Parlamentin növbədənkənar sessiyası çərçivəsindəki son iclasında 19 məsələ müzakirə olunub: deputatlar tətilə getdilər
Bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində son iclası baş tutub. Gündəliyinə 19 məsələ daxil edilən toplantıda deputatlar cari məsələrlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Deputat Vüqar İskəndərov Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumatından danışıb və bildirib ki, sözügedən təşkilat hələ də Azərbaycan ərazisində fəaliyyət göstərdiyini unudub. Millət vəkili qeyd edib ki, BQXK əməkdaşlarının Qarabağa hələ də İrəvandan gəlib-getməsi doğru deyil: “Bu təşkilat Azərbaycan tərəfinin irəli sürdüyü Bakıdan gediş prosesini qulaqardına vurur. Eyni zamanda, bizim ərazilərimizdə qanunsuzluqlarını davam etdirirlər, missiyalarından kənara çıxırlar. Amma unudurlar ki, hər bir cinayətin cəzası olur. Hesab edirəm ki, BQXK məsuliyyətini dərk etməli, Azərbaycanın təklifini gözardı etməməlidir”.
Deputatdan təklif: “14 iyul xüsusi rəsmi gün kimi qeyd olunsun”
Deputat Bəhruz Məhərrəmov 14 iyulun xüsusi rəsmi gün kimi qeyd olunması təklif edib. Millət vəkilinin sözlərinə görə, bu günün, 14 iyulun Azərbaycan tarixində müstəsna rolu var: “Ona görə də bu gün xüsusi rəsmi gün kimi qeyd olunmalıdır. 14 iyul dövlətçilik tariximizdə çox önəmli bir gün, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəldiyi təqvimdir. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Ümumilli liderin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə Sovet dövründə Azərbaycana müstəqil davranmaq imkanı verdi”.
“Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin Sovet Azərbaycanı Azərbaycan Xalq Cumhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü ilin Azərbaycanından çox daha müstəqil idi. Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Öncə Bakıda qaldırılmalı olan 3 rəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Budur müstəqillik yolu, budur dirçəliş. Hesab edirəm ki, təklifim müsbət dəyərləndiriləcək", - deyə Məhərrəmov bildirib.
Deputatdan universitetlərə sərt tənqid: “Orada baş verən özbaşınalıq, korrupsiya halları hələ də qaldığından təhsilə önəm verilmir”
Millət vəkili Etibar Əliyev isə universitetlərimizin dünya reytinq cədvəllərində aşağı pillədə olmasına görə narahatlığını və narazılığını bildirib. Deputat deyib ki, Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib: “Türk dövlətləri arasında reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Biz isə hələ də plagiatlıqla məşğuluq. Halbuki, bizim bir neçə universitetimiz siyahıya düşməli idi. Biz nə gördük? Heç biri siyahıda yoxdur. Ən azından Neft və Sənaye Universiteti bu siyahıda olmalı idi. Lakin orada baş verən özbaşınalıq, korrupsiya halları hələ də qaldığından təhsilə önəm verilmir. Bu kimi hallar insanı dəhşətə gətirir”. Millət vəkili Tibb Universitetinin, Pedoqoji Universitetin bu siyahıda olmamasını da tənqid edib.
“Başqa diqqət çəkəcəyimiz mövzu rektorlardır. Rektorlar içərisində 32, 24 il işləyənlər var. Bu kimi hallar olanda inkişafdan danışmaq təbii ki, mümkün deyil. Bütün hallarda, bilməliyik ki, inkişafın olması üçün dəyişikliklər vacibdir. Hələ də “Təhsil haqqında” Qanun layihəsinin aqibətindən xəbər yoxdur. Bunlar ciddi məsələlərdir və həllini tapmalıdır”, - deputat fikrini tamamlayıb.
Azərbaycanın xaricdəki diplomatik korpuslarında işçilərin sayının artırılması təklif edildi
Milli Məclis üzvü Ceyhun Məmmədov isə Azərbaycanın xaricdəki diplomatik korpuslarında işçilərin sayının artırılmasını təklif edib. Deputat vurğulayıb ki, bu gün Ermənistanın xarici siyasətində Qarabağ mövzusu prioritet məsələ olaraq qalır: “İndi də Ermənistanın Azərbaycan əleyhinə yalan və saxta təbliğatı davam edir. Hətta vəziyyət o həddə gəlib ki, Ermənistan bu siyasəti bir sıra müsəlman ölkələrində də sistemli şəkildə aparmağa çalışır. Ermənistan rəsmilərinin davamlı olaraq ərəb ölkələrinə səfəri bu fikri bir daha təsdiq edir. Ermənistan mediası ərəb mediası ilə fəal iş aparır. Bir neçə gün bundan əvvəl Dubayda yerləşən kanalda müsahibədə bir daha buna əmin oldum. Jurnalist israrla BQXK-nin qanunsuz əməllərinə bəraət qazandırmağa və Azərbaycanı günahlandırmağa çalışırdı. Heç şübhəsiz ki, Azərbaycanın Xarici İşlər Nazirliyi, xarici ölkələrdəki diplomatik korpuslarımızın nümayəndələri bu təxribatların qarşısını almaq üçün ciddi səylə çalışırlar. Ancaq bu istiqamətdə səyləri daha da gücləndirmək, Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınması üçün bir sıra ölkələrdəki səfirliklərimizin əməkdaşlarının sayının artırılmasına, maddi-texniki bazasının gücləndirilməsi vacib amildir”.
“Bir sıra ölkələrdə səfirlik əməkdaşlarının, maddi-texniki bazanın yetərli olmaması bu missiyanın uğurla yerinə yetirilməsində, Azərbaycan həqiqətlərinin təbliğində bir sıra çətinliklər yaradır. Ona görə gələcəkdə bu məsələnin xüsusi diqqətdə saxlanılmasına ciddi ehtiyac var”, - deyə Məmmədov söyləyib.
Komitə sədri deputatın iradına cavab verdi: “Yəqin Rəşad bəyin xəbəri yoxdur ki...”
İclasda "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.
Müzakirə zamanı deputat Rəşad Mahmudov bildirib ki, qanunda dərman vasitəsinin öz əmtəə nişanı ilə adı yazılmır, təsiredici maddənin adı yazılır: “Hesab edirəm ki, bu məsələ gələcəkdə bizə problem yarada bilər. Eyni zamanda, istehsalçının maraqlarının qorunması məsələsi var. İstehsalçıların nümayəndələrinin ölkəmizdə daha aktiv şəkildə fəaliyyətinə şərait yaratmalıyıq. Amma ticarət adına qadağa qoyuruq”.
“Bizim həkimlərin səhvləri varsa da, o düzəldilməlidir, həkimlərə dəyər verməlidir. Nə üçün dünyada tibb işçilərinin inkişafı üçün işlər görənlərə əmtəə nişanın istifadəsinə qadağa qoyuruq?”, - deyə deputat etirazını bildirib.
Milli Məclisinh Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həmkarına cavabında deyib ki, məsələ artıq bir neçə dəfə qaldırılıb: “Rəşad bəydən fərqli olaraq, mən bu qanunu mütərəqqi hesab edirəm. Rəşad bəy bu qanun layihəsinin birinci müzakirəsində komitə iclasında iştirak etməyib. İkinci müzakirədə də eyni məsələni qaldırıb. Plenar iclasda da səsləndirib, məsələyə cavab verilib. Yəqin Rəşad bəyin xəbəri yoxdur ki, qanun layihəsində 71 qanun layihəsinə 71 dəyşiklik olunub və dediyi məsələlər hamısı orada qeyd olunub”.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üşüncü oxunuşda qəbul edilib.
Deputatlar avqustun 30-dək istirahətdə olacaqlar
Sonda Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar iclasla bağlı məlumat verib. Spiker xatırladıb ki, Milli Məclisin növbədənkənar sessiyasında 9 iclas baş tutub: “Növbədənkənar sessiyada 90 qanun və qərar qəbul olunub. Eyni zamanda iki dinləmə keçirilib. Bunlardan biri Qərbi Azərbaycan, digəri isə uşaq hüquqları ilə bağlı olub. Bir ay səkkiz gün ərzində Milli Məclisin 39 deputatı 51 ölkəyə səfər edib”.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Sonuncu iclas Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb və deputatlar tətilə çıxıblar.
Qeyd edək ki, parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.