Bölgənin 3500 illik keçmişinə səyahət: ilk ibadət yeri və ümumi yeməkxana
Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi ərazisində yerləşən “Tava təpə” abidəsinin tədqiqi öz nəticəsini verib. Tədqiqat işləri Azərbaycan və İtaliya arxeoloqları tərəfindən aparılıb.
AYNA xəbər verir ki, 3 il davam edən araşdırmalar nəticəsində son tunc - ilk dəmir dövrünə aid olan ibadətgah aşkar olunub. Arxeoloqların fikrincə, bu abidə öz unikallığına görə tək ölkəmizdə deyil, bütövlükdə Qafqazda ilk tapıntı hesab olunmalıdır.
Kür çayından 1,5 km aralıda yerləşən “Tava təpə” abidəsinin ərazisi Xocalı-Gədəbəy mədəniyyətinə məxsus tayfaların məskunlaşdığı yer olub. Burada yaşayışın 3500 il əvvələ dayandığı güman edilir.
Strateji əhəmiyyəti olan abidənin Kür çayına yaxın olması buraya insanların daha çox gəliş-gedişi üçün səbəblərdən biri olub. İtaliyalı arxeoloq, Kataniya Universitetinin professoru Nikola Lanerinin fikrincə, burada tapılan yeməkxana bütün Qafqaz üçün xidmət göstərib.
“Burada unikallığı ilə seçilən tikili həmin dövrün yeməkxanası kimi fəaliyyət göstərib. Yeməkxana ritual xarakterlidir. İnsanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər. Bura yeməkxana kimi bütün Qafqaz üçün xidmət edib. Müxtəlif yerlərdən buraya gələn insanlar qidalanıb, daha sonra da ritual həyata keçiriblər. Burada heyvan sümükləri də tapılıb. Hazırda antropotoloqlar və digər mütəxəssislərlə birgə araşdırma aparırıq”, - deyə mütəxəssis bildirib.
Tədqiqatlarda iştirak edən beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində İtaliyanın Kataniya Universitetindən başqa Florensiya şəhərində yerləşən elmi tədqiqat mərkəzindən də mütəxəssislər fəaliyyət göstərirlər.
Qazıntılar zamanı “Tava təpə”dən ərzaq və çörək istehsalı mərkəzi, quyular, böyük ərzaq ehtiyatlarının saxlanması, ocaq qurğuları, yüksək temperaturda bişmiş gil və torpaq hissələri, dən üyütmə üçün alətlər, çörəyin üzərinə xüsusi naxışlar vurmaq üçün gil möhürlər aşkar edilib.
Azərbaycan-İtaliya Beynəlxalq Arxeoloji Ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilov qeyd edib ki, tədqiqat zamanı ərazidə aşkar olunan saxsı qabların bərpası və restavrasiyası, onların qrafik təsviri həyata keçirilir: “Analiz üçün çoxsaylı nümunələr götürülüb və İtaliyadakı qabaqcıl laboratoriyalara göndərilib. Həmçinin ağac qalıqları, torpağın polinoloji analizləri aparılır”.








