Norat Ter-Qriqoryants: “Bir daha Ermənistana gəlməyəcəyəm”
Ermənistan ordusunun yaradılmasına öncülük edən və 1990-cı illərdə Ermənistan Müdafiə Nazirliyində yüksək rəhbər vəzifələr tutan general-leytenant Norat Ter-Qriqoryants rəsmi olaraq Ermənistan pasportundan imtina edib.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, hazırda Rusiyada yaşayan general qərarını ölkənin mövcud hakimiyyətinin siyasi kursu ilə qəti şəkildə razılaşmaması ilə izah edib.
"İravunk" nəşrinə verdiyi müsahibədə Ermənistanda Rusiya hərbi mövcudluğu konsepsiyasının əsas memarlarından biri olan general pasportunu təqdim etmək üçün şəxsən konsulluğa getdiyini və bunun diplomatik heyət arasında əsl çaşqınlığa səbəb olduğunu bildirib.
Məqsədlərini izah edən Ter-Qriqoryants ölkə rəhbərliyini sərt tənqid edib: "Ermənistanda hakimiyyətdə qalan bir ovuc erməniyə xəyanət edən və onları türklərin əli ilə məhv etmək istəyən insanlar gəldiyi halda mən nə etməliyəm?".
General həmçinin bildirib ki, pasportunu təhvil verdikdən sonra Prezident Aparatından vətəndaşlığının ləğvi ilə bağlı rəsmi bildiriş alıb.
"Yaxşı, ailəmə əlvida. Bir daha Ermənistana gəlməyəcəyəm. Vəssalam", - deyə general qeyd edib.