Biz hələ də təhlükənin fərqində deyilik: Fövqəladə vəziyyət rejimini labüd etməyək!

Cəmiyyət

26.03.2020 - 17:41

Cəmiyyətdə ciddi səhlənkarlıq yaşanır, əksər insanlar heç nə olmamış kimi gündəlik rejimlərinə davam edirlər

 

Azərbaycan karantin rejimi davam edir. Bəs, vətəndaşlar bu karantin rejiminə nə dərəcədə əməl edirlər. AYNA məsələ ilə əlaqədar sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Nəticəni təqdim edirik:

 

İlkin Muradov: “Naxçıvanda olan dostumla danışıram. Deyir ki, marketlərdə müştərilərin məhsullara əl vurmasına icazə verilmir. Sən göstərirsən, satıcı verir. Əgər belədirsə, bu, çox yaxşıdır. Hər yerdə belə olmalıdır. Marketdə baxırsan ki, xala makaron götürür. Başa düşmürəm ki, nə seçir? İlk 3-4 “paçka”nı götürüb kənara qoyur, 5-cini seçir. Görəsən, çəkidə fərqi var?”

 

Azər Mehtiyev: “Müşahidəmə əsasən, insanlarımızın əksəriyyəti hələ də durumun ciddiliyini anlamır. Yasamalda (“İnşaatçılar” metrostansiyasının ətrafı və həmin küçə boyu) karantin elan edildiyi hiss olunmur. Yaşlı, cavan, uşaq hər kəs öz işindədir. Çox az insan tibbi maskadan istifadə edir. ATS-in qarşısında növbədə duranlar topa halında yığılıb, heç bir məsafə gözləmirlər. 65 yaş və yuxarı yaşlılara hər addımda rast gəlmək olur. Hətta tikintilərdə belə, iş gedir. Vətəndaş məsuliyyətinin olmaması bir dərddirsə, institutsional məsuliyyətin (qəbul edilən qərarların icrasına məsulluq) yoxluğu daha böyük problemdir. Tibbi maskanın tapılması isə hələ də problem olaraq qalır. 15-dək aptek gəzdim, spirt və əlcək tapdım, maska isə yoxdur”.

 

Lalə Nəzərova: “Karantinə hüquq-mühafizə orqanları tərəfindən nəzarət var, hətta onların əziyyətini danmaq olmaz. Özüm həkiməm, bayram günü Bakıya ailəmin yanına gəlmişdim. Bu səhər Bakı qeydiyyatında olsam da, rayonlardan birindəki xəstəxanaya, işimə, növbəmə qayıtmalı idim. Bakıya giriş postunda polislər sənədlərimi yoxladı və mənim şəhərdən çıxmağıma qadağa olduğunu xatırlatdılar. Düzü, bu qaydanın həkimlərə aid olmadığını düşünürdüm, vəzifə borcum üçün rayona getməliydim. Amma bütün riskləri gözə alan polis əməkdaşları Bakıdan çıxmağıma izn vermədilər. Hər halda hökümətin tətbiq etdiyi qayda var”.

 

Səbuhi Tanrıverdi: “Fövqəladə vəziyyət elan edilməsə, düzəlməyəcək”.

 

Vüsalə Rüstəmova: “Bizim məhəllədə uşaqların oynaması üçün balaca meydança var. Orda axşamlar “bomj”lar yatır. Hamı əlinə gələn yeməyi, paltarı verir. Bu insanlar nəzarətdən kənarda qalıblar. Ən qorxulusu odur ki, onların yatdıqları, yemək yedikləri yerdə neçə gündür topa-topa uşaqlar yığışıb oynayırlar”.

 

Cəlal Əliyev: “İnsanları inandıracaq, etibarlı şəxslərin TV və radiolarla davamlı müraciətlərinə ehtiyac var”.

 

Vəfa Sultanzadə: ““Evdə qal” çağırışına sadiqəm. Məcbur olmayınca çölə çıxmıram. Bircə oğlumla görüşə bilmirəm. O da məcburiyyətdən. Oğlum hərbi xidmətdədir”.

 

Afət Yaqubova: “Yaşadığım məhəllədəki çəkməçiyə dedim ki:

- Usta, bu ağsaqqallara denən, buraya yığışmasınlar, evə getsinlər.

- Bacı, bizim yuxarısı 55 yaşımız var (ağsaqqallardan biri cavab verdi – A.Y.)

- Dayı, kimə gəlirsən?! Oğlunla bir sinifdə oxumuşam e!

Qayıdanda gördüm ki, 10-a yaxın ağsaqqal yığışıb, domino çırpır”.

 

Könül Aypara: “Karantin vəziyyətə normal əməl edilir. Hər şey cəmiyyətdən asılıdr. Dövlət üzərinə düşən göstərişləri verir. “Evdə qalın”a riayət olunmalıdır. O ki qaldı 65+ yaşlı insanlara, bir az əvvəl TV-lərdən birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun çıxışını dinlədim. Səhv etmirəmsə, 10 min nəfərdən çox yaşlı vətəndaşa sosial yardım edilir Nazirlik tərəfindən. İstədim, deyəm ki, nənəmin 90 yaşı var, bəs ona niyə yardım göstərilmir? Elə təsadüfdən bu zaman Fazil müəllim dedi ki, bəs, tənha yaşlılara aiddir. Qohum-əqrəbası, doğmaları olanlara aid deyil. Canımız sağ olsun, yaşlılarımızı, böyüklərimizi özümüz qoruya bilək. Allah dünyamızın köməyi olsun!”.

 

Elvin Səlimov: “Mingəçevirdə insanlar karantinə əməl etmirlər. Beş gündür zərurət olmadıqca küçəyə çıxmıram. Ötən gün mağazaya getdim. İnsanlar küçələrdə sərbəst hərəkət edirlər. Valideynlər uşaqlarına məhdudiyyət qoymurlar. Bəzi yaşlılar qadağaya riayət etmirlər. Hələ də ciddi yanaşmırlar”.

 

Sevinc Zəhra: “Bizim yardım qrupumuz həm yaşlı insanları, həm ailə başçısı olmayanları evdən çıxmağa qoymur. Bir-birimizə xəbər veririk, ərzağa, nəyəsə ehtiyacı olana alıb aparırıq”.

 

Nurlan Qələndərli: “Fərdi öhdəliyimizi və ictimai məsuliyyətimizi unutmamalı, hökumətin müvafiq tədbirlərinə dəstək verməklə sosial immunitetin güclənməsinə öz töhfəmizi verməliyik. Aidiyyəti qurumların tövsiyələrinə uyğun davranır, “Evdə qal” kampaniyasına sözlü və əməli dəstəyimi göstərirəm. Bu ərəfədə hər birimiz təmasdan mümkün qədər uzaq durmalı, şəxsi gigiyena qaydalarına əməl etməliyik. Bu, nəticə etbarilə, həlledici və xilasedici amildir”.

 

Nailə Mirzəzadə: “Bu gün yaşlı bir nənənin “Qara Qarayev” metrosu yaxınlığında yol süpürdüyünü, sonra da oturub uzun-uzun fikirləşdiyini gördüm. Yaşı 65-dən yuxarı görünürdü, heç bir qoruyucusu yox idi. Bəs dövlət hara baxır? Deməli, məcburiyyət var deyə işləyir də”.

 

İbrahim Kamiloğlu: “Yaşlı insanlar, xüsusilə də yaşlı kişilər rejimə və qadağaya əməl etmirlər. Səhər işə gələndə nə qədər yaşlı insanla rastlaşdım. Deyəsən, qadağanı səhv anlayıblar”.

 

Aygün Fərəcova Köse: “Bizim yaşadığımız qəsəbənin (Türkiyə, İzmir - red.) gəncləri öz sosial şəbəkə qruplarını yaradıblar. Ehtiyacı olan yaşlılara kömək edirlər, kimin nəyəsə ehtiyacı varsa, dərhal xəbər tutub alıb verirlər. Özümüz də evdəyik, həyət evindədyik. Bəzi insanlar kimi evin içində bütün günü xlorlanıb spirtlənmirik, normal həyatımızı yaşayırıq. Marketdən lazım olan məhsulları onlayn sifarişlə alırıq. Çörəyi özüm bişirirəm artıq”.

 

Əhməd Rəhmanov: “Keşlədə oluram. Hələ ki, nə dərman səpənləri, nə də yaşlı insanların qapısını döyüb, sağ olduqlarını öyrənən var. Duzu, mənə elə gəlir ki, onların adını heç bilən yoxdur. Özüm, yoldaşım və 2 uşağımız evdəyik. Yoldaşım həkimdir deyə, bir gün evdə, bir gün işdədir. Ayın 29-da mən də işə çıxmalıyam. Fikir götürüb ki, uşaqlara kim baxacaq”.

Müəllif: Raminə Eyvazqızı