Qərar İsrailin bölgədə hərbi əməliyyatları bərpa etməsi, həmçinin BMT əməkdaşının ölümü fonunda qəbul edilib
BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında əməkdaşlarının sayının azaldılması barədə göstəriş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Qərar İsrailin bölgədə hərbi əməliyyatları bərpa etməsi, həmçinin BMT əməkdaşının ölümü fonunda qəbul edilib.
"Baş katib humanitar ehtiyacların kəskin şəkildə artmasına və mülki şəxslərin müdafiəsi ilə bağlı narahatlıqlarımızın artmasına baxmayaraq, təşkilatın Qəzzadakı əməkdaşlarının sayını azaltmaq üçün çətin qərar qəbul edib", - təşkilatdan bildirilib.
BMT-nin Mətbuat Xidmətindən əlavə edilib ki, BMT Qəzzanı tamamilə tərk etmir və təşkilat bölgə sakinlərinə kömək etməyə davam edəcək.
Qeyd edək ki, BMT-nin Bolqarıstandan olan əməkdaşı martın 19-da ölüb, daha 6 əməkdaş yaralanıb. BMT-nin məlumatına görə, İsrail tankı təşkilatın Deyr əl-Bələh şəhərindəki qonaq evini atəşə tutub. BMT İsrailin hərəkətlərini pisləyib, hadisənin araşdırılmasını tələb edib və tərəfləri atəşi dayandırmağa çağırıb.
İsrail Müdafiə Nazirliyi BMT-nin ittihamlarını rədd edir. İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Oren Marmorşteyn “X” sosial şəbəkə hesabında yazıb ki, İsrail tərəfi də bolqarıstanlı əməkdaşın ölümünü araşdırır. Bildirib ki, ilkin araşdırmaya görə, “onun ölümünün İsrail ordusunun addımları ilə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, İsrail atəşkəs razılaşmasının birinci mərhələsinin başlamasından iki ay sonra, martın 18-də Qəzzaya zərbələri bərpa edib. Martın 19-da İsrail ordusu Qəzza zolağının mərkəzi və cənubunda quru əməliyyatlarına başlayıb.