Allaha da xoş gedəcək, bəndəyə də - <font color=red> DOST SÖZÜNÜ TUTARSA...</font>

Cəmiyyət

24.07.2019 - 16:00

“Uşaqlar ailə mühitində, sosial işçilərin diqqətində böyüyərək, cəmiyyət üçün daha faydalı ola biləcəklər"

 

Uzun illərdir Azərbaycanda övladlığa uşaq götürmək böyük problem idi. Bunun üçün ailə çox sayda sənədlər toplamalı olurdu. Bəzən tələb olunan sənədlər toplanaraq təqdim ediləndən sonra belə, ailəyə uşaq verilmirdi, müxtəlif səbəblər, bəhanələr gətirilirdi.  

 

Nəhayət, bu problemin də həllinə başlanılır. Belə ki, bundan sonra övladlığagötürmə üzrə xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST)  həvalə olundu. Yəni Prezident İlham Əliyevin 19 iyul 2019-cu il tarixli fərmanı ilə DOST Agentliyinin Nizamnaməsinə övladlığagötürmə sahəsində bu Nizamnamə ilə müəyyən edilən vəzifələrin icrasını təmin etmək tapşırıldı.

 

AYNA-nın əməkdaşı övladlığagötürmənin DOST-a həvalə olunmasının cəmiyyətə nə kimi xeyir verəcəyini öyrənməyə çalışıb.

 

"Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayevanın sözlərinə görə, indiyədək övladlığagötürmə ilə bağlı tələblər çox ağır idi: “Azərbaycanda valideyn olmaqdan məhrum olan xeyli sayda insan var. Eyni zamanda, elə insanlar var ki, uşaqları çox sevir, kimsəsiz uşaqları himayəsinə götürmək, onların ailədə, normal şərtlər altında böyüməsini təmin etmək istəyirlər. İndiyədək mövcud olan prosedurlar çox ağır olduğundan, bəzən insanlar övladlığa uşaq götürmək fikrindən vaz keçirdilər. Nəticədə nə qədər azyaşlı uşaq evlərində, o qədər də yaxşı olmayan şərtlər altında böyüyürdü”.

Похожее изображение

“Ölkədə cinayətkarlığın statistikasına baxanda aydın görünür ki, valideyn himayəsindən məhrum olan, normal ailələrdə tərbiyə almayan uşaqlar böyüyəndən sonra həyatın dibinə yuvarlanır, potensial cinayətkara çevrilir, insan alverinin qurbanı olurlar. Amma indi bu qaydaların təkmilləşdirilməsi, asanlaşdırılması və onun icrasının DOST-a həvalə edilməsi, övladlığagötürmənin daha əlçatan olmasına imkan verəcək”, - deyə Ü.Abdullayeva bildirib.

 

O, qeyd edib ki, bu islahatlar beynəlxalq praktikada sınaqdan çıxmış şərtlərə uyğun aparılsa, Prezidentin müvafiq fərmanında əksini tapan məsələlər reallaşdırılsa, uşaqlar normal ailələrdə tərbiyə olunacaqlar: “Və cəmiyyət üçün faydalı insanlara çevriləcəklər. Odur ki, bu islahatlar son dərəcə vacib və cəmiyyətimiz üçün olduqca gərəklidir”.

 

Sosioloq Əhməd Mansurov da düşünür ki, övladlığagötürülmə qaydalarının asanlaşdırılması uşaq müdafiəsi sahəsində son dövrlər atılmış mütərəqqi addımlardan biridir: “Bu günə kimi həmin sahədə olduqca böyük problemlər var idi. Misal kimi çox sayda sənədin tələb edilməsini göstərmək olar. Həmin sənədləri toplamaq uzun zaman aparırdı, uşağı götürəcək ailənin şəraitini yoxlayırdılar. Eyni zamanda, valideynlərin qiymətləndirilməsinin aparılmasında psixoloq və sosial işçilərin olmaması bu sahədə böyük boşluq idi. Amma yeni qaydalara görə, artıq DOST mərkəzlərinin kvafilikasiyalı sosial işçi agentləri tərəfindən ailələrin qiymətləndirilməsi, mövcud situasiyanın analizi aparılacaq. Həm də ailələrə bu prosesdə dəstək göstəriləcək”.

 

Sosioloq vurğulayıb ki, övladlığagötürülmə zamanı sosial işçinin üzərinə böyük məsuliyyət düşür: “Çünki  sosial işçilər bu prosesdə əsas aparıcı rol oynayırlar. Onu da bildirim ki, ailələrin və fərdlərin təfsilatlı qiymətləndirilməsi yalnız sosial işçilər tərəfindən həyata keçirilə bilər. Sosial işçilər, həmçinin övladlığa verilən uşaqların ailədəki vəziyyəti ilə bağlı nəzarət, səfərlər həyata keçirməkdə yaranacaq riskləri qarşılaya biləcəklər”.

Картинки по запросу əhməd mansurov

Ə.Mansurovun fikrincə, övladlığagötürmənin sadələşdirilməsinin ən böyük xeyri uşaqlara olacaq: “Çünki bu proses sadələşdirildikcə tərk edilmiş, himayədən məhrum olan uşaqlar uşaq evləri, internat məktəblərinə deyil, ailələrə yerləşdiriləcəklər. Bu da onların normal inkişafına böyük dəstək olacaq. Ailələrdə usaqların sayı artacaq, internat məktəblərindəki uşaqların sayı isə azalacaq”.

 

“Uşaqlar ailə mühitində, sosial işçilərin diqqətində böyüyərək cəmiyyət üçün daha faydalı ola biləcəklər. Nəticədə qayğı xidmətləri, sosial bərpa daha effektiv fəaliyyət göstərəndən sonra internat məktəbləri bəzi ölkələrdə olduğu kimi bizdə də ləğv olunacaq”, - deyə ekspert vurğulayıb.

Müəllif: Təranə Xudabaxşiyeva