Deputat maaş və pensiyaların artırılmasına çağırdı: “Qiymətlər hər gün və sürətlə artır”

İqtisadiyyat

02.06.2023 - 14:10

Milli Məclisin komitələrinin birgə iclasında büdcə müzakirələri: nazirlər də toplantıya qatıldılar

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. Gündəliyinə 4 məsələ daxil edilən iclasda maliyyə naziri Samir Şərifov və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) müzakirə olunub.

 

Komitə sədr

i: “Dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib”

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Konstitusiyanın 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla mayın 15-dən tez və oktyabrın 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.

Onun sözlərinə görə, 2023-cü ilin yenidən baxılan dövlət büdcəsinin layihəsi, onunla birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğundur: “Qanun layihəsinə dair izahatda 2023-cü il ərzində ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinin, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqinin və digər zəruri tədbirlərin dövlət büdcəsi qarşısında əlavə maliyyə tələbatını formalaşdırdığı, həmin tələbatın dövlət büdcəsinin neft-qaz və qeyri-neft/qaz sektoru üzrə əlavə gəlirləri, mövcud ehtiyatları və kəsirin genişləndirilməsi hesabına maliyyələşdirilməsi üçün “Büdcə sistemi haqqında” qanunun 23-cü maddəsinə uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması ehtiyacının yarandığı qeyd edilib".

Maliyyə naziri büdcəyə yenidən baxılmasının səbəblərindən və inflyasiyadan danışdı

Nazir S.Şərifov bu ilin dövlət büdcəsinə yenidən baxılmasının səbəblərini açıqlayıb. Maliyyə naziri deyib ki, dövlət büdcəsindən əlavə maliyyənin ayrılması işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış və müdafiə qabiliyyətinin gücləndirilməsi əsas prioritet olaraq qeyd olunub: “Bundan başqa xarici ölkələrlə əlaqələri gücləndirmək məqsədi ilə xarici ölkələrə yardımlar planlaşdırlıb. Əlavə olaraq, diplomatik korpusda fəaliyyət göstərən nümayəndələrin maliyyə xərclərinin qarşılanması əsas prioritet olaraq nəzərdə tutulub. Beynəlxalq yardım proqramları və beynəlxalq müqavilələr üzrə imzalanmış öhdəliklərin qarşılanması, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və bir sıra digər zəruri dövlət xərclərinin həyata keçirilməsi nəzərdə tutulur".

"Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir. Bundan əlavə, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur”, - deyə Şərifov əlavə edib.

Nazir onu da qeyd edib ki, orta illik inflyasiyanın enməsi nəzərdə tutulur: “Yenidən baxılan dövlət büdəcinə əsasən, neftin bir barelinin orta ixrac qiymətinin 60,0 ABŞ dolları götürülməsi ilk baxışdan riskli görünsə də, real qiymətdir. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür. Eyni zamanda vacib faktorlardan biri də gəlirlər üzrə proqnozların tərtib olunması üçün qeyri-neft ÜDM-dir. Görünən odur ki, qeyri-neft ÜDM-i əvvəlki proqnozla müqayisədə artırılıb. Bunu nəzərə alaraq, orta illik inflyasiyanın enməsi nəzərdə tutulur”.

Sahil Babayev: “Ciddi artımlara nail olmuşuq”

Nazir S.Babayev isə çıxışında deyib ki, pandemiyanın təsirinin azalması fonunda ölüm sayının azalması müşahidə olunur: “Müsbət demoqrafik dəyişiklik çərçivəsində anadan olan uşaqların sayının artması ilə bağlı uyğunlaşdırma aparılır. Sosial sahədə aparılan islahatların nəticəsi olaraq, ölkədə bu sahə durmadan inkişaf edir. Ümumilikdə isə 2019-cu ildən bəri diqqət yetirsək, görərik ki, cənab Prezidentin təsdiq etdiyi sənədlər fonunda minimum əmək haqqı 2,5 dəfə artıb. Ümumi göstəricilərlə MDB məkanında Azərbaycan alıcılıq qabiliyyətinə görə birinci yerdədir. Nominal statistikaya görə isə ikinci yerdəyik. Məşğulluğa nəzər salsaq görərik ki, ümumi dörd ay ərzində 18 min şəxs işlə təmin edilib”.

“Son beş ildə isə 1 milyon vətəndaşımız müxtəlif məşğulluq proqramlarına cəlb olunub. Əmək müqavilələrinin bağlanmasında da ciddi artımlara nail olmuşuq. Belə ki, 450 mindən çox əmək müqaviləsinin bağlanmasına şahid olmuşuq”,- deyə nazir vurğulayıb.

Deputat: “Gələn ildən inflyasiyanın artması proqnozu ötəcək”

"Biz 6,9 faiz inflyasiya proqnozlaşdıranda bunun real olmadığını qeyd etmişdik. İndi isə 4,4 faiz proqnozlaşdırıb bunun da real olmadğını qeyd edirik". Bu sözləri isə deputat Əli Məsimli səsləndirib.

Millət vəkili vurğulayıb ki, ölkədə qiymətlər sürətlə artır: “Qiymətlərin sürətlə artması bir sıra sosial göstəricilərə illik baxmağı deyil, rüblük baxmağı tələb edir. Demək olar ki, qiymətlər hər gün, hər həftə artır. Gələn ildən inflyasiyanın artması proqnozu ötəcək. Ona görə də yenidən əmək haqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirəm”.

Palata: Neft hasilatının azalması iqtisadi artım tempini zəiflədib

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının Rəyi” də elan olunub.  Rəydə qeyd edilib ki, baxılan dövrdə cüzi iqtisadi artım qeydə alınıb, neft hasilatının azalması iqtisadi artım tempinin zəifləməsinə təsir edib, bu dinamika ÜDM-in real artım tempinin yenidən baxılma zamanı azaldılması ilə nəticələnib.

Qeyd edilib ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 39986,5 mln. manat olmuş, iqtisadi artım tempi 0,1% təşkil etmişdir. Cüzi artım tamamilə qeyri-neft/qaz sektoru hesabına təmin edilmiş, bu sektorun 1,5 faiz bəndi artırıcı təsiri neft-qaz sektorunun 1,4 faiz bəndi azaldıcı təsirini üstələmişdir. Qeyri-neft/qaz sektorunun artımına müsbət töhfəni əsasən turizm və tikinti sektoru vermiş, azaldıcı təsir təkcə nəqliyyat sektorundan formalaşıb. Neft-qaz sektorunun azalması isə qaz hasilatının artımı fonunda neft hasilatının 8,0% azalması ilə izah olunur. 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılma zamanı ÜDM-in 111,6 mlrd. manatadək artırılması, iqtisadi artım tempinin isə 1,8%-ə endirilməsi nəzərdə tutulur. ÜDM-in nominal məbləğində nəzərdə tutulan artımın həm neft-qaz, həm də qeyri-neft/qaz sektoru hesabına təmin olunacağı proqnozlaşdırılır. Belə ki, dürüstləşdirilmiş proqnozda 5,6 mlrd. manatın 4,4 mlrd. manatının qeyri-neft/qaz, 1,2 mlrd. manatının isə neft-qaz sahələrindən formalaşacağı gözlənilir. Neft-qaz sektoru üzrə artım neftin qiymətinin yenidən baxılan “Büdcə zərfi”ndə 10,0 ABŞ dolları çox olmaqla, 60,0 ABŞ dolları hesablanması ilə əlaqəlidir. İqtisadi artım tempinin daha az nəzərdə tutulması yalnız neft-qaz sektorundan qaynaqlanır. Belə ki, neft-qaz sektoru üzrə ilkin olaraq proqnozlaşdırılmış artımın təxminən 1,5% azalma ilə (hesablamalarımıza əsasən) əvəzlənəcəyi gözlənilir. Qeyd edək ki, yenidən baxılma zamanı iqtisadi artım üzrə dəqiqləşdirilmiş məlumatların məhdud olmaqla yalnız icmal göstəricilər şəklində təqdim olunması bu istiqamətdə rəy verilməsinə təsir etmişdir. İlk 4 ay üzrə iqtisadi meyillərin təhlilinə əsaslanaraq Hesablama Palatası ilin sonunda həm neft, həm də qeyri-neft sektorları üzrə ÜDM-in nominal məbləğinin dürüstləşmiş göstəricidən daha çox olacağı qənaətinə gəlib.

Müəllif: Anar Bayramoğlu