Ermənistandakı casus qalmaqalı, reinteqrasiyaya əngəl, sonsuzluq və... - Milli Məclisdə MÜZAKİRƏ

Aktual

09.06.2023 - 13:57

Parlamentin iclasının gündəliyinə 41 məsələ çıxarıldı: deputatlar təkliflər səsləndirdilər

Bu gün Milli Məclisinin növbədənkənar sessiyasında növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 41 məsələ daxil edilib. Qanun layihələrinin müzakirəsindən əvvəl deputatlar cari məsələlərlə bağlı təkliflər səsləndiriblər.

Deputat Elşad Mirbəşiroğlu təklif edib ki, “Böyük Qayıdış Günü” təsis edilməlidir. Millət vəkili xatırladıb ki, 2016-cı il Aprel döyüşlərindən sonra Cəbrayılın Cocuqmərcanlı kəndi düşməndən azad edildi: "2017-ci ildə bu kənd qısa zamanda bərpa olundu. Bununla da Böyük Qayıdışın əsası qoyuldu. İkinci Qarabağ müharibəsindən sonra xalqımız Böyük Qayıdışın növbəti mərhələsini yaşayır. Bu tarixin təsis edilməsi erməni işğalına bir daha tarixi nəzərlərin yetirilməsi baxımından önəmlidir".

Ermənistan Naxçıvanla sərhəddə zavod tikir: Azərbaycan üçün daha təhlükə var

Millət vəkili daha bir narahatedici məqama toxunub. Bildirib ki, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə - Yerasx adlandırdıqları Arazdəyən kəndində 16 min 500 kvadratmetr sahədə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu inşa edir: “Bu zavod Amerikanın maliyyə yardımı ilə inşa edilir. Zavod təkcə ekoloji deyil, gələcəkdə hərbi təhlükəyə də səbəb ola bilər. Ona görə də gələcəkdəki hərbi-siyasi təhlükənin qarşısını almaq üçün ciddi addımlar atmalıyıq və hesab edirəm ki, bu məsələ müzakirə olunmalı, beynəlxalq qurumlara etirazlar bildirilməlidir”.

Deputat Aydın Mirzəzadə isə Avropa İttifaqının (Aİ) Azərbaycana yanaşmasını tənqid edib. Millət vəkili bildirib ki, Aİ ölkəmizə qarşı yanaşmalarda diqqətli olmalıdır: “Hesab edirəm ki, Aİ-dəki bürokratlar Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamalarını təşviq etməlidirlər. Lakin biz əksini görürük. Aİ Azərbaycana qarşı reallıqdan uzaq yanaşmalar ortaya qoyur".

“Düşünürəm ki, Aİ Azərbaycanın Qarabağda yaşayan ermənilərin reinteqrasiyası ilə bağlı atdığı addımlara, gördüyü işlərə diqqətlə yanaşmalıdır. Azərbaycan reinteqrasiyada maraqlı olduğunu əməlləri ilə sübut etməkdədir”, - Mirzəzadə əlavə edib.

Spiker deputata cavab verdi: “Əhliman bəy bununla ciddi məşğul olacaq”

Deputat Qənirə Paşayeva isə sonsuz ailələrin problemlərini səsləndirib. Millət vəkili təklif edib ki, sonsuzluq səbəbindən dağılan ailələrin sayı çoxalır: “Hesab edirəm ki, bu problemin qarşısının alınması üçün qardaş ölkə Türkiyənin təcrübəsindən yararlanmaq, həmin sistemi tətbiq etmək olar. Bu, çox vacib məsələdir. İllərdir deyirik, amma nəticə olmur. Reproduktiv sağlamlıq haqqında qanun layihəsinin qəbuluna ehtiyac var. Çünki bu ailələri sığorta olmadan xilas etmək mümkün deyil”.

“Bu sahədə tibbi xidmnətlər çox bahadır. Hətta orta aylıq gəliri normal olan ailələr üçün də bu məsələnin həlli qeyri-mümkündür", - deyə Paşayeva əlavə edib.

Milli Məclis sədri S.Qafarova deputata deyib ki, parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məsələ ilə bağlı ciddi məşğul olacaq: “Bu məsələni komitədə işçi qaydada müzakirə edə bilərsiniz. Hesab edirəm ki, Əhliman bəy bununla ciddi məşğul olacaq”, - spiker bildirib.

Komitə sədri: “Əgər mina xəritələri onlarda varsa...”

İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc azad ərazilərdəki mina probleminin qısa zamanda həllini vacib saydığını deyib. Onun sözlərinə görə, bu məsələdə beynəlxalq qurumlar yardım etməlidirlər. Komitə sədri xatırladıb ki, iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə günahlandırıb: “Həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək qələbəyə nail olublar. Təsəvvür edin, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibəki məğlubiyyətdə günahlandırmaq, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdılar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər. Ermənistanda təkcə bu qurumu yox, YUNİCEF-in yerli rəhbəri Marian Hattinqi də ölkəmizlə gizli işbirliyində günahlandırdılar. Casus qalmaqalına müharibə vaxtı Britaniyanın Mİ-6 təşkilatını, Almaniya Bundestaqının üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın təhlükəsizlik qüvvələrini, ordu generalları və zabitlərini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər. Son 3 ildə məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır”.

““Bütün ərazilər minalıdır” fikrini beyinlərə yeritmək olmaz”

“Təbii ki, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər "Halo Trust" mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 nəfər insanımızın həyatı itirilməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi. Ona görə də biz Zəngilandan Ağdərəyədək böyük bir coğrafiyanı öz qurğuları, səbr və dözümləri ilə minalardan xilas edən Britaniya təşkilatına təşəkkür edirik. Əgər mina xəritələri onlarda varsa, o ərazilərin əsil sahibləri kimi dövlətimizə təhvil verməyə çağırırıq”, - Z.Oruc vurğulayıb.

Deputat qeyd edib ki, sülhyaradıcı kontingent rəsmi olaraq 26 mindən artıq minanı təmizlədiyini elan edib: “Üst-üstə hesabladıqda ərazilərimizin gözləniləndən daha tez müddətdə təhlükəsiz vəziyyətə gətiriləcəyinə inanırıq. Ona görə də “bütün ərazilər minalıdır” qorxusunu beyinlərə yeritmək, Böyük Qayıdışa zərbə vurmaq, düşüncələrə mina əkmək yolverilməzdir. Qarabağı özü boyda minaya çevirmək dövrü bitib”.

Təkliflərdən sonra deputatlar gündəlikdə olan məsələlərin müzakirəsinə keçiblər.

Müəllif: Anar Bayramoğlu