“Cəhənnəm adası”na səyahət və ya niyə bu romanı filmə çevirməyək ki?

Xəbərlər

27.08.2021 - 13:55

Kitabdakı baş verən bəzi hadisələrin bu günümüzlə çox dəqiq şəkildə əlaqəsi var

 

Ömrümdə heç bir kitaba resenziya filan yazmamışam. Elə bu kitaba da yazmaq fikrim yoxdur. Kitabın müəllifini – AzTV-nin əməkdaşı, “Jurnalist araşdırması” verilişi ilə insanları arada bu kanala da baxmağa vadar edən Yunis Orucovu çoxdan tanısam da, bunun da mətləbə dəxli yoxdur. Sadəcə, “Nargin. Saralmış Kədər” əsərini oxuyandan sonra düşüncələrimi yazıram. Bilmirəm, özüm də ixtisasca tarixçi olmağımdandı, ya bu mövzu ilə maraqlanmağımdan, amma Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi əsasında nəfis tərtibat və keyfiyyətlə çap edilən 235 səhifəlik bu tarixi romanı bir qutu siqaretin yoldaşlığı ilə demək olar ki, bir günə oxudum. Rahat və oxunaqlıdı Yunisin dili.

 

Əsərin qəhrəmanlarının dialoqları o qədər canlı alınıb ki, sanki oxucunun özü də həmin hadisələrin istər istəməz iştirkaçısına çevrilir və müəyyən anda adam söhbətə qoşulmaq istəyir. Əsirlərin dialoqu, Nargin adasının rus komendantının əsirləri yoxlamağa gələnlərlə söhbəti, Nərimanov-Rəsulzadə arasında fikir və mövqe savaşı zamanı mən də sanki o dövrün adamı olur, elə hey ortaya girib, nəsə demək istədiyimi gözümün qarşısına gətirirdim. Elə müəllif Nargin adasına səyahətini də necə canlı qələmə alıbsa, sanki oxucu da o qorxunc adada Yunislə birgə gəzir, ayaq altında olan insan sümüklərini və qan qoxulu torpağı real olaraq, hiss edir. 

 

Kitabda Birinci Cahan savaşı zamanına təsadüf edən hadisələrin bu günkü günümüzdə baş verənlərlə oxşar cəhətləri çoxdur. Onlardan biri də sanki Şuşanın azad edilmə metodikasının oxşarının o zaman Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi zamanı sınaqdan keçirilməsidir.

 

Müəllif yazır: “...Tapşırığı uğurla yerinə yetirən alaylar erməni, rus və ingilislərin birinci müdafiə xəttini səssizcə yardı. Qurd Qapısı təpələri istiqamətində hücuma keçməyə hazırlaşan düşmən birrləşmələri güclü top atəşinə tutuldu. Təsəvvür edin, Qurd Qapısı istiqamətində adi şəkildə yuxarı dırmanmaq çox çətindir. Amma Qafqaz İslam Ordusu qarşısında belə bir vəzifə qoyulmuşdu ki, bütün şəxsi heyət ağır texnika, silah-sursat, mərmilərlə, toplarla dırmanmalı və Qord Qapısı istiqamətində mövqe quran erməni, ingilis qüvvələrinin səngərlərini ələ keçirməli idi.. Bakıya doğru yürüş bundan sonra başlamalı idi...”

TV aparıcısı, Əməkdar jurnalist Yunis Orucov "Kuluar"da - YouTube

O zaman Qafqaz islam Ordusunun əsgərləri, 2020-ci ildə isə Azərbaycan ordusunun əsgərləri çətin hündürlüklərə canları, qanları bahasına dırmanaraq, hərəsi öz Şuşasını azad etdilər.

 

Fikrimcə, kitabdakı baş verən bəzi hadisələrin bu günümüzlə çox dəqiq şəkildə əlaqəsi var. Tarix təkrar olunur deyirlər. O zaman da Azərbaycan-Türkiyə qardaşlığına inanmayan, bəyənməyən, kölgə salmağa çalışan adamlar var idi, bu gün də. O zaman da bu qardaşlığın yalnız sözdə olduğunu deyənlər, uzağı millətçilik və ya din amili üzərində qurulduğunu iddia edənlər var idi, bu gün də. Amma, tarix gösdərdi ki, “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincmizidir” deyən böyük Atatürkün sözləri pafosdan uzaq, və fundamenti konkret qardaşlıq münasibəti ilə betonlanan Uca Türk millətinin təmsilçilərinin bir-birinə olan duyğuları həqiqi və səmimidir. 

 

Çox istərdim ki, bu kitabı Azərbaycan-Türkiyə qardaşlığına barmaq arası baxan, dövlətlərimiz arasında hər şeydə yalnız maddi marağın olduğunu önə çəkən aramızda olan “rus kafalı”, “ərəb kafalı” və “iran kafalı”lar da diqqətlə oxusun. Onsuz da, qeyd etdiyim kimi, roman o qədər oxunaqlı dildə yazılıb ki, heç tarixlə maraqlanmayanlar belə, çox rahatlıqla həzm edə bilərlər. Amma, çətin ki, oxuyalar.

 

Məncə, həm Nargin adasının Azərbaycan tarixində bir əsr ərzində dəfələrlə hansı qanlı səhifələrə şahidlik etdiyini bilmək, həm də Azərbaycan-Türkiyə qardaşlığını imkanları düşən kimi sərsəm “faktlar”la kölgə altına salanlara görk etmək üçün bu romanın əsasında yaxşı bir bədii film və ya serial da çəkmək olar. Bu yazım ilə dövlətdən film çəkilişləri üçün alınan vəsaitləri qəhrəmanları “ailəsini aldadan ərlər”, “ərini aldadan arvadlar”, “narkotikaya qurşanan gənclər”, “barlara düşən qızlar”, “gəlinlərini sevməyən qayınanalar” olan serialların çəkilməsinə sərf edən telekanal rəhbərlərinə, rejissorlara, sənət adamlarına müraciət etmək istəyirəm: bu roman demək olar ki, hazır ssenaridir. Millətimizin necə bir millət olduğunu, hansı mənəvi dəyərlərə söykəndiyini, dar gündə dosta-qardaşa münasibətini göstərən, gələcəyimiz üçün təbliğ edən bir gözəl film çəkmək olar. Özümüzkülər çəkməsə, Allaha çox şükür ki, dövlətimizin belə bir film çəkməsi üçün Hollivuddan, Avropadan da olmasa, Türkiyədən professional rejissor və aktyorlar dəvət etmək imkanı var. Və bu film çəkilişi zamanı xüsusi olaraq, patriotik notlara filana da güc verməyə ehtiyac qalmır. Ötən əsrin əvvəllərində bizi geridə qalmış adlandıranların dediklərinin əksinə olaraq, cəmiyyətimizin nümayəndəsi olan zərif, lakin nə qədər böyük qəlbə, mədəniyyətə və cəsarətə malik olan bir xanım - Sona xanımın həyat hekayəsi kimi də başlamaq olar bu filmi. Niyə də yox!

 

Mətin Yaşaroğlu

Müəllif: Ayna.az