1993-cü ilin bu günü Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib
Bu gün Azərbaycanda Qurtuluş Günü qeyd olunur. AYNA xəbər verir ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət böhranı və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.