Əliyev Brüssel görüşündən niyə imtina etdi?

Aktual

27.10.2023 - 10:28

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “Azərbaycan tərəfi sülh sazişini həyati əhəmiyyətli məsələ hesab etmir”

Oktyabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında planlaşdırılan görüş baş tutmayacaq. Bu haqda Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat verib. O, səbəb kimi vaxt çatışmazlığını göstərib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Brüsseldəki görüş planının Azərbaycan tərəfinin imtinası səbəbindən pozulduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti Mişel-Əliyev-Paşinyan görüşündən imtina edib, əsas kimi isə vaxtın olmamasını göstərib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mirzoyana cavab olaraq bildirib ki, Ermənistandan fərqli olaraq, Bakı sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib.

Liderlərin gözlənilən Brüssel görüşünün ləğvi ilə bağlı AYNA-ya danışan politoloq Şahin Cəfərli qeyd edib ki, hazırda sülh prosesində durğunluğun müşahidə olunduğunun şahidiyik:

- Çox ciddi ümidlər var idi ki, yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq, bölgədə tamamilə yeni bir səhifə açılacaq, region yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. Amma son vaxtlar baş verən proseslər deməyə əsas verir ki, hələlik biz o mərhələdən uzağıq. Liderlərin Brüssel görüşünün baş tutmayacağı da bunu deməyimizə əsas verir. Hələlik rəsmi Bakıdan bu barədə açıqlama verilməyib, amma görüşdən imtina edən tərəfin Azərbaycan olduğu bəllidir. Məhz Azərbaycan tərəfi açıq şəkildə görüşdə iştirak etmək istəməyib. Azərbaycanın son həftələrdə apardığı siyasət, rəsmi ritorika da bunu deməyə əsas verir.

- Rəsmi Bakı siyasətində dəyişiklik edib?

- Azərbaycanın indiki mərhələdə Rusiya və İranla yaxınlaşdığı ortadadır. Rusiya ilə onsuz da müttəfiqlik haqqında imzalanmış sənəd var. Nəzərə almaq lazımdır ki, 2022-ci ilin fevralında Moskvada Rusiya və Azərbaycan liderləri arasında bəyannamə imzalanıb. Düzdür, cəmiyyətdə bəzilərimiz hələ də bu faktı unuduruq. Amma iki ölkə arasında müttəfiqlik münasibətləri qurulub və inkişaf edir. İmzalanmış həmin bəyannamə faktiki olaraq işləyir. Məncə, Rusiya-Azərbaycan münasibətləri müstəqillik dövründən bu yana heç vaxt indiki kimi isti olmamışdı. Bu baxımdan, demək olar ki, bəli, Bakı siyasətində dəyişiklik edib.

Deməzdim ki, Azərbaycan xarici siyasətində strateji mahiyyətli dəyişiklik qərarı verib. Məsələn, Qərbdən qopmaq, Rusiya və İranla yaxınlaşma barədə qərar verilməyib. Amma hər halda bu gün Azərbaycan Rusiya-İran xəttinə daha yaxın görünür. Rəsmi ritorikaya diqqət yetirmək lazımdır. Biz əvvəllər “kənar qüvvələr bölgənin işlərinə qarışmamalıdır, məsələləri özümüz həll edəcəyik” bəyanatlarını daha çox Rusiya və İran rəsmilərinin dilindən eşidirdik. İndi biz bu ifadələrə Azərbaycan rəsmilərinin də ritorikasında rast gəlirik. Bundan əvvəlki mərhələdə Azərbaycanın mövqeyi belə deyildi.

Düzdür, Azərbaycan Qərbin daxili siyasi məsələlərlə bağlı mövqeyinə həmişə neqativ reaksiya verirdi, tənqidləri ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirirdi. Lakin Bakı bu reaksiyanı Qarabağ məsələsi, Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələlərə vermirdi. Əksinə, Prezident İlham Əliyev həm Brüsseldə, həm Vaşinqtonda danışıqlara müsbət yanaşırdı. Hətta Prezident Makronun təşəbbüsü ilə Praqada keçirilən dördtərəfli görüşdə iştirak etdi. Ona görə də Azərbaycanın indiki xarici siyasətini yeni siyasət saymaq olar.

Görünən odur ki, Bakı sülh sazişinin Rusiyanın vasitəçiliyi ilə imzalanmasına müsbət baxır. Bunu hətta Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib. Azərbaycanın indiki siyasətinə baxsaq, Brüssel görüşündən imtina gözlənilən idi.

- Bu mövqe sülh sazişinin imzalanmasına nə dərəcədə təsir edəcək?

- Bu gün etibarilə Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Qərb ölkələri artıq Azərbaycan-Ermənistan sülh prosesinə qarışmasın, lazım olarsa, Rusiyanın vasitəçiliyi ilə saziş imzalana bilər. Sülh prosesinə bunun hansısa təsirləri olmamış deyil. Amma burada başqa bir məsələ Azərbaycanın sülh sazişinə baxışıdır. Azərbaycan tərəfi sülh sazişini həyati əhəmiyyətli məsələ hesab etmir. Azərbaycan Prezidenti çıxışlarının birində dedi ki, “sülh sazişi Azərbaycandan çox Ermənistana lazımdır. Biz bu müqavilə olmadan da yaşaya bilərik”. Məncə, Azərbaycanın mövqeyi bu gün də belədir ki, ya region gücləri ilə bərabər, anlaşmalı şəkildə sülh sazişi imzalansın, ya da Ermənistan istəmirsə, heç müqavilə imzalanmasın. Sabah bu mövqe dəyişəcəkmi, yenidən Azərbaycan lideri Brüssel formatında görüşlərdə iştirak edəcəkmi, bunu bilmirik. Hər şey ola bilər.

- Klaarın açıqlamasından belə başa düşülür ki, Brüssel görüşündə gündəmin əsas məsələsi Qarabağın erməni sakinlərinin bölgəyə qayıdışı olacaqdı. Qərbdən verilən açıqlamalarda ermənilərin Qarabağa qayıdışının “qeyd-şərtsiz” olmasına işarə edilir. Azərbaycanın isə qayıdışla bağlı şərti var – vətəndaşlıq almaq, reinteqrasiya olunmaq. Ola bilərmi ki, Azərbaycan tərəfinin Brüssel danışıqlarında iştirakdan imtinası “qeyd-şərtsiz” məsələsinə görədir?

- Bəli, Qərbdə o mövqe var ki, Qarabağın erməni sakinlərinin geri qayıdışı müzakirə olunmalıdır. Amma mən inanmıram ki, bu məsələ Brüssel görüşünün gündəminin əsas məsələsi olsun. Bu gün Ermənistanın da siyasətində ermənilərin Qarabağa qayıdışı əsas şərt kimi irəli sürülmür. Məsələn, bu günlərdə Paşinyan bəyanat verdi ki, İrəvan Qarabağ ermənilərini sürətlə Ermənistan vətəndaşlığına qəbul etməyə hazırdır. Yəni ki, Ermənistan tərəfinin Qarabağ ermənilərinin qayıdışı ilə bağlı ciddi şərti olmadığı halda Qərbin bunu Azərbaycanın qarşısına şərt kimi qoyması düzgün olmaz. Bəli, Qərb siyasiləri açıqlamalarında bunu deyirlər, amma bunu Brüssel görüşünün şərti kimi Azərbaycanın qarşısında qoymaları inandırıcı deyil. Çünki Qərb də bilir ki, bu şərti Azərbaycan qəbul etməyəcək, görüşə də qatılmayacaq.

Müəllif: Anar Bayramoğlu