İrakli Qaribaşvili: "Saakaşvilinin siyasəti gürcü xalqına, dövlətinə, kilsəsinə qarşı birbaşa mübarizədir”
“Mixail Saakaşvili və onun "mafiya dəstəsi" ölkə sakinlərinə qarşı məlumat və “psixoloji savaş" aparır”. AYNA "Sputnik Gürcüstan"a istinadən bildirir ki, bu bəyanatla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edib.
Onun sözlərinə görə, keçmiş Prezident bütün vədlərə baxmayaraq vətəninə qayıtmaq fikrində deyil: “Qaçaq siyasətçinin ölkəyə gəlmək cəsarəti çatarsa, polis onu hava limanında dərhal həbs edəcək. Xalqımız 9 ildir ki, ardıcıl olaraq Saakaşvilinin telekanallardan ötürdüyü iyrənc savaşa dözür".
Baş nazir Saakaşvilinin tərəfdarlarını vətən xainləri və Gürcüstanın düşmənləri adlandırıb: “Onlar 2 oktyabrda keçiriləcək yerli seçkilərdə layiqli cavab alacaqlar. Biz hakim “Gürcü Arzusu” Partiyasının qələbəsinə tam arxayınıq”.
"Saakaşvilinin siyasəti gürcü xalqına, dövlətinə, kilsəsinə qarşı birbaşa mübarizədir və yenidən məğlub olacağı bir mübarizədir", - Baş nazir vurğulayıb.
Qeyd edək ki, sentyabrın 6-da Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili 8 illik mühacirətdən sonra ölkəyə qayıdacağını deyib. Siyasətçinin sözlərinə görə, o, Gürcüstana oktyabrın 2-də bələdiyyə orqanlarına seçkiləri müşahidə etmək üçün gələcək.
Saakaşvilinin bu bəyanatından sonra müxalifətdə olan Qanun və Ədalət Partiyasının sədri Tako Çarkviani sabiq Prezidentin ölkəyə qayıtmasına dəstək məqsədilə hərəkat yaradıb. Bildirilir ki, təxminən 40 min gürcü hərəkata daxil olacaq.