi. Burada müxtəlif ayinlər icra edərək, atalarının qutsal ruhuna sədaqət andı içərdilər. Meydanın baş tərəfində Xaqana taxt qurulardı. Qadınlar, qızlar bir tərəfdə, hun bəyləri isə qarşı tərəfdə sıra ilə əyləşərdilər. Xaqan döyüşlərdən əldə edilən qənimətlərdən xalqa payladardı və xalqa hesabat verərdi.

No description available.

Hun inanclarına görə, ilin başlanğıcı ölkəyə ruzi-bərəkətlə, bolluqla qədəm qoyardısa, il sonunadək bu bolluq davam edəcək. Xaqan xalqdan məsləhət də alardı. Onları dinləyər, hər birindən dövlətin qorunması və yeni fəthlər üçün övladlarını istəyərdi. Bundan sonra meydanda böyük tonqal yandırılardı. Böyük elin iştirakı ilə tonqal türklərdə bir səfərə çıxarkən, bir də baharın gəlişi münasibəti ilə yandırılardı. Bundan sonra  igidlər at çapar, hun döyüş sənətindən nümunələr nümayiş etdirərdilər. Bu təntənəli bayram Hun dövlətində 3 gün davam edərdi.

 

Ərgənəkon bayramı

 

“Ərgənokon” dastanı “Bozqurd” dastanının davamıdır. Yuxarıda da qeyd etdiyim kimi, türkoloqlar dastanın başlanğıcını Hun dövlətinin dağılma dövründən, Göytürk dövlətinin yaranma dövrünə kimi olan zaman aralığına aid edirlər. Dastana görə, türkləri məğlub edə bilməyən düşmənlər onların arasına nifaq salmaqla bir-birindən ayrı salıb, onları məğlub edirlər. Bütün insanlar qılıncdan keçirilir.

 

Lakin təkqollu uşaq sağ qalır. Dişi bir qurd onu meydandan götürərək, Altay dağlarının arasında, yaşıllıq və bolsulu yerdə öz südü ilə bəsləyərək, böyüdür. Bir müddət sonra o türk uşaqla dişi qurdun xeyli övladı dünyaya gəlir.

 

Zaman keçdikcə Aşina soyu böyüyür və Ərgənəkon adlandırdıqları dağların arasından öz babalarının gəldiyi yolu axtarmağa çalışdılar. Lakin yolu tapa bilmədilər. Böyük ocaqlar yandıraraq, dağları əritdilər. Beləliklə dağların arasından qurtuldular. Həmin gün 21 mart tarixinə təsadüf etdiyindən 21 mart türk tarixində qurtuluş, törəyiş və yeni ilin başlanğıcı günü kimi qeyd edilməyə başlanıb.

 

Bundan sonra türklər düşmənlərini məğlub edib, öz dövlətlərini qurdular. Dövlətin rəsmi bayramı da Ərgənəkondan çıxış bayramı kimi hər il mart ayının 21-də qeyd edildi.

 

Dastanda bayramın detalları daha geniş izah edilib. Maraqlıdır ki, həmin dastanda yer alan Bahar bayramının elementləri bu gün türk dövlətlərində qeyd edilən bahar bayramındakı elementlərlə eynilik təşkil edir.

 

Dünyada Novruz

 

Novruz bayramı beynəlxalq səviyyədə də tanınıb. Belə ki, son illərdə Novruzu öz milli bayramı, qonşu dövlətlərin isə bu bayramdan pay alaraq yararlandığını təbliğ edən İrana, sanki UNESCO tərəfindən cavab gəldi. 30 sentyabr 2009-cu ildə Novruz bayramı qeyri-mədəni irs kimi təşkilatın bayramlar siyahısına salındı. Bu bayram onu qeyd edən bütün xalların ortaq mədəni irsi olaraq qiymətləndirildi.

 

2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında çıxış edənlər Novruz bayramının Şərq xalqlarının milli ənənələrinə söykənən əsas bayramı olduğu üçün, 21 mart tarixini “Beynəlxalq Novruz Günü” elan etdilər.

Müəllif: Şəhla Cabbarlı