“Dan ulduzu”nda karantin pozuntusu

Xəbərlər

16.07.2021 - 12:31

Gəncədə təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, iyulun 14-də Gəncə şəhərinin Ş. İ. Xətai, 65 ünvanında fəaliyyət göstərən “Dan ulduzu” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

 

Pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 220 nəfərin iştirakı üçün nəzərdə tutulduğu aşkarlanıb.

 

Aşkarlanan pozuntularla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Müəllif: Ayna.az