Azərbaycanlı dünya rekordçusu: “Məqsədim xəstələrə şəfa verməkdir”

Cəmiyyət

27.01.2020 - 22:00

Etibar Budaqlı Elçiyev: “Bədənimdə olan maqnit mənə mənfi təsir göstərmir”

 

Dünyanın bir çox ölkələrində xüsusi istedadı ilə seçilən həmvətənlərimiz yaşayır. Onlardan biri də, hazırda Türkiyədə yaşayan, “Ginnesin Rekordlar Kitabı”na adını yazdıran Etibar Budaqlı Elçiyevdir. Rekordçu AYNA-ya müsahibəsində maraqlı mətləblərə aydınlıq gətirib.

 

- Sizi dünyada maqnit adam” kimi tanıyırlar. Bu istedadı özünüzdə necə kəşf etdiniz?

 

- Mən Gürcüstan vətəndaşıyam. Özümdə olan bu qabiliyyəti 42 yaşında kəşf etmişəm. 2014-cü ildə özümdə bu istedadı kəşf etdim. Üzərimdə işlədim və həmin ilin 14 dekabrında ilk dəfə olaraq “maqnit adam” olaraq 50 qaşığı bədənimdə bir müddət saxlamaqla dünya rekordu vurdum. Yaxşı nəticə ilə “Ginnesin Rekordlar Kitabı”na düşdüm. Dünya rekordu vurmaqda məqsədim bədənimdə olan bioenerjimi dünyada tanıtmaq idi.

 

- Bu imkanınızdan necə istifadə edirsiniz?

 

- Mən həm də bioenerji ilə müalicə edən həkiməm. Hal-hazırda Türkiyədə şəxsi klinika açaraq fəaliyyət göstərirəm. 2014-cü ildən başlayaraq 21 dünya rekordu qırmışam. İtaliyada, Çində, Almaniyada və başqa ölkələrdə çıxışlarım olub. Çıxışlarım ilə insanları təəccübləndirməyi bacarıram.

 

- “Maqnit insan” olmanız həyat tərzinizə mane olmayıb?

 

- Əksinə. Bu xüsusiyyətim mənə müsbət təsir edib. Hətta “maqnit adam” olaraq insanlara enerjim ilə kömək oluram. Sadəcə bir çox insanlar kimi saatlarla yata bilmərəm. Daha çox hərəkətdə olmalıyam. Ona görə bədənimdə olan maqnit mənə mənfi təsir göstərmir. Oturaq həyata keçsəm, bəlkə də çox təsir edər.

 

- “Ginnesin Rekordlar Kitabı”na düşmək asandır?

 

- Əsla. Çox çətindir. İnsan bu kitaba düşərək dünyada məşhur ola bilir. Mənim bəxtim gətirdi. Amma mənim üçün ən əsas olan əlimdə olan qüvvə ilə xəstə insanlara şəfa verməkdir. Xüsusilə uşaqlara şəfa vermək mənim üçün hər şeydən daha çox önəmlidir

Təranə Xudabaxşiyeva