DİN yalan məlumatlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Xəbərlər

21.10.2020 - 16:31

Həmin şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək

 

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumatda bildirilib ki, vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

 

“Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir”, - deyə məlumatda qeyd edilib.

 

Vurğulanıb ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir.

Müəllif: Ayna.az