“Cənubi Qafqaz Rusiyanın arxa bağçasıdır sanki”

Siyasət

19.05.2023 - 13:40

Həkimlər Klinikalar SEO Xidməti

Politoloq: “Moskvada Qarabağla bağlı hansısa konkret plan, sənəd yoxdur, sadəcə olaraq Qərbdəki danışıqları həzm edə bilmir”

Bu gün Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək. XİN başçılarının görüşü ilə bağlı tam proqram bəlli olmasa da, gözlənilir ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrılıqda ikitərəfli görüşləri keçiriləcək..

Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə olunacaq. Onun sözlərinə görə, Moskva müzakirələrin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinin irəliləməsinə və mübahisəli məsələlərin həllinə töhfə verəcəyinə ümid edir.

Azərbaycan XİN-in C.Bayramovun Rusiyaya səfəri ilə bağlı yaydığı məlumatda qeyd olunur ki, səfər çərçivəsində 19 may tarixində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Nazirlərin görüşündən gözləntilərlə bağlı AYNA-nın suallarını politoloq Fikrət Sadıqov cavablandırıb. Bildirib ki, son dövrlər Cənubi Qafqazla bağlı aparıcı güclər fəallaşıb:

- Danışıqlar intensiv şəkildə aparılır. Bundan əvvəl XİN başçıları Vaşinqtonda dörd günlük danışıqlar apardılar. Daha sonra Brüsseldə liderlərin görüşü keçirildi və müəyyən nəticələrin əldə edildiyini söyləmək olar. Bunları müşahidə edən Rusiya narahatdır. Hətta Moskva bu gedişdən narazıdır, narazılığını dilə gətirir. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, Lavrovun özü dəfələrlə bəyan edib ki, Qərb ölkələrinin Cənubi Qafqazdakı proseslərə müdaxiləsi düzgün deyil və heç bir nəticə əldə olunmayacaq. Rusiya demək istəyir ki, əsas oyunçu odur.

Rusiya hesab edir ki, sülhün təşəbbüskarı Moskva olmalıdır. Əsas da onu göstərir ki, İkinci Qarabağ müharibəsi Kremlin təşəbbüsü ilə dayandırılıb, Üçtərəfli Birgə Bəyanatın tərəflərindən biri Rusiyadır və s. Sanki bura Rusiyanın arxa bağçasıdır, Rusiya nə desə, o da olmalıdır.

Düşünürəm ki, Moskva ilk növbədə Ermənistana narazılığını bildirəcək. O mənada ki, İrəvana Qərbin təşəbbüsü ilə aparılan danışıqlarda niyə razılıqlar verilməsi etirazı ediləcək. Təbii ki, üçtərəfli görüşdə yox, yəqin ki, ikitərəfli danışıqlarda bu iradlar Ermənistanın ünvanına səslənəcək. Eyni zamanda, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbçilərinin mülki missiya, sülhməramlı adı altında bölgədə yerləşdirilməsində maraqlıdır. Moskva İrəvana bu məsələni də yəqin ki, xatırladacaq.

- Azərbaycandan nə istənilə bilər?

- Rusiya başa düşür ki, Azərbaycan regionda güclü oyunçudur və heç kəsdən asılılığı yoxdur. Moskva çalışır ki, hansısa sənəd imzalanacaqsa, bu, onların təşəbbüsü ilə həyata keçsin. Eyni zamanda, Rusiyanın bölgədə maraqları təmin olunsun. Söhbət sülhməramlı missiyanın qalma müddətinin uzadılmasından gedir, nəqliyyat-kommunikasiyalarda iştirakından, KTMT, yaxud Rusiyanın özünün hərbçilərindən ibarət yeni missiyadan gedir. Düşünmürəm ki, bunlar Azərbaycanın maraqlarına cavab verir. Bizə müşahidəçilər, sülhməramlılar lazım deyil. Biz öz işlərimizi özümüz həll etmişik. Torpaqlarını işğaldan Azərbaycan özü azad etdi, münaqişə həllini tapdı. Bizdən bundan sonra nəyi istəyə bilərlər ki?!

- Moskva nəyəsə nail olduğunu göstərmək üçün bu gün XİN başçılarının görüşündə ortaya hansısa sənəd qoya, onun imzalanmasına nail ola bilərmi?

- Mənə elə gəlir ki, Moskvada hansısa konkret plan, sənəd yoxdur. Sadəcə dediyim kimi, Moskva Qərbdəki danışıqları sinirə bilmir. Növbəti raundun Rusiyada keçirilməsi ilə göstərmək istəyir ki, proseslərdən kənarda deyil.

Məsələ odur ki, Azərbaycanın təklifləri var və o təkliflər əsasında regionda sülhün bərqərar olmasına çalışır. Bunun üçün də istənilən platformada danışıqlara gedir. Müəyyən nəticələr də var, hətta, mən deyərdim, böyük irəliləyiş də müşahidə edilir. Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü 86.6 min kvadrat kilometrlik ərazidə tanıdığını elan etdi. Eyni zamanda, İslandiyada keçirilən tədbirdə Paşinyan yenə bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü İrəvan tanıyır. “86.6 min kvadrat kilometr” ifadəsini istidadə etməklə Paşinyan faktiki olaraq, Qarabağın Azərbaycan olduğunu söylədi. Bu, yaxşı irəliləyişdir. Sadəcə əməl də olmalıdır ki, biz əməlləri hələ ki, görmürük.

Moskvanın Cənubi Qafqazla bağlı planlarında dəyişiklik yoxdur. Rusiyanın məqsədi odur ki, burada öz mövcudluğunu təsdiq etsin və Qərb ölkələrinin təsirlərini azaltsın.

- Yəni ki, bu gün keçirilən görüş Rusiyanın varlığını isbat etmək cəhdidir...

- Rusiyanın məqsədi odur ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması, sülh sazişinin imzalanması prosesində Qərbi kənarda saxlasın. Bunu bacarmırsa, ən azından neytrallaşdırsın və hansısa plan Moskvanın ssenarisi əsasında həyata keçirilsin. Rusiya belə fikirləşir ki, hansısa sənəd imzalansa belə, onun burada mövcudluğu qalsın.

Qərb başa düşür ki, Rusiya zəifləyib, Ukraynada müharibə bataqlığındadır, itkilər verir. Amma Kreml hər dəfə sübut etmək istəyir ki, müharibə aparsa da, Cənubi Qafqazda təsir gücü qalmaqdadır. Rusiya istəyir ki, sülh sazişi imzalansa belə, bu sənəddə Moskvanın maraqları nəzərə alınsın. Yəqin ki, bu günkü danışıqlarda Rusiya tərəflərə maraqlarını xatırladacaq.  

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş