Dollara artan tələb və ya hökumətdən rahatladıcı açıqlama: “Sistem stabildir”

İqtisadiyyat

22.03.2022 - 23:05

Hərracda dollara tələbin artması bir neçə amillə izah edilir: Novruz bayramı, Rusiyadakı maliyyə böhranı və...

Azərbaycan Mərkəzi Bankının martın 11-də keçirdiyi növbəti valyuta hərracları dollara tələbin kəskin - 4 dəfə artması ilə yadda qalıb. İki gün ərzində dollara tələb martın 9-da keçirilən hərracla müqayisədə təxminən 4 dəfə artaraq 54,6 milyon dollar təşkil edib.

Bank üzrə hüquqşünas Əkrəm Həsənov AYNA-ya deyib ki, valyutaya tələbatın artması Novruz bayramı və bayramın təntənəli keçirilməsi ilə izah oluna bilər: “Bizdə hər il bayramlar öncəsi dollara tələbat artır, çünki bir çox vətəndaşımız xaricə istirahətə gedir və özləri ilə dollar aparırlar. Əsas səbəb məncə, budur. Bunda Rusiya valyuta böhranının da rolu ola bilər, amma bizim vətəndaşların buradan alınan dollara niyə rubl almalı olması sırf texniki baxımdan anlaşılan deyil. Nə faydası var və indi bu rubllar kimə lazımdır? Ola bilsin ki, kimsə belə edir, amma hesab etmirəm ki, bu, valyutaya tələbin kəskin artmasına səbəb ola bilər. Maraqlıdır ki, Rusiyada valyuta məhdudiyyətləri dördüncü həftədir ki, qüvvədədir amma valyutaya tələb yaxın günlərdə fiksasiya edilməyə başladı”.

“Turan”ın rusiyalı ekspert, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayevə istinadən yazdığı kimi, Ukraynadakı müharibə Azərbaycan Mərkəzi Bankının hərraclarında xarici valyuta alışını stimullaşdırır.

“Azərbaycanlılar qiymət artımını, təkcə əsas ərzaq mallarının deyil, həm də tikinti materiallarının, məişət texnikasının, geyimlərin mümkün qıtlığını gözləyirlər... Sərbəst valyutaya sərmayə qoymaq istəyi var. Əgər hökumətlərarası səviyyədə və beynəlxalq səviyyədə Rusiya Federasiyası və Azərbaycanın iri dövlət şirkətləri səviyyəsində ödənişlər rubl dəhlizi ilə həyata keçirilsə  belə, kiçik və orta biznes səviyyəsində iqtisadiyyatın kiçik və orta səviyyələrində münasibətlərdəki ticarəti təmin etmək üçün Azərbaycandan Rusiyaya dollar və avronun daxil olmasını gözləmək olar. Rusiyada azərbaycanlıların da iştirak edə biləcəyi kölgə valyuta bazarı qaçılmaz olaraq fəaliyyətə başlayacaq”, - nəşr sitat gətirir.

AYNA-nın xəbərinə görə, bir qədər əvvəl deputat və iqtisadçı Vüqar Bayramov xəbərdarlıq etmişdi ki, Rusiyada valyuta məhdudiyyətləri ölkədən dollar axınına səbəb ola bilər.

“Rusiyada dollar və avronun növbəti qıtlığının riskləri çox yüksəkdir və bütün bunların valyuta bazarımız üçün mənfi nəticələri ola bilər. Rusiyada qıtlıq və xarici valyutaya artan tələbat fonunda Azərbaycan Mərkəzi Bankı öz funksional imkanlarından istifadə etməli və qabaqlayıcı tədbirlər görməlidir. Bəli, neftin yüksək qiyməti Azərbaycanın valyuta gəlirlərinin artmasına kömək edir, amma reallıq bizim gördüyümüz kimidir”.

Bu arada, yerli hökumət qonşu ölkələrdə baş verən hadisələrin o qədər də mənfi təsirini müşahidə etmir.

“Ukrayna ətrafında baş verənlərlə bağlı qonşu ölkələrdə baş verən neqativ proseslərə baxmayaraq, Azərbaycanın maliyyə-bank sistemi stabil olaraq qalır”, - hökumətdəki mənbələr mətbuata bildiriblər.

“Qonşu ölkələrin maliyyə və bank sistemlərinin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib. Maliyyə sistemimiz sabitdir, milli valyutamız sabitdir”, - qeyd edilib.

Eyni zamanda, Nazirlər Kabineti Azərbaycanda maliyyə sabitliyinin valyuta ehtiyatları hesabına dəstəkləndiyini vurğulayıb.

Müəllif: Tanya Samsonova