Brüsseldəki sülh cəhdlərinə Moskva əngəli: “Rusiya münaqişənin yeni mərhələsini təşviq edir”

Siyasət

17.07.2023 - 17:50

Həkimlər Klinikalar SEO Xidməti

İqbal Ağazadə: “Sülh sazişinin tezliklə imzalanmasını əngəlləyən çoxlu faktorlar var ki, bunları nəzərdən qaçırmamalıyıq”

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə növbəti görüş baş tutub. Sayca 6-cı olan danışıqların Brüssel raundundan sonra Mişel mətbuata açıqlama verib. Mişel qeyd edib ki, görüşdə hər iki ölkənin –Ermənistanın 29,8 min kvadrat kilometr və Azərbaycanın 86,6 min kvadrat kilometr olmaqla ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə edilib.

O, müzakirə olunan məsələləri açıqlayarkən bildirib ki, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib.

Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə mövzusu olub. Eyni zamanda, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə edilib.

Yeri gəlmişkən, Brüssel görüşü keçirildiyi zaman Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın əleyhinə bəyanat səsləndirib. Bəyanatda Ermənistana və Qarabağdakı erməni separatçılarına da mesaj verilib. Bəyanatda vurğulanıb ki, Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsi şərtlərini kəskin olaraq dəyişdirib: “Biz Ermənistan rəhbərliyinin suveren qərarına hörmətlə yanaşırıq, amma bu, Rusiya, Azərbaycan, Ermənistan rəhbərlərinin 9 noyabr (10 noyabr – red.) 2020-ci il Üçtərəfli Birgə Bəyanatının imzalandığı zaman baza şərtlərini, o cümlədən bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi şərtini kəskin olaraq dəyişib”.

"Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla 10 noyabr üçtərəfli bəyanatın fundamental şərtlərini kökündən dəyişdi", - deyə bəyanatda bildirilib.

Qərb platformasında danışıqların getdiyi zaman şimal qonşumuzdan belə bir mesajın verilməsi Rusiyanın Cənubi Qafqazda sülhdə yox, gərginliyin qalmasında, separatçılığın möhkəmləndirilməsində və erməni revanşistlərinin, separatçılarının qızışdırılmasında maraqlı olduğunu göstərir.

Brüssel görüşü və Rusiyanın proseslərlə bağlı mövqeyi barədə AYNA-nın suallarını Ümid Partiyasının sədri İqbal Ağazadə cavablandırıb:

- Brüsseldə keçirilən danışıqları necə qiymətləndirirsiniz?

- Liderlərin Brüsseldə keçirilən sayca 6-cə görüşü Ermənistan-Azərbaycan arasında sülhün bərqərar olması, Cənubi Qafqazda sabitliyin yaradılması istiqamətində yeni mərhələdir. Bu mərhələni Rusiyasız mərhələ adlandırmaq daha düzgün olardı. Çünki Rusiyasız mərhələdə beynəlxalq hüququn normaları prinsipial şəkildə ortaya qoyulub. Brüsseldə beynəlxalq hüququn normalarına əməl olunması istiqamətində əsas məsələ kimi Azərbaycanın ərazi bütövlüyünün tanınması və Azərbaycanın Ermənistanla sərhədlərinin delimitasiya və demarkasiyası ciddi şəkildə gündəmə gətirilir. Eyni zamanda, Bakının tələbləri müzakirəyə çıxarılır. Bunlar onun göstəricisidir ki, gec də olsa, 30 ildən sonra nəhayət, dünya beynəlxalq hüquq çərçivəsində bir konfliktin həllinə cəhd göstərir.

- Bu cəhdlər səmərə verəcəkmi?

- Qərbin cəhdlərinin nə dərəcədə uğurla nəticələnəcəyini söyləmək hələ ki, tezdir. Çünki məsələlər təkcə Azərbaycandan asılı deyil. Ermənistan faktoru var ki, hələlik Ermənistan sülhün imzalanmasında ləngiməyə üstünlük verir. Daxildəki vəziyyət və Paşinyanın revanşist erməni müxalifəti ilə, xalqla dil tapması hazırda çətindir. Digər tərəfdən, Moskvanın İrəvana çoxlu təzyiqləri var. Brüsseldə danışıqlar getdiyi zaman Moskvadan Azərbaycan əleyhinə, həm də Ermənistana xəbərdarlıq xarakterli bəyanatının şahidi olduq. Bu bəyanat həm də konfliktin qızışdırılmasına hesablanıb. Bununla Rusiya Cənubi Qafqazda sülhün qarşısını almaq niyyətini açıq şəkildə ortaya qoyur. Bu baxımdan, hesab edirəm ki, Brüsseldə keçiriləcək növbəti raundlar da asan olmayacaq. Sülh sazişinin tezliklə imzalanmasını əngəlləyən çoxlu faktorlar var ki, bunları nəzərdən qaçırmamalıyıq. Bütün hallarda isə Brüssel formatı Azərbaycanın maraqlarına uyğundur.

- Rusiya XİN-in bəyanatına toxundunuz, sizcə, bununla Moskva Baskı və İrəvana hansı mesajı verir?

- Əlbəttə, Moskvadan verilən bəyanat heç də təsadüfi deyil. Rusiya hər zaman bu mövqedə olub. Ermənistan-Azərbaycan münaqişəsi həll olunsa, tərəflər dil tapsa, ən azı yaxın qonşuluq şəraitində dinc yaşamağı seçsə, Rusiya Cənubi Qafqazdan getməli olacaq. Xüsusilə, bu halda Rusiya Ermənistandan çıxacaq. Azərbaycandan Rusiyanın çıxacağı təbiidir, çünki sülhməramlı qüvvələri Qarabağda müvəqqətidir. Rusiya isə bölgədən çıxmaq niyyətində deyil.

Belə bəyanatlarla Moskva İrəvana, o cümlədən, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə təhrikedici və qızışdırıcı mesaj verir. Bununla Rusiya münaqişənin yeni mərhələsini təşviq etməkdədir. Bu gün 1988-ci ilin proseslərinə oxşar proseslər gedir. Qarabağdakı ermənilər sanki 1988-ci ildə qaldıqları yerdən başlayırlar. O dövrdə də Rusiyanın qızışdırıcı mövqeyi vardı, indi də qızışdırıcılıqla məşğuldurlar. Amma indi dövr 1988-ci ildəki dövr deyil. Azərbaycan diplomatiyası bu gün ölkənin haqq işini beynəlxalq təşkilatlar qarşısında, dövlətlər qarşısında cəsarətlə qaldırır. Vətən müharibəsindən sonra Azərbaycan diplomatiyası hansı addımları ata biləcəyini bütün dünyaya çatdıra bilib. Bu gün masada Azərbaycan özünü sülhün tərəfdarı kimi təsdiq edir və yaxın qonşuluq, dinc yaşama prinsiplərini Ermənistandan da, vasitəçilərdən də əvvəl ortaya qoyur. Ona görə də, Rusiyanın cəhdlərinin baş tutacağı inandırıcı görünmür.

- Qərb sülhün əldə olunmasında nə dərəcədə maraqlıdır?

- Azərbaycan müttəfiqliklərində, prinsiplərində sadiq və ardıcıl olduğuna görə ayrı-ayrı beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın mövqeyinin haqlı olduğunu qəbul edib. Beynəlxalq güclər artıq fərqli mövqe ortaya qoymayacaqlar, əvvəlki siyasətdən fərqli siyasət yürüdəcəklər. ATƏT-in Minsk Qrupu kimi konflikti donmuş vəziyyətdə saxlama mövqeyi yox, problemin həlli mövqeyini ortaya qoyacaqlar. Hər kəs anlayır ki, problemi konservləşdirmə əslində Cənubi Qafqaz ayrı-ayrı beynəlxalq birliklərin, demokratik dünyadan uzaqda qalır. Sonrakı mərhələlərdə problem  Rusiyanın maraqlarına xidmət edən konfliktə, separatçılığa çevrilir. Bu gün dünyanı narahat edən Rusiyanın postsovet məkanında apardığı aqressiv siyasətdir. Ukrayna müharibəsindən sonra Qərb dünyası qəbul edir ki, bu aqressivliyin nəticəsi sonrakı mərhələdə daha ağır olur. Qərb 2014-cü ildə Krımın ilhaqına, Donetsk və Luqanskın işğalına fərqli münasibət bəsləmiş olsaydı, bəlkə də 2022-ci ildə Rusiya Ukraynaya hücum etməzdi, müharibə başlamazdı. Qərb anlayır ki, Rusiyanın savaşa girmək  imkanlarının böyük əksəriyyəti məhz separatçılıq əməlləri ilə bağlıdır. Ona görə də Qərb Cənubi Qafqazda separatçılığın aradan qaldırılmasına çalışmalıdır. Bunun yolu isə Ermənistanla Azərbaycan arasındakı sülh, regionda sabitliyin yaranmasından keçir.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş