Bu Avropa ölkəsində karantin qaydaları sərtləşdirilir

Dünya

22.10.2021 - 17:36

Qapalı məkanlara daxil olmaq istəyənlərdən vaksin sertifikatı tələb olunacaq

Serbiyada karantin rejiminin qaydaları sərtləşdirilir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Serbiya hökuməti qərar qəbul edib.

Qərara əsasən, oktyabrın 23-dən başlayaraq gecə saatlarında kafe, otel və restoran kimi qapalı məkanlara daxil olmaq istəyənlərdən vaksin sertifikatı tələb olunacaq.

Serbiyanın Baş naziri Ana Brnabiç ölkədə epidemioloji vəziyyətin hələ də ağır olduğunu və bunun müsbətə doğru getmədiyini bildirib. Baş nazir deyib ki, oktyabrın 23-dən etibarən saat 22:00-dan sonra ölkədəki kafe, otel və restoranlara daxil olmaq istəyənlərdən vaksin sertifikatı, mənfi PCR testi və ya COVID-19 xəstəliyini keçirdiyini təsdiq edən sənəd tələb ediləcək.

Əcnəbilərdən isə Avropa İttifaqının COVID-19 sertifikatı və ya Serbiyanın ikitərəfli razılaşması olduğu ölkələr tərəfindən verilmiş oxşar sənədlər tələb olunacaq.

Müəllif: Ayna.az