Bakıda bu il Formula 1 yarışı keçirilməyəcək

İdman

12.06.2020 - 13:38

COVID-19 pandemiyası səbəbindən Azərbaycan Qran Prisi 2020 ləğv olunub

 

“Böyük təəssüf hissi ilə bildiririk ki, COVID-19 pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur”. AYNA xəbər verir ki, bu sözlər Bakı Şəhər Halqası Şirkətinin açıqladığı məlumatda bildirilib.

 

Açıqlamada qeyd edilib ki, yarışın 2020-ci ildə baş tutması üçün hər fürsət araşdırılıb: “Bütün səylərimizə baxmayaraq, bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq. Bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı saytımızdan öyrənə bilərlər. Hər hansı bir sual yarandıqda komandamız sizə kömək etməyə hazırdır. Bizə email vasitəsilə və ya sosial media kanallarından yaza bilərsiniz”.

 

“2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq!”, - deyə şirkət qeyd edib.

Müəllif: Ayna.az