Əhalini karantində saxlamağın başqa yolu yoxdurmu – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

06.04.2020 - 10:48

Elektron icazə və qadağa sistemini yaradanlar, sanki Azərbaycan reallığından kənarda yaşayanlardır

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Yəqin ki, Azərbaycanda aprelin 5-dən sonra əhali içərisində ən məhşur nömrə 8103-dür. Bu “qızıl” nömrəni, ən azı paytaxt sakinlərinin əksəriyyəti əzbər bilir. Əhalinin karantin rejiminə əməl etməsi üçün başqa yol fikirləşə bilməyən başbilənlərimiz, 21-ci əsrdə yaşadığımızı nəzərə alıb, bu üsulu fikirləşiblər - elektron icazə və ekektron nəzarət.

 

Sosial şəbəkələrdə bu addıma müxtəlif qiymətlər verilir: biri deyir ki, “bunu edirlər ki, biz daim nəzarətdə olaq”, o biri deyir ki, “bunu reallaşdırırlar ki, neftdən və ayrılan yardımlardan sonra arıqlamış büdcəmizi cərimələrlə rahat doldursunlar”, daha bir yazır ki, “bu qərarı dünya gücləri verib ki, öz qlobal addımlarına mane ola biləcək faktorları aradan qaldırsınlar” və s.

Küçəyə çıxmaq üçün göndərilən SMS-ə belə cavab gəlir | KONKRET

Bu versiyalardan hansının həqiqət yükünün çox olduğunu iddia edə bilmərik, bircə onu bilirik ki, bu elektron icazə və qadağa sistemini yaradanlar, sanki Azərbaycan reallığından kənarda yaşayanlardır və onların bu addımı, həmçinin qoyulan qadağaların bir çoxu əhalinin böyük narazılığına səbəb olacaq. Axı niyə?! İzah edim.

 

Qadağalardan biri eyni taksidə ikidən çox adamın getməməsi ilə bağlıdır. İlk baxışdan məntiqli qərardır, əgər söhbət rayona gedən taksilərdən gedirsə. Amma, nəzərə alsaq ki, artıq rayonlara getmək mümkün deyil, şəhər daxilində bu qərarın heç bir məntiqi izahı və effekti yoxdur. Tutaq ki, bir xəstəmizə dəymək üçün 4 nəfərlik bir ailə 8103-ə mesaj göndərdi. Qaydaya görə, cavablar 1 saat içində gəlir. Yəni ailə üzvlərinin hamısı eyni vaxtda SMS göndərsə belə, cavablar müxtəlif ola bilər və 1-ci cavab alan o birini 40-50 dəqiqə gözləyə bilər ki, bu da onun icazəli 2 saatından gedir.

 

Ehtimal edək ki, sistem ideal işləyir və cavablar eyni vaxtda gəldi. Axı niyə bu insanlar bir taksidə gedə bilməzlər? Onsuz da onlar bir evdə yaşayır və əgər yoluxma halı olubsa, artıq neçə taksidə getmək heç nəyi həll etmir. İndi ata və ana hərəsi bir uşaqla iki taksi tutmalıdır?

 

İkinci məntiqsiz icazə yaxın qohumunun dəfnində iştirak məsələsidir. Mənim Mərdəkanda qohumum rəhmətə gedib. Birtəhər SMS-icazə alıb, gedirəm ki, heç olmasa, dəfnə çatım. Nəzərə alsaq ki, yola ən azı bir saat sərf edirəm və Azərbaycanda dəfn prosesinin normativ standart vaxtı yoxdur, deməli, mən heç cür bu iki saata sığışmıram. İndi 30 dəqiqə geciksəm, nə edim, molladan “spravka” alım ki, o cənazə namazını vaxtından 15 dəqiqə gec qılıb?

 

Bakı Nəqliyyat Agentliyi (BNA) də qadağalar məsələsində öncül yerlərdən birini tutub. Bəli, avtobusların yarıdolu işləməsinə nail olmaq üçün görülən tədbirlər tqədirəlayiqdir. Amma, bu məsələdə də absurd məqamlar var. Avtobusların sayı artırılmır, amma əhalinin salonu tam doldurmasına da icazə verilmir. Nəticədə insanlar dayancaqlarda uzun müddət gözləməli olurlar və sıxlıq yaranır. Yəni, avtobusun içərisində tərkisilah edilən koronavirus dayancaqlarda yayılmaq üçün geniş imkanlar əldə edir.

Daha bir avtobus marşrutu ləğv edildi

Telekanllarda verdilər ki, guya, BNA deyib ki, aprelin 5-dən sonra maska taxmayan heç kim ictimai nəqliyyata buraxılmayacaq. Bax, bu, artıq Pənah Hüseyn demiş, “bezpredeldir”. A kişilər, bu maskanı haradan alacağımızı bizə göstərən olsaydı, vallah gedib alar, canımızı bu söz-söhbətdən qurtarardıq. Amma yoxdur, axı. Elə onu eşidirk ki, NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyir ki, ölkədə maska defisiti yoxdur. Onda gələn dəfə, heç olmasa apteklərin yerini də deyin ki, gedək alaq.

 

Yəni qadağalarla bağlı individual hallar çoxdur və Operativ Qəragah deyir ki, polislər hər bir məsələyə fərdi yanaşacaq və yerində həll edəcəklər. Elə burada da batdıq. Bu, əvvəli “ryadavoy” olmuş serjant və leytenantların polis sisteminə necə keçmələri barədə əfsanələr dolaşır. Aralarında savadla bağlı problemi olanlar da az deyil. Bütün bu qadağalar zamanı onların hansı qərarı verəcəklərini təsəvvür etmək belə, adamı vahiməyə salır.

 

Yadınızdadırsa, parklara və bulvara giriş məhduduiyyəti barədə qərar çıxanda, polislər imkan vermirdilər ki, insanlar 3-3, 4-4 gəzişsinlər. Yaxınlaşıb deyirdilər ki, “giriş qadağandır”. Çünki məhdudiyyət sözünü “qadağandır” kimi anlayırdılar. Elə sosial şəbəkələri bürümüş PPX maşınının “sabahdan şəxsi nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulur” qışqırığı ilə bağlı video biz deyənləri təsdiq edir. Vəziyyət o həddə çatdı ki, hətta DİN xüsusi təkzib verdi bununla bağlı.

 

Və sonda, fəaliyyət göstərən SMS sistemi ilə bağlı bir məqamı da deyim. Azərbaycanda elektron idarəetmə sistemi əksər hallarda əvvəldən özünü doğrultmur və uzun müddət təkmilləşdirildikdən sonra işləməyə başlayır. Qərəzli filan deyiləm: MİDA-nın sistemi ilə ev almağa cəhd edənlər, uşaqlarını onlayn yolla birinci sinfə qəbul etdirənlər yaxşı başa düşürlər mənim dediklərimi. İndi təsəvvür edin ki, tezbazar yaradılan 8103 sistemi necə işləyəcək. Və nə qədər mart-aprel ayını işləməyən, dövlətin yardımını almayan adamlar 100 manatdan başlayan cərimə ödəyəcək.

 

Bütün bu yazdıqlarımı “ölkənin bu ağır günündə həyata keçirilən addımlara qarşı qərəz” kimi qiymətləndirmək istəyən ata abdullayevlərə isə demək istəyirəm ki, güzgüdə sifətiniz əyridirsə, güzgünü sındırmaq fayda verməz, bəlkə çalışıb sifətinzi düzəldəsiniz?

Müəllif: Yoldaş Mircəfər