Azərbaycanda üç partiya YAP-a qoşulur

Xəbərlər

04.03.2021 - 16:37

Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var

 

Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib. AYNA-nın xəbərinə görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub.

 

Qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb.

 

Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

 

Bununla yanaşı, Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub. Bu barədə APA-ya partiyanın sədri Rafiq Turabxan məlumat verib. Onun sözlərinə görə, bu barədə dünən partiyanın video-konfrans formatında keçirilən qurultayında qəbul edilib.

 

Qeyd edək ki, Yurddaş Partiyası da YAP-a qoşulmaq qərarı verib. Daha bir neçə partiyanın da YAP-a birləşmək üçün müraciət etdiyi barədə məlumatlar var.

Müəllif: Ayna.az