“Mövcud qarşıdurma ölkəni parçalanma həddinə gətirə bilər: bu, tezliklə açıq qarşıdurmaya çevrilə bilər”
Ermənistan Prezidenti Armen Sarkisyan ölkədəki bütün siyasi qüvvələri qarşıdurmaya son qoymağa və etiraz aksiyalarında toqquşmalardan çəkinməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə Sarkisyanın Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.
Prezident hesab edir ki, Baş nazir Nikol Paşinyan tərəfdarları ilə rəqibləri arasında mövcud qarşıdurma ölkəni parçalanma həddinə gətirə bilər: “Bu, tezliklə açıq qarşıdurmaya çevrilə bilər. Ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə çevrilməməlidir. Siyasi böhran günlərində həm iqtidar tərəfdarları, həm də müxalifət dözümlülük göstərməli və xalqı birləşdirmə yollarını tapmalıdırlar. Yenidən hamıya tolerantlıq və həmrəylik üçün müraciət edirəm. Birliyə ehtiyacımız var”.
Qeyd edək ki, Ermənistan ordusunun Baş Qərargahı Paşinyan və hökuməti istefaya çağıran bəyanat verdikdən sonra işğalçı ölkədə siyasi böhran kəskin mərhələyə qədəm qoydu. Bu fonda Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı Prezidentə təqdim etdi. Sarkisyan isə qərarı təsdiqləməkdən imtina etdi.
Onu da xatırladaq ki, bu gün paytaxt İrəvanda həm Baş nazir, həm də müxalifətin “Vətənin Qurtuluşu” Hərəkatı mitinq-yürüş keçirməyi planlaşdırırlar. Ekspertlər bildirirlər ki, bu gün keçirilən mitinqlər ölkədə gərginliyi daha da artıracaq, qarşıdurmalar gözlənilir.