Film “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalında “Yaşıl dünya naminə” kino mükafatına layiq görülüb
Rejissor Mojitaba Bahadurinin çəkdiyi “Əriyən qar üzərində” ("On melting snow") sənədli filmi nümayiş etdirilib. Sözügedən film “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalında “Yaşıl dünya naminə” kino mükafatına layiq görülüb.
Mədəniyyət Nazirliyindən AYNA-ya bildirilib ki, gənc rejissora mükafatı mədəniyyət nazirinin müavini Səadət Yusifova təqdim edib.
“Əriyən qar üzərində” sadəcə sənədli film deyil, o, planetimizin xatirələrinin bir sənətkarın gözü ilə əks olunmasıdır.
Film həyatın, yaradılışın mahiyyətini, insanlıq və təbiət arasındakı mürəkkəb əlaqəni dərinləşdirir. Mojitaba Bahaduri Tehran İncəsənət Universitetində kino təhsili alıb və daha sonra təhsilini Parisdə davam etdirib. Parisdə o, məşhur Lui Lümyer məktəbi ilə əməkdaşlıq edərək operator və redaktor bacarıqlarını daha da təkmilləşdirib.
Qeyd edək ki, “DokuBaku” festivalı iqlim problemlərinə toxunan üç filmi təqdim edib. “Əriyən qar üzərində” filmindən əlavə, nominasiya edilmiş filmlər siyahısına “Küləyə qarşı” (“Against the wind”, Rusiya, rejissor Tatyana Soboleva) və “Latika” (Banqladeş, rejissor Samsul İslam Şopon) sənədli filmləri də daxil edilib.