“Bu, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir” - <font color=red> PREZİDENT</font>

Siyasət

07.09.2020 - 17:35

İlham Əliyev: “Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib.

 

AYNA xəbər verir ki, Prezident İlham Əliyev bildirib ki, son bir neçə il ərzində Prezident Ruhani ilə 10-dan çox görüşü olub: “Bu görüşlər əsnasında müzakirə olunan bir çox məsələlər və qəbul edilmiş qərarlar ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmışdır. Bir çox sənədlər imzalandı, bu sənədlər demək olar ki, bütün sahələri əhatə edir”.

 

“Biz həmişə beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizin mövqeyini dəstəkləyirik. Biz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) – bu təşkilatlar çərçivəsində həmişə həmrəylik göstəririk. Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmişdir və açıqlamalar vermişdir. İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir”.

 

“Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”.

 

“Azərbaycan İslam həmrəliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır. Bizim ölkələrimiz, eyni zamanda, xarici siyasət istiqamətində üçtərəfli əməkdaşlıq formatlarında da fəal iştirak edir. Artıq neçə ildir ki, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlıq formatı mövcuddur və bu format çox səmərəlidir. Qonşu ölkələr arasındakı əlaqələr və bu əlaqələrin inkişafı bölgədə sabitliyin, sülhün təminatçısıdır. Xəzər dənizinin hüquqi statusunun, nəhayət, öz həllini tapması bütün Xəzəryanı ölkələrin niyyətini göstərir, bizim siyasətimizi göstərir və bu ölkələr arasındakı dostluğu göstərir”, - deyə ölkə başçısı vurğulayıb.

Müəllif: Ayna.az